«Çirkli pulları» bu ölkədə «yumaq» mümkün olmayacaq
Offşor əməliyyatlarına görə hər il Almaniya büdcəsi 10 milyard avro itirir
Bir neçə gün əvvəl açıqlanan “Panama sənədləri”ndə Almaniya hökumətinə birbaşa və ya dolayı aidiyyəti olan hər hansı şəxsin adı çıxmadı. Bununla belə, rəsmi Berlin bu qalmaqaldan özü üçün ciddi nəticələr çıxarmağa qərar verib. O mənada ki, beynəlxalq jurnalist təhqiqatına alman siyasilərdən fərqli olaraq, ölkə banklarından bir neçəsinin adı düşüb.
Alman mətbuatında N.Colkverin müəllifliyi ilə hazırlanan məqalədə bildirilir ki, dövlət xadimlərinin bu sınaqdan üzüağ çıxması hökuməti rahatlasa da, banklarla bağlı məqam məyus edib.
Məsələ ondadır ki, saxta offşor şirkətlərlə bağlı qeydiyyat sənədlərinin arasında onlarla alman bankının adı keçir. Bu banklar “çirkli pulların yuyulmasında” əsasən “poçt qutusu” funksiyasını yerinə yetiriblər.
Yerli qanunlar nə deyir?
Alman qanunlarına görə, offşor şirkətləri qeydiyyatdan keçirmək yolverilməzdir. Bununla belə, reallıq odur ki, ya vergidən yayınmaq, ya da “çirkli pulları yumaq” üçün belə şirkətlər yaradılıb: “Bu cür şirkətləri quran adamların gizlətməyə mütləq nələrisə olur. Məsələn, real varidatını tərəfdaşlarından və ya rəqiblərindən gizlətməyə çalışır. Yaxud həyat yoldaşından boşanır, lakin onunla varidatını bölüşmək istəmir və s. Lakin bu cür şirkətlərdən daha çox vergidən yayınmaq və “çirkli pulları yumaq” üçün istifadə olunur”.
50 milyard avroluq yayınma
Müəllif yazır ki, “Panama sənədləri”nin dərcindən dərhal sonra kansler Angela Merkelin müavini Ziqmar Qabriel dünya ölkələrini təsisçisi anonim olan offşor şirkətlərin qeydiyyatına qadağa qoymağa çağırıb.
Onun müavini Ralğf Ştegner isə təklif edib ki, bu cür əməliyyatlarda iştirak edən bankların lisenziyası ləğv edilsin.
Yerli ekspertlərin fikrincə, vergidən yayınma hallarına görə hər il Almaniya büdcəsi 50 milyard avro itirir. Bunun 10 milyardı da məhz offşor şirkətlər vasitəsilə daşınır.
Almaniya Maliyyə Nazirliyinin sifarişilə təhqiqat aparan ekspert Kai Bussman üzə çıxarıb ki, ölkə ərazisində hər il 100 milyard avroya yaxın “çirkli pul yuyulur”. Bu prosesdə offşor xidmətlər təqdim edən banklar da iştirak edir.
Almaniyanın “Handelsblatt” qəzetinə açıqlama verən Cinayət Işləri üzrə Federal Orqanın direktoru Holger Myunh bu problemin olduqca aktual olduğunu bildirib: “Çirkli pulların yuyulması” ilə bağlı yayılan bilgilər bu problemlə mübarizə üçün çox vacibdir. Lakin bu sahədə hələ çox işlər görməliyik”.
Yerli qanunlara uyğun olaraq banklar pul köçürmələri, pulun yatırılması və çıxarılması barədə hökumətə məlumat verirlər. Lakin bu qayda hələ ki kazinolara, əntiq əşya ticarəti ilə məşğul olanlara, zərgərlərə şamil olunmur.
Alman gömrüyünün məlumatına görə, ölkəyə böyük məbləğdə nağd pulu əsasən Çin, Nigeriya, Rusiya və Ukrayna vətəndaşları gətirir.
Bir çamadan avro…
Qəzet yazır ki, evini satışa çıxaran bir alman rus müştərinin notariusa alqı-satqı üçün içərisində 650 min avro pul olan çamadanla gəlməsindən heyrətlənib.
Keçmiş polis Bernd Karstensen DW-yə müsahibəsində deyib ki, rus sərmayəçilər Almaniyanın bir sıra şəhərlərində bütöv məhəllələr alıblar. Karstensenin fikrincə, bu cür əməliyyatlar “çirkli kapitalı” leqallaşdırmağa yaxşı imkan yaradır: “Almaniya polisi şübhələnir ki, Rusiyanın “çirkli pulları” restoranlara, mehmanxanalara, oyun zallarına, gözəllik salonlarına və bu kimi yerlərə yatırılır. Bu məkanlar bir növ “təmizləyən maşın” funksiyasını icra edir”.
Qanun dəyişir, şərtlər sərtləşir
Müəllif qeyd edir ki, “Panama sənədləri”nin istintaqı Almaniya qanunvericiliyində zəruri dəyişiklikləri tezləşdirəcək. Dəyişikliklərdən sonra satın alınan yaxta,rəsm əsəri, qiymətli daş-qaş və s. görə ödənilən pulun qanuni yolla əldə olunduğunu sübut etmək əvvəllər olduğu kimi hüquq-mühafizə orqanlarının yox, müştərinin üzərinə düşəcək. Müştəri bunu sübut edə bilməsə, həmin əşya və ya mülk dövlət tərəfindən müsadirə oluna biləcək. Artıq Italiya belə bir qaydanın tətbiqinə başlayıb.
Eyni tələb Almaniya sərhədini külli miqdarda nağd pulla keçənlərə də şamil olunacaq: “Istisna olnmur ki, yeni qanun Rusiya ilə Almaniya arasındakı ticari-iqtisadi əlaqələrə də şamil edilsin”.
Rus ekspert Andrey Kalix DW-yə müsahibəsində bildirib ki, ölkədən qanunsuz kapital axınına səbəb olan bir neçə rus konserni ilə bağlı bilgilərə sahibdir. Bu nəhəng rus şirkətlər Almaniyada da belə fəaliyyətlərlə məşğuldular.
5 milyon avroluq cərimə…
Lakin alman mediası vurğulayır ki, bundan sonra məsələ çətinləşəcək: “Rusiyadan olan şirkət alman tərəfdaşı ilə hər hansı müqavilə imzalayarkən öz payının leqal olduğunu Almaniyanın maliyyə inspektoruna sübut etməlidir. Bununla yanaşı, “Panama sənədləri” rəsmi Berlinin Avropa Birliyinin “pulların yuyulmasına” dair direktivini təsdiqləməsini tezləşdirəcək. Bu sənədə əsasən şübhəli qaynağı olan maliyyə vəsaitlərinin sahiblərini 5 milyon avro cərimə gözləyir. Bu sənəd yoxlamalar zamanı siyasi baxımdan tanınan şəxslərə xüsusi diqqətin ayrılmasını tələb edir. Söhbət, istənilən ölkənin dövlət, hökumət nümayəndələrindən, partiya funksionerlərindən, hərbi rəsmilərdən, deputatlardan, həmçinin adıçəkilənlərin ailə üzvləri və yaxınlarından gedir”.
Gültəkin