Hakimiyyətin ermənilərlə əlbir olaraq AXCP sədrinə qarşı kampaniya aparması barədə şok faktlar
Azərbaycan hakimiyyətinin AXCP sədri Əli Kərimliyə qarşı apardığı kampaniyanın izləri Ermənistana gedib çıxır. Çox mötəbər mənbənin redaksiyamıza verdiyi məlumata görə, hakimiyyət məhz ermənilərlə əlbir olaraq AXCP sədrinə qarşı kampaniya aparır. Bu məsələdə ermənilərin Azərbaycan hakimiyyətinə dəstək verməsi təsadüfi deyil.
Mənbəmiz bildirir ki, Əli Kərimlinin ordunu dəstəkləməsi, ermənilərin təxribatını fürsətə çevirərək işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ciddi addımlar atılması barədə çağırışı Azərbaycan hakimiyyətinin maraqlarına ziddi olduğu qədər, Ermənistana da sərf etmir: “Xatırlayırsınızsa, cəbhədə hərbi əməliyyatlar getdiyi vaxtda ölkədə görünməmiş birlik yaranmışdı. Əli Kərimlinin məlum çağırışı isə ruh yüksəkliyini birəbeş artırdı. Hətta bəzi hökumətyönlü şəxslər belə AXCP sədrinin çağırışını alqışladı. Universitetlərin həyətlərində ordumuza dəstək aksiyaları keçirildi. Hər kəs torpaqlarımızın işğaldan azad ediləcəyinə ümidləndi. Yüzlərlə vətəndaş könüllü olaraq Qarabağda döyüşmək üçün müraciətlər etdi. Lakin belə bir vəziyyətdə hakimiyyət Rusiyanın təzyiqi ilə geri atəşkəs imzaladı. Rusiyanın iqtidardakı 5-ci kalonu isə sülhlə bağlı bayatılar oxumağa, guya Moskvanın Qarabağ məsələsində Azərbaycana dəstək verdiyi barədə nağıllar danışmağa başladı. Amma bayatı oxumaq və nağıllar danışmaqla məsələ bitmirdi. Ölkədəki müharibə əlval-ruhiyyəsini darmadağın etmək lazım idi. Bunun üçün də ilk növbədə ruh yüksəkliyini yaradan ictimai-siyasi xadimləri hədəfə almaq lazım idi. Bu şəxslərin sırasında isə ilk olaraq Əli Kərimli gəlirdi”.
Qaynağımız iddia edir ki, hakimiyyət Əli Kərimlini “vurmaq” üçün evinin qarşısında aksiyalar təşkil etməklə yanaşı, köhnə təcrübədən də yararlanmağa başladı: “Xatirinizdədirsə, 2005-ci ildə Əli Kərimliyə qarşı təşkil edilən oxşar kampaniyada hakimiyyətin nəzarətində olan media orqanlarının birində AXCP sədrinin guya Ermənistanın ”Yerkir Media” telekanalına müsahibə verdiyi barədə informasiya dərc olunmuşdu. Eyni zamanda belə bir mülahizə irəli sürülmüşdü ki, Əli Kərimlinin mobil telefonu erməni jurnalistində varsa, deməli, onun Ermənistan xüsusi xidmət orqanlarına bağlı olduğunu söyləmək olar. Bir qədər sonra bu təxribat ifşa olundu. Özü də bu təxribatı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ifşa etdi. Arif Əliyev həmin vaxt rəhbəri olduğu “Gün səhər” qəzetində yazmışdı ki, Niderlandda beynəlxalq tədbirlərin birində fasilə zamanı Ermənistanın “Yerkir Media” telekanalının xəbər direktoru Geham Manukyan ona yaxınlaşaraq deyib ki, Əli Kərimlinin mobil telefonunu Azərbaycanın hökumətyönlü jurnalistlərindən birindən alıb. Məqsədi Ruslan Bəşirli olayı ilə bağlı Əli Kərimlinin fikrini öyrənmək olub. Əli Kərimli isə ona “Mən erməni televiziyasına müsahibə vermirəm” deyərək telefonu qapadıb. Erməni jurnalist Arif Əliyevə bildirib ki, bundan sonra Azərbaycanın bəzi mətbuat orqanlarında Əli Kərimlinin “Yerkir Media” telekanalına müsahibə verdiyi, onun mobil telefonunun erməni jurnalistdə olması barədə absurd mülahizələri oxuyanda dəhşətə gəlib.
Indi hakimiyyət Əli Kərimlini ermənilərlə əlaqələndirmək üçün bu təxribatı başqa formada həyata keçirir. Hakimiyyətdəki bəzi şəxslər, hələlik onların adlarını açıqlamaq istəmirəm – Ermənistanın bir çox xəbər saytları ilə əlaqəyə girərək Əli Kərimlinin “Facebook” səhifəsindəki statuslarının bu saytlarda yayımlanmasını xahiş ediblər. Hətta Ermənistan domeni ilə saytlar da açıblar. Bundan sonra isə Əli Kərimlinin statuslarının erməni saytlarında tirajlanmasını əsas gətirərək onu ermənilərlə əlaqədə ittiham etməyə başlayıblar”.
Bir daha qeyd edirik ki, bu faktlar kifayət qədər mötədər mənbədən daxil olub. Görünür, hakimiyyət Əli Kərimlini sıradan çıxmaq üçün hətta düşmən ölkə ilə də anlaşıb. Lakin iqtidar bir məqamı unudur ki, Əli Kərimlinin statuslarının erməni saytlarında yerləşdirməklə onu ittiham hədəfinə çevirmək mümkün deyil. Axı AXCP sədri bu saytlara müsahibə verməyib. Kimsə Əli Kərimlinin “Facebook” publik şəkildə yazdığı statusunu tirajlayırsa, o, buna məsuliyyət daşımır. Digər tərəfdən Əli Kərimlinin yazdıqları Azərbaycanın milli maraqlarına uyğun fikirlərdir. Elə bu səbəbdəndir ki, onun “Facebook” səhifəsində yazdığı hər status Azərbaycan ictimaiyyətindən və sosial şəbəkə istifadəçilərindən ciddi dəstək alır.