Samir Əliyev: «Neft Fondunun valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib»
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2016-cı il aprel ayının 1-nə 4 065,8 mln ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, rəsmi valyuta ehtiyatları martın 1-nə olan göstərici ilə müqayisədə 39,5 mln. dollar və ya 1% artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 950,9 mln. dollar və ya 19% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə rəsmi valyuta ehtiyatları 5 406,3 mln. dollar və ya 57,1% azalıb.
Banklarda aktivlər və kreditlər azalıb
Bu ilin martın 1-inə olan göstəriciyə görə, bank sektorunun aktivləri 32 milyard 832,8 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, bu, fevralın əvvəli ilə müqayisədə 943,6 milyon manat və ya 2,8% azdır.
Aktivlərin azalmasının əsas səbəbi bankların verdiyi kreditlərin azalmasıdır. Fevralda kredit qoyuluşları 858,8 milyon manat azalaraq 20 milyard 590,7 milyon manatdan 19 milyard 731,9 ÿmilyon manata geriləyib.
Əhali banklardan əmanətini çıxartmaqda davam edir
Bu ilin martın 1-i üçün əhalinin banklardakı əmanətləri 8 milyard 77,3 milyon manat təşkil edib.
Mərkəzi Bank xəbər verir ki, bu, fevralın əvvəli ilə müqayisədə 566 milyon manat azdır.
Yanvarda əhalinin əmanətləri 830,6 milyon manat azalmışdı. Beləliklə, 2 ayda azalma 1 milyard 396 milyon manatdan çoxdur.
Manatın məzənnəsinin möhkəmlənməsinin iqtisadi əsası olmadığı halda valyuta ehtiyatı niyə artdı? Bank sektorunda baş verənlər, bir milyarddan artıq əmanətin banklardan çıxarılması nəylə bağlıdır?
Iqtisadçı Samir Əliyev bildirdi ki, martda Mərkəzi Bankın valyuta ehtiyatı 9 aylıq fasilədən sonra yenidən artıb. Ötən ay artım 39,5 milyon dollar olub və bununla da baş bank ehtiyatlarını 4 milyardlıq psixoloji həddən bir qədər uzaqlaşdırmağa müvəffəq olub. Hazırda ehtiyatın həcmi 4 milyard 65 milyon 800 min dollardır.
S.Əliyevin sözlərinə görə, Neft Fondunun son aylar valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib. Hətta ötən ay Mərkəzi Bank, ümumiyyətlə, satış həyata keçirməyib və valyuta hərraclarında satılmış 482 milyon dolların hamısı Neft Fonduna məxsus olub. Məhz buna görə Mərkəzi Bank ehtiyatlarını qoruya bilib.
Bəs, artım nə ilə bağlıdır?
Əlbəttə, bu barədə Mərkəzi Bank heç bir məlumat açıqlamır. Bank ən yaxşı halda illik hesabatda qısa məlumatla kifayətlənir. Ona görə də artımın məhz nəyin hesabına baş verdiyini müəyyənləşdirmək çox çətindir: “Ilk versiya onunla bağlıdır ki, Neft Fondunun hərraca çıxartdığı və bankların almadığı dolların bir hissəsini Mərkəzi Bank ala bilər. Pul bazasının 147 milyon manat artması da dollar alışı fikrini möhkəmləndirir. Ancaq başqa amillər bunun əleyhinədir. Əvvəla, əgər Mərkəzi Bank hərrac vasitəsilə Neft Fondunun dollarını alsaydı, bu barədə məlumat yayılardı. Belə məlumat isə olmayıb. Həm də Neft Fondunun büdcə transferti üçün orta aylıq limiti 400 milyon dollar civarındadır. Martda isə Fond 482 milyon dollar satıb. Ona görə Fondun artıq dollar satışına ehtiyacı yoxdur. Deməli, bu versiya inandırıcı görünmür”.
S.Əliyevin fikrincə, artım Mərkəzi Bankın valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verib. Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən 1/3-ni təşkil edən avro dollara münasibətdə mart ayında 5,4% artaraq $1.08-dən $1.138-ə yüksəlib. Bu isə, təxmini hesablamalara görə, dollar ifadəsində 60-65 milyon əlavə artım deməkdir. Ötən ay ehtiyatda üçüncü ən böyük paya sahib ingilis funtu dollara nisbətən 3,3% bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-i tarixinə yenidən qiymətləndirilməsi nəticəsində ehtiyatların artımı baş verib.
Bəs, apreldə nə gözləmək olar? S.Əliyevin sözlərinə görə, hər şey Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq. Əhalinin psixoloji təsiri altında dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər: “Çünki dollar təklifinin artması Mərkəzi Bankı alışı həyata keçirtməyə məcbur edə bilər. Ancaq manatın möhkəmlənməsi, yəni 1.50 həddindən də yuxarı qalxması hökumətə sərf etmir. Neft Fondunun digər öhdəlikləri onun bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyardan aşağı düşməsinə imkan verməyəcək”.
Bank sektorunun hazırkı durumuna gəlincə isə, S.Əliyev bildirdi ki, bank sektorundakı proseslər yalnız bunlarla yekunlaşmayacaq. Iki ayda bankların əmanətlərinin 14 faiz azaldığını deyən S.Əliyev vurğuladı ki, əmanətlərin azalmasına səbəb bir müddət əvvəl bank sektorunda əmanətlərin dollarlaşması ilə bağlıdır. Bunun hesabına əmanət bazarında artım müşahidə olundu: “Devalvasiyaya görə dollarda olan əmanətlər manat ifadəsində artırdı. Amma dollarlaşma ilə yanaşı bankların bağlanması məsələsi gündəmə gəldi. Ona görə əhali kütləvi şəkildə banklardan əmanətləri çəkməyə başladı. Bu özünü 2015-ci ilin sonlarında 2016-cı illərin əvvələrində göstərdi. Biz yanvarda bankların sürətlə bağlanmasını müşahidə elədik. Əmanətlərin azalmasının qarşısını almaq üçün hökumət əmanətlərin tam sığortalanmasını həyata keçirdi”.
Dollarda əmanətlərin banklarda ən yaxşı halda 3 faizdən yerləşdirildiyini deyən S.Əliyev bildirdi ki, bu isə əmanətçiləri cəlb etmir. Əksinə, insanlar bankların bağlanmasından ehtiyatlanaraq banklardan vəsaitlərini çəkərək onu yastıq altında saxlamağa üstünlük verirlər.
Xəyal