Hakimiyyət bu gün AXCP sədri Əli Kərimlinin evi qarşısında növbəti dəfə “etiraz aksiyası” təşkil edib. Bu dəfə evin qarşısına AXCP sədrinin ona qarşı hakimiyyətin əlində alətə çevrildiyi çoxdan bəlli olan əmisi oğlunu göndəriblər. “Aksiya” görüntüsünün yaranması üçün də ona yazıq görkəmli bir neçə nəfər qoşublar. Bu “aksiya”nın məqsədi AXCP sədrinə qarşı guya hətta öz qohumlarının da çıxdığı görüntüsünü yaratmaq olub.
Əldə olan məlumatlara görə, hakimiyyət Əli Kərimlinin yaxın ətrafına qarşı xüsusi planla işləyir. İki müavini, iki müşaviri və sədri olduğu partiyanın 10 funksioneri şərlənərək həbs edilmiş Əli Kərimlinin yaxın qohumları da hakimiyyətin hədəfindədir. Onlara hökumətin tərəfinə keçmək üçün pul və vəzifə təklif olunur, razışalmayanları isə hədələyirlər ki, Əli Kərimlinin qaynı Elnur Seyidov kimi uydurma ittihamlarla həbs edilə bilərlər. AXCP sədrinin yaxın qohumlarının əksəriyyəti bu təkliflərdən imtina etsə də, son “aksiya” nümayiş etdirdi ki, hökumət bu sahədə də müəyyən “nəticə” əldə edə bilib. AXCP sədrinin artıq bir neçə nəfər qohumu hökumət televiziyalarında ona qarşı çıxışlar etməyə, hətta evi qarşısındakı aksiyalarda iştirak etməyə razılaşıb. Hakimiyyət bu yolla hökumət televiziyalarından başqa informasiya mənbəyi olmayan sadə insanlara aşılamaq istəyir ki, AXCP sədrinin hətta yaxın qohumları da ona qarşı çıxır. Lakin hələlik hökumətin bu ssenarisində iştirak etməyə razılıq vermiş qohumlar az olduğu üçün hakimiyyət daha bir saxtakarlığa əl atıb. Əslində AXCP sədrinin qohumu olmayan bir neçə nəfər şəxsə kredit borclarının ödəniləcəyi vədi ilə bu rolu oynamaq təklif olunub. Onlar da özlərini AXCP sədrinin qohumu kimi təqdim edərək “aksiya”da iştirak ediblər.
Hakimiyyətin bu iyrənc addımına AXCP liderinin cavabı özünü çox gözlətməyib. O feysbuk səhifəsində bu iyrəncliyi təşkil edənlərə dərhal “tərs sillə” vurub:
– Mən heç zaman tayfamın təmsilçisi olmamışam, onların marağından çıxış etməmişəm. Hər zaman tayfaçılıq və yerliçiliyin fövqündə dayanmışam. Bacardığım qədər bütövlükdə xalqıma xidmət edirəm, onun sözünü deyirəm, dəstəyi də xalqımdan gözləyirəm. Fəxr edirəm ki, ətrafımda klan yaratmamışam.
Çoxdan ələ aldıqları bir əmim oğlu var. Çətinə düşən kimi onu tapıb, çıxarırlar televiziyalara. İndi də Nohəlini tapıb gətiriblər (əslində tanımadığı) evimin qabağına. Tək olmaması üçün ona 6-7 nəfərlik kampaniya da düzəldiblər (o yazıqları ora necə topladıqlarını bilsəm də, yazmağı özümə sığışdırmıram).
Azərbaycana bütün çirkin, əxlaqsız, namərd mübarizə üsullarını siz gətirdiniz. Ananı övladından imtinaya məcbur etdiniz, qardaşı qardaşa, əmioğlunu əmioğluya qarşı qoydunuz, amma yenə də bu xalqı susdura bilmədiniz, tam əksinə, xalqın ikrah hissini qazandınız. Mən xalqımın ədalətindən çox razıyam. Sizin bu çirkin kampaniya günlərində xalqımın ən müxtəlif təbəqələrindən dəstək görürəm. Çirkin yollarla apardığınız bu kampaniya bumeranq kimi özünüzü vurur. Açın qulağınızı eşidin, mənim qardaşım da, əmim oğlu da, qohumum da bu millətin sadə, ədalətpərəst, əqidəli, vicdanlı oğul və qızlarıdır! Onlar o qədər çoxdurlar ki, onları susdurmaq, satın almaq, qorxutmaq bacaracağınız iş deyil!