“Hər yer həbsxanadır, biz böyük bir həbsxanadayıq”
“Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəslə keçdiyini göstərir. Ən önəmlisi, elə davalar var ki, gələcək nəsillərə
(Xədicəismayıl)
“Senzor”un xəbərdarlığı…
Bu məqalə, Xədicə İsmayıl haqqında yazdığım ikinci müəllif yazısıdır. Birinci məqalədəki mesaj hakimiyyətin xoşuna gəlməmişdi deyə bəndeyi-həqiri bir ay bundan öncə “ çəkmişdilər məhşər ayağına…” OSMİNOQ kimdir, sualı ilə başlayıb gedib çıxdılar 16-cı Lüdoviqə, …uzun çək-çevirdən sonra “razılaşdıq” ki, mən “Osminoq kimdir?” məqaləsində sətraltı məna- zad nəzərdə tutmamışam, sadəcə oxucuya bu məzmunda bir sual ünvanlamışam: Əgər Hacı Məmmədov özü dediyi kimi, sadəcə OSMİNQun bir barmağıdırsa və Eldar Mahmudov da onun bir ayağıdırsa, görəsən, o zaman OSMİNOQun özü kimdir?
Deyəsən, sual “senzor”un da qafasını qarışdırmışdı, çünki sorğu-sual edə- edə aradabir mənə göz vururdu. Yəni öz aləmində, anlatmaq istəyirdi ki, guya “arif” adamdır, amma vəzifə başında olduğu üçün, belə suallar vermək peşə borcudur. Amma arifliyi çox çəkmədi, elə növbəti sualda cahil olduğu bir daha ortaya çıxdı: “Müəllim, OSMİNQu başa düşdük, bəs, bu məqalədə Xədicənin Kafkaya, Kafkanın da Lüdoviqə nə dəxli var?
Oxuyanlar bilir, sadəcə oxumayanlar üçün qısa bir arayış verim: deməli, Xədicə xanımın məhkəməsində yaşanan tragikomik olaylardan dolayı, mən bir məqalə yazıb onun məhkəməsi ilə Kafkanın “Məhkəmə”si arasında müqayisəli təhlil aparmışdım və finalda Fransa kralı 16-cı Lüdoviqin edam qabağı dediyi sözləri stat kimi vermişdim. Deməli, Kral ona sadiq olan təəbələrin qəfildən üsyan etməsinin səbəbini anlaya bilmir və bunu araşdırmaq üçün həbsxanada inqilaba dair kitablar oxumağa başlayır. Fransa maarifçilərinin əsərlərini oxuduqdan sonra edam qabağı son sözündə monarxiyanı ((Burbonlar sülaləsini) Volterin və Pussonun əsərləri dağıtdı” demişdi.
Mən də yekunda- məqalənin sonunda yazmışdım ki, deyirlər, tarix təkrar olunur, dünyanın işlərini bilmək olmaz, bəlkə də günlərin birgünü Fransada baş verənlər Azərbaycanda da eynən təkrar olundu.Yəqin ki, o zaman Xədicə İsmayılın araşdırmalarını həbsxanada oxuyan məhkumlar da bu rejimi (Əliyevlər sülaləsini) Xədicənin araşdırmaları dağıtdı” deyəcəklər.
“Sınmadıqsa, deməli yenilmədik ”
Yəqin xatırlayırsınız, Xədicə İsmayıl məktub yazdığına görə “karsa” salınmışdı. Dünyanın heç bir ölkəsində, hec bir məhbəsdə, heç bir məhbusu məktub yazdığına görə karserə salmırlar, əksinə yazmaq üçün normal şərait yaradırlar. Stajlı bir məhbus kimi deyə bilərəm ki, ora nəinki qadını, heç kişini də salmaq olmaz, çünki bu, işgəncənin ən ağır formasıdır, daha doğrusu, güclü adamları sındırmaq üçün istifadə olunan məhbəs içində bir “məhbəsdir.
“Uzun müddətli sükutumu bağışlayarsınız, yəqin. Əvvəlki məktublardan sonra karserə salındım. Amma yenə də yazmaqda davam etdim. Bundan sonra kameramda axtarış aparıb, mənim xəttimlə yazılan bütün kağızları, o cümlədən, Sizin üçün yazdığım məktubları da apardılar.”
Hamı nigarandır, içəridən -Xədicə İsmayıldan xəbər gözləyir. Bu dəfə Xədicə xanım bayıra məktub əvəzinə kitab göndərdi- “Sakaranda ağacının uşaqları”. Bu kitab onun ikinci tərcüməsi idi. Birinci tərcüməni – “Çərpələng uçuran” romanını oxuyanda hələ Xədicə İsmayılın bədi tərcümə imkanları ilə tanış olmuşdum. Ədəbi zövqünə inanırdım deyə ikinci tərcüməni- “Sakaranda ağacının uşaqları” nı həvəslə oxumağa başladım.
