Ziyalılıq haqqında dəfələrlə yazsam da, yenə deyiləcək çox söz olduğunu düşünürəm. Bizdə ziyalılar çox tənqid olunur. Bunun önəmli səbəbləri var. Əsas səbəb odur ki, illərdir səsi eşidilməyən, hüquqları pozulan, dar ayaqda ümid yeri axtaran insanlar ümumilikdə ziyalılardan çoxdan əllərini üzüblər. Amma mən xalqın taleyüklü məsələlərində öndə olmayan, öz üzərinə risk və yük götürməyən şəxsləri əsl ziyalı hesab etmirəm. Əsl ziyalılar… “hər cür köləlikdən iyrənərlər. Insan şərəfinin azadlıqda inkişafına inanarlar. Yurd problemlərinin üzərinə əyilərlər. Xoşbəxtliyinizi yıxanlarla igidliklə savaşarlar. Xalq üçün çalışanları igidliklə dəstəklərlər. Yetkin və azad düşüncəni daim müdafiə edərlər… Fəaliyyətləri ağıllarının məhsuludur. Düşüncəni ən müqəddəs ibadət sayarlar. Haqq bildikləri yoldan ayrılmazlar. Kimsənin düşüncə və səs namusuna əl uzatmazlar. Əngəlləri öz səyləri ilə aşmağa çalışarlar…” (Mahmut Yağmur)
Etiraf edək ki, deyilənlərin əksinə, Azərbaycan ziyalısının böyük bir hissəsi ölkədə sakit, dinc yaşamaq yolunu seçib. Məmləkətdə baş verənlər onların vecinə deyilmiş kimi görünür… Amma “insaf da dinin yarısıdır” deyirlər. Azərbaycanın istiqlaliyyət mübarizəsində mücadilə aparan insanlar sırasında da çoxlu ziyalılar var ki, onların xidmətlərini heç bir halda yerə vurmaq olmaz.
Indi onların bir qrupu Ziyalılar Forumu adlı qurumda birləşiblər. Birləşən kimi də hökumətin qəzəbinə tuş gəliblər. Hakimiyyət əvvəl siyasi qüvvələrə tətbiq etdiyi eybəcər mübarizə metodlarından artıq onlara qarşı da istifadə etməyə başlayıb. Yaxın günlərdə Forumun iclası gedən zalın işıqlarını necə söndürdüklərini xatırlayırsınız, yəqin. Şübhəsiz, ziyalıların haqsızlığa qarşı bir araya gəlməsi hakimiyyət üçün həqiqətən qorxuludur. Ona görə də hökumət hər yolla bu Forumun fəaliyyətinə əngəl olmağa çalışır. Amma bu ziyalılar arasında daha sərt mövqeyi ilə irəli çıxan Rüstəm Ibrahimbəyov da geri çəkilənə bənzəmir. O, ziyalıların növbəti yığıncağını öz evində keçirdi. Ibrahimbəyov dünya kinosunda nüfuzlu şəxslərdən biridir. Kinodramaturq kimi dünyanın ən yüksək mükafatlarını, o cümlədən “Oskar” alıb. Onun Azərbaycan hökumətini tənqidi kiçik xəbərdarlıqlardan başlamışdı. Yuxarılarda eşidilməyən səsini artıq bütün dünya duymağa başlayıb. Son günlər Fransa Senatında qəbul olunan saxta erməni soyqırımı qanununa görə Fransa ordenindən imtina etməsi də xarici medianın gündəm mövzusuna çevrilib.
Bu Forumda dünya elminə töhfə vermiş böyük alimlərimiz – Rafiq Əliyev, Cəmil Həsənli var. Azərbaycan nəsrinin güclü qələmlərindən biri Əkrəm Əylisli, poeziyamızın ən parlaq simalarından biri Ramiz Rövşən və başqaları var. Rəsmi üzvlük məsələsinə toxunmadan, mən bu ziyalılar sırasında gözəl şairimiz Vaqif Bayatlını, politoloq Zəfər Quliyevi, hüquqşünas Intiqam Əliyevi, memar Cəfər Qiyasini, hazırda Türkiyədə fəaliyyət göstərən Kamil Vəli Nərimanoğlunu da görürəm. Bir az kənara çıxıb siyahını xeyli uzatmaq da olar. Çünki bu gün həqiqətən narazılıq boğaza qədər yığılıb. Belə bir gündə Azərbaycan ziyalısının susmağa haqqı varmı?
“Aydının başlıca xüsusiyyətləri dürüst, gözüaçıq və cəsur olmaqdır. Yəni, intellektual bir fikir hambalı deyildir. Həqiqət uğrunda hər savaşı gözə alan azad bir mücahiddir” (Cəmil Meriç).
P.S. Mən illərdən bəri siyasətlə məşğul olan fədakar ziyalılarımızın adını bilərəkdən yazmadım. Onların zəhmətini hər kəs görür.