Keçmiş siyasi məhbus Tofiq Yaqublu bir neçə gün qabaq Milli Şuranın Koordinasiya Mərkəzinin iclasına qatılıb. Tofiq bəyin KM üzvləri ilə görüşündən feysbukda fotolar paylaşılıb və “Yeni Müsavat” qəzeti qeyri-rəsmi atmosferdə keçən görüşdən çəkilən bu fotolar əsasında Milli Şuranın guya iflas etdiyi əsaslandırmaq üçün aşağılayıcı tonda bir yazı hazırlayıb. R.A imzası ilə dərc olunan yazıya Milli Şura sədri Cəmil Həsənli feysbuk səhifəsində sərt şəkildə cavab verib. Cəmil Həsənli yazıb:
– Bu günlərdə Milli Şuranın KM-də Tofiq bəylə çox maraqlı görüşümüz oldu. Tofiq şəxsiyyət kimi çox maraqlı, mərd və mübariz bir adamdır. İstiqlal hərəkatı başlayandan ön cəbhədədir. Son həbsi hüquqi və mənəvi baxımdan heç bir ölçüyə sığmırdı. Saxta cinayət işi, oyuncaq məhkəmə prosesi, ədalətsiz və cəfəng hökm onun təmkinini poza bilmədi. Mən bir dəfə də demişən Tofiqin və onun ailəsinin keçdiyi yol Azərbaycan istiqlal hərəkatının canlı nümunəsidir. Onun həyatı və mübarizəsi, bu müqəddəs mücadilədə verdiyi qurbanlar, ailəsinin çəkdiyi acılar, övladlarının demokratik yaşam tərzi üçün apardıqları milli dava müstəqillik uğrunda mübarizənin ədəbiyyatda təqdimatı, bədii obrazı ola biləcək qədər maraqlıdır.
Tofiq mübarizə adamıdır, əqidə adamıdır. Öz əqidəsini satmışlar, hakimiyyətin əlində müxalifəti ləkələmək üçün vasitəyə çevrilənlər, həbs yerindən birbaşa DİN-ə pənah aparanlar, keçmiş MTN-nin namuslu adamlara qarşı təşkil etdiyi şərləmə kampaniyasının ideoloji təminatçısı olanlar bütün vücudları ilə iflasa uğradıqları halda, özlərinin “Yeni Müsavat” adlı şər şəbəkəsində Tofiq Yaqublunun “iflas” fotosunu paylaşırlar. Fotonun təsviri “R.A.” imzası ilə təqdim edilir. Əməllərinin mükafatını alan bu bədbəxtlər adlarını belə çızmaqaralarının aşağısına qoya bilmirlər. Çünki anlayırlar ki, onların indi nə yazması, ölü və ya diri olmaları heç kimi maraqlandırmır. İctimai fikirdə çoxdan dəfn olunmuş bir ruzinamədə, qəzet yox, məhz ruzinamədə “R.A.” imzasını indi artıq çoxları “Rəzalətin Anatomiyası” kimi qəbul edir.