Ondan başlayım ki, nə vaxtsa böyük alman filosofu Hegelə bərk qəzəbli olmuşam. Çox gənc idim və o yaşımın qəzəbini bəlkə də nifrət adlandırmaq olardı. Səbəb nə idi?
Georq Vilhelm Fridrix Hegelə alman filosofu deməklə yanaşı, alman alimi də demək olar. Çünki böyük mütəfəkkir olmaqla yanaşı, tədqiqatçı alim idi. Öz dövründə də çox məşhur idi və onun universitet mühazirələrinə tələbə olmayanlar da gələrdi. Başqa həmkarlarının onun uğurlarına həsəd aparmaqdan ürəyi parçalanardı. Sovet dövründə də bir çox filosoflar qadağan edilmişdisə, bəzilərinin adı burjua ünsürü kimi pislənərək çəkilirdisə, Hegelə münasibət xeyli yaxşı idi. Ən azı ona görə ki, sosializmin ideya babası Marks gəncliyində hegelçi olmuşdu. Bu, sovet dövrü üçün prinsipial məsələ idi və biz Hegellə o zamandan yaxından “tanış olmağa”“” başlamışdıq.
Üstəlik, biz ya özümüzü ağıllı göstərmək üçün, ya da geridə qalmamaq üçün vaxtımıza heyfimiz gəlmədən klassik alman fəlsəfəsinin nümayəndələrini də oxumaq üçün günlərimizi Axundov adına kitabxanada keçirirdik. Boynuma alım ki, filosofun “Ruhun fenomenologiyası”“” kimi əsərlərini mütaliə etmək mənə cansıxıcı olduğu üçün, Hegelin “Fəlsəfə tarixi üzrə mühazirələr”“ini oxumağa üstünlük vermişdim. Bu, bir bədii əsəri oxumayıb, onun əsasında çəkilmiş filmə baxmağa bənzəyirdi. Həm də daha rahat idi.
Elə həmin mühazirələrdən Hegelin Şərqi pislədiyi fikirlərlə tanış oldum. Hegel deyirdi ki, Şərq heç vaxt gerçək mədəniyyət yarada bilməz. Böyük incəsənət və mədəniyyət nümunələri yarada bilər, məsələn, Tac-Mahal kimi, amma Şərq gerçək mədəniyyət yaratmağa qadir deyil. Arxasınca deyirdi ki, gerçək mədəniyyəti yalnız almanlar yarada bilər. Düzü, bu fikirlər mənə çox şovinist görünməyə başladı. Üstəlik, Şərqə və o cümlədən özümüzə qarşı qərəz kimi qəbul etdim. Hegeli az qala Hitler kimi söyürdüm. Yeniyetmə qəzəbim isə sanki sərhədsiz idi.
Amma zaman keçdi. Azərbaycanın müstəqillik mübarizəsinə qoşulduq. Müstəqillik qazandıq, Azərbaycanın yol-ayrıcında olduğu illəri tam həssaslığı ilə yaşadıq. Bütün bu illərdə bir çoxları kimi məni də ölkəmizlə bağlı prinsipial məsələlər düşündürməyə başladı. Biz necə etməliyik? Bizim yolumuz hansı olmalıdır? Biz böyük, qüdrətli Azərbaycanı necə qurmalıyıq? Hansı dəyərlərlə gələcəyə getməliyik? Məhz belə suallarla çoxlu mübahisələr, müzakirələr oldu. Ağır və insan taleləri dözməyən illəri yaşamağa başladıq. Əliyevlərin hakimiyyətə gəlməsi, müstəqilliyin xəyal qırıqlığına çevrilməsi, demokratiyanın əvəzinə ölkəmizdə talançı avtoritarizmin qurulması bizi daha gərgin illəri yaşamağa məcbur etdi. Bu illərdə həm haqsız hakimiyyətlə, həm də yalançı ideyalarla, yalançı milli təəssübkeşliklərlə mübarizə və müzakirələrlə keçməyə başladı. Bizlərin bir çoxu özümüz də bilmədən bu mübarizə və müzakirələrin burulğanında peyda olduq. Elə mən də.
Urpatriotizmin, mənasız mentalitet bağırtılarının, milli dəyər alverçilərinin ironiya doğuran hərəkətlərini izlədikcə, bundan illər öncə yadıma yenə də Hegel düşdü. Xatırladım ki, Hegel Şərqi bəyənməyəndə, almanları tərifləyəndə maraqlı bir fikir də söyləmişdi…
Hegel deyirdi ki, Şərq ona görə əsl mədəniyyət yarada bilməz ki, orada azad adam yoxdur. Orada yalnız bir azad adam var, uzağı bir ailə azaddır. Hegel almanların üstünlüyünü də onların azadlığı ilə izah edirdi. Böyük filosofa görə, antik dövr Yunanıstanında bəlli bir qisim insan azad idi, elə bu səbəbdən bəlli inkişaf oldu, mədəniyyət də tərəqqi etdi, almanlarınsa hamısı azaddır, odur ki, məhz gerçək mədəniyyəti onlar yarada bilər.
Bu fikirlər məni yenidən Hegeli anlamağa və ona hörmət bəsləməyə məcbur etdi. O, hansısa baxımdan yanıla bilərdi, amma xalqların üstünlük və bacarığını qiymətləndirməkdə tam haqlı idi. Çünki mən özüm də illərin sarsıntılarında, müzakirələrində, düşüncə və yazılarında artıq anlamışdım ki, tarix bütün xalqları yeni paradiqma qarşısında qoyub.
Artıq tarixdə böyük xalq anlayışı mənasını itirib, indi azad xalq anlayışı var. Yalnız azad xalqlar nəyəsə qadirdir, yalnız onlar öz indiki həyatını və gələcəklərini uğurla qura bilərlər. Mən illər öncə bu haqda bir yazı ilə çıxış etdim və bundan sonra uzun bir dövr keçsə də, biz yenə də Hegelin pislədiyi