Əsər məni alıb apardıqca Xədicə xanımın öz seçimində nə qədər haqlı olduğunu hiss edirdim. İranda mövcud siyasi rejimə qarşı uzun sürən üzücü bir mübarizə gedir… amma nə qədər uzun, nə qədər üzücü olsa da mübarizə davam edir, bir an olsun belə dayanmır- nəsildən nəslə ötrülərək yeni forma və məzmun alır. Müəllif müxtəlif dövrlərə aid kəskin süjetləri çarpazlaşdıraraq, mübarizədə biri digərini əvəz edən nəsillərin bütöv bir dramını yaradır.
Sanki Səhər Delicani əsərin qəhrəmanı Nida xarakteri üzərindən, Anadolu türkləri demiş kəndi həyat öyküsünü aktarmış: həbsxanada doğulan, ancaq qısa sürə sonra anasından zorla alınan Nidanın həyat hekayəsi ilə 1983-cü ildə Tehranda – anasının həbsə atıldığı məşhur “Evin” həbsxanasında doğulan müəllifin həyat hekayəsi üst-üstə düşür. Əslində , Nida İran İslam inqilabından sonra siyasi görüşlərinə görə həbs edilmiş valideyinlərin ortada qalan kimsəsiz övladlarının-sakaranda ağacının gölgəsini paylaşan uşaqların ümumiləşdirilmiş obrazıdır.
Bu uşaqlar iyirmi ildən sonra, artıq yetişmiş bir gənclik kimi mühacirətdən Vətənə dönüb mübarizəyə başlayırlar: “Bizim movcüd siyasi rejimi dəyişməyə güçümüz çatacaq ya yox, bunu bilmirik. Məsələ heç bu deyil, daha böyükdür. Nətiçədən asılı olmayaraq, məqsədimiz mənəvi borcumuzu yerinə yetirmək üçün atalarımızın iyirmi il il bundan öncə başlatdığı mübarizəni davam etdirməkdir.”
Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma mübarizə dayanmır, atalarının başlatdığı mübarizəni övladlar davam etdirir. Bəli, müqəddəs dəyərlər uğrunda mübarizə aparanların yeri heç vaxt boş qalmır, hətta sonuncu nəfər sıradan çıxanda belə, o zamana qədər sırada olmayan bir başqası gəlib o yeri tutur və sıranı qırılmağa – mübarizəni sönməyə qoymur. Beləcə Xeyirlə Şər arasında tarixən möcud olan, əzəli və əbədi mübarizə nəsildən nəslə ötürülərək davam edir.
Zindandan məktub…
Əzizlərim! Mən yaxşıyam, nigarançılığa əsas yoxdur. Hazırda vacib olanı – mübarizəni davam etdirməkdir. Bu işin ölkənin içində də, çölündə də davam etməsi olduqca vacibdir. Ölkəni quldurlara təhvil verib, kənardan baş bulamaq da olar. Amma son nəfəsimizə qədər döyüşmədən, meydanı yalana, yaltaqlığa təhvil verdiyimizə görə sonradan vicdanımızı susdura bilməyəcəyik. Axı bu ölkədə hər gün öz balaca mücadiləsində uduzan və udan minlərlə adsız qəhrəman var. Onların eyni məkanda, eyni şərtlər altında mübarizə aparan qəhrəmanların örnəyinə ehtiyacı var. Və nə qədər ki bu örnəklər var, doğru qalib gələcək.
“Azadlıq” qəzetinə xeyirlə şərin savaşında bu örnəyi göstərməkdə davam etdiyi üçün böyük bir təşəkkür düşür. Var olun, dostlar!
Hər şey bitdi, heç nə düzəlməyəcək” deyə bədbinliyə qapılan dostlarım da var yəqin. Mənim də nə vaxtsa bədbinliyə qapılmaq üçün səbəblərim olub. Amma hər dəfə köməyimə çatan prinsiplərim olub: “Bu işin uğur hekayəsi dəyişən hökumətlər barədə deyil, sənin qoyacağın nümunə haqqındadır.Uğur hekayəsini siz, biz, hər birimiz yazırıq. Sınmadıqsa, deməli yenilmədik.
Bəzi siyasi məhbusların buraxılmasına görə xoşbəxtəm, çox xoşbəxtəm. Ancaq onların və mənim mübarizəm bitməyib. Mən rəsmilərin heç nə olmamış kimi davranması naminə Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm. Biz həbsxanada və ondan kənarda rejimin girovları olaraq qalırıq. Azadlıq mənim universal və konstitusion hüququmdur, ancaq Əliyev dövlət başçısı kimi onu qoruya bilmədi. Heç vaxt törətmədiyim cinayətə görə əfv istəyən deyiləm. Mən hətta indi, həbsxanada da azadam və azadlığım satlıq deyil.