«Qara siyahıda» məşhur futbolçu Messi də var
“Panama sənədləri”ndə təkcə məşhur siyasilərin yox, dünya idman ulduzlarının da adları keçir. Araşdırmaçı jurnalistlərin “qara siyahısına” düşənlərdən biri tanınmış futbolçu Lionel Messidir.
Almaniya mediasının məlumatına görə, dünyanın aparıcı idmançıları öz gəlirlərini saxta şirkətlər və şübhəli maliyyə sövdələşmələri vasitəsilə gizlədiblər.
“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, “Barselona”nın hücumçusu Lionel Messi atası və meneceri ilə birgə fotometerialları ilə bağlı müəllif hüququnu offşor firmalara hələ 2005-ci ildə təqdim edib. Mayın 31-də Ispaniyada Messinin ailəsinə qarşı məhkəmə prosesi başlayır. Söhbət, 4 milyon avroluq vergi yayınmasından gedir.
Offşor qalmaqalı FIFA dan yan keçməyib. Qəzetin yazdığına görə, “Panama siyahısında” UEFA-nın keçmiş prezidenti Mişel Platini, FIFA-nın keçmiş baş katibi Cerom Valke və FIFA-nın Etika Komitəsinin üzvü Xuan Pedro Damianin də adı var.
Araşdırmanı aparan ICIC bildirir ki, Platini Panamada offşor şirkəti 2007-ci, Valke isə 2013-cü ildə təsis edib.
Damiani isə oyunların televiziyalarda yayımı ilə bağlı alınan milyonlarla rüşvətin futbol rəsmilərinə köçürülməsini təmin edib.
Xatırladaq ki, offşorlarla bağlı son təhqiqatı 78-dən artıq ölkənin 400 jurnalisti hazırlayıb. Təhqiqat “Panama sənədləri” (Panama Papers) adı altında dərc olunub.
Gültəkin