Xarici düşmənlə savaşmaq asandır, təhlükəli olan daxili düşməndi. Cəbhədəki 3 günlük döyüş də göstərdi ki, daxili düşmənlər olmasa, ordu da, xalq da formadadır, döyüş ruhu, həmrəylik bərqərardı.
AXCP sədri Əli Kərimlinin evinin qarşısındakı aksiya da göstərdi ki, bu həmrəylik, milli ruh, mübarizə əzmi daxili düşmənləri narahat edir. Əli Kərimli cəbhədə döyüşlər başlayanda orduya birmənalı dəstək verdi, hamının dövlətin ətrafında birləşməli olduğunu bildirdi. Hökumət birtərəfli atəşkəs elan edəndə isə hökuməti yaranmış fürsətdən istifadə etməməkdə, yanlış qərar verməkdə ittiham etdi. Bundan sonra hökumətin tör-töküntüləri Əli Kərimlinin evinin qarşısını mitiniq meydançasına döndərdilər. Təbii ki, hökumətdə yüksək vəzifə tutanlar Putindən orden alanlar, Rusiyanın ermənipərəstliyinə haqq qazandıranlardı. Ötən gün YAP-ın siması Siyavuş Novruzovun mətbuata açıqlaması da göstərdi ki, Əli Kərimlinin hədəf seçilməsi hakim partiyanın xeyir-duası ilə baş verir.
Bəli, Putinkimilər fəsiləsindən olanlar ağalarının xoşuna gəlmək üçün Ermənistanı məğlub etmək istəyənlərə hücum çəkirlər.
Indi hamı bir suala cavab versin; kimdir ermənipərəst, ermənini susdurmaq istəyənlər, yoxsa Ermənistanla atəşkəsdən məst olanlar?
Ötən gün mətbuatın üzqarası olan “Yeni Azərbaycan” qəzeti “Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış canidir” başlıqlı yazı dərc edib. Məqalədə deyilir: “Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı populist çağırışlar etməklə, daxildə vəziyyəti gərginləşdirməklə, məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Onun məqsədi erməniləri düşdüyü çətin vəziyyətdən xilas etməkdi. Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susayıb”.
Görəsən 3 gün davam edən döyüşlər zamanı daxildə hansı gərginlik yarandı? Əksinə, 3 günlük döyüş daxildə həmrəyliyi, ruh yüksəkliyini, mübarizə əzmini təmin etdi. Evlərdən, avtomobillərdən Azərbaycan bayrağı dalğalandı. Cəmiyyət ordunun hücuma keçməsini, torpaqların işğaldan azad edilməsini tələb etdi və s.
Belə çıxır ki, daxildəki gərginlik hökumətin özü ilə bağlıdır. Yəni əhalinin müharibəyə meydan oxuması, hamının bir nəfər kimi döyüşə hazır olduğunu bəyan etməsi hökuməti gərginləşdirib.
Görəsən münaqişənin məntiqi yekuna yaxınlaşması nədə ifadə olnur? 24 ildir aparılan danışıqların nəticəsiz qaldığını, Ermənistanın Rusiyanın quberniyası olduğunu hökumət özü bəyan etmirmi? Əgər danışıqlar nəticə vermirsə və Ermənistan zərrə qaədər geri çəkilmirsə, işğala məruz qalmış ölkə hansı addımı atmalıdır? Bəlkə, bu hökumət Qarabağı Ermənistana bağışlamaq fikrindədi? 2 yüksəkliyə görə bu qədər itki verən Ermənistan, 20 faiz torpağı sülh yolu ilə geri qaytararmı?
Müəllif yazır ki, Əli Kərimli belə çağırışlarla erməniləri xilas etmək istəyir. Belə çıxır ki, müharibə başlasa, Ermənistan qalib gələcək? Ordumuz güclüdürsə, hərbi büdcəmiz düşmənin dövlət büdcəsindən çoxdursa, Ermənistan acından ölürsə, əhali sürətlə Ermənistanı tərk edirsə, müharibə Ermənistanın niyə xilas etməlidir? Köhnəliyin qalığı olan “Yeni Azərbaycan” bunu necə izah edir?
Müəllif, bütün insani keyfiyyətlərə tüpürərək Əli Kərimlini minlərlə gəncin qanına susamaqda ittiham edir.
Milyonlarla gəncin haqqını oğurlayıb ofşorlarda saxlayan, hər gün 2-3 nəfərin intiharına səbəb olan, yüzlərlə əsgərin qeyri-döyüş şəraitində həlak olmasına şərait yaradan, Qarabağ qazilərini çörəklə imtihana çəkən, 17000 gənci təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdıran, 2.5 milyon vətəndaşı kredit bataqlığına salan Əli Kərimlidir?
Bəlkə, dünyanın müxtəlif ölkələrində biznes imperiyası yaradan, ölkədə saysız-hesabsız holdinqlərə, villalara, şirkətlərə sahib olan Əli Kərimlidir? Bəlkə, bütün məhsulları 10 dəfə baha qiymətə xalqa satan, bütün sahələri monopoliya edən, 120 milyard neft pulunu oğurlayan Əli Kərimlidir?
Əli Kərimli illərdi “bu millətin qanına susamayın” deyir, indi sizlər eyni ittihamı Əli Kərimliyə yönəldirsiniz?
Heç olmasa sosial şəbəkələrə nəzər salın. Xalq Əli Kərimlinin evinin qarşısında aksiya keçirənlərə, onları təlimatlandıranlara ən ağır ifadələrlə reaksiya verir. Yaxşı olar ki, “Yeni Azərbaycan” Əli Kərimliyə şər-böhtan atmaq əvəzinə, Müdafiə Nazirliyindən şəhid olanların dəqiq sayını tələb etsin.
Bəlkə, hökumət komandadakı xainlərdən çəkinir? Eldar Mahmudov cinayətkar çıxdı, Əli Abbasov maliyyə xəyanətində ittiham edildi, generalların quldur şəbəkəsi aşkar edildi, Samir Şərifov üçqat agent kimi peyda oldu. Bəlkə, hökumət qorxur ki, müharibə baş versə içlərində olan xainlər erməniyə işləyər? Axı, qorxunuz, dərdiniz nədir? Niyə cəmiyyətdəki həmrəylikdən şoka düşmüsünüz?
24 ildir xalqı “Lazım”ın intizarında saxlamasınız. Əli Kərimli də deyir ki, “lazım” gəlib. Daha bu təlaş nəyə gərək?
Bəs, deyirdiniz Əli Kərimlinin sosial bazası yoxdur, AXCP ölmüş təşkilatdır, müxalifəti ictimai rəy qəbul etmir? Necə olur ki, Əli Kərimli sizin böyük planlarınızı poza bilir?
Göründüyü kimi, hökumət böyük bir absurdun içinə girib və özünütəkziblə məşğuldu.
Əli Kərimlini də susdurmaq istəyirlər ki, Qarabağ mövzusu gündəmdən çıxsın, Rusiya ilə rahat bazarlıq edə bilsinlər, bunların iyrənc əməllərindən heç kim xəbər tutmasın.
Amma şükrlər olsun ki, xalqın gözü tərəzidir. “Yeni Azərbaycan” kimi qəzetləri çoxdandır ki, bazarda çürük pomidorları bükmək üçün istifadə edirlər.
Akif