Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.
Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur. Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir.
Nazir, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaş təhsil alır və onların yarısından çoxu Çindən gəlib. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur.
Nazir Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.
Qeyd edək ki, xaricdə təhsil proqramının dayandırılması hələ bir neçə il əvvəl gündəmə gəlib. Məsələnin kökündə isə xaricdə, xüsusilə Avropada və ABŞ-da təhsil alan tələbələrin əksəriyyətinin Azərbaycana qayıtdıqdan sonra Ilham Əliyevə hakimiyyətinə tənqidi münasibət sərgiləməsidir. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışlarının birində bu məsələyə toxunmuşdu. Yəni, gözlənilən idi ki, hakimiyyət bununla bağlı mürtəce addım atacaq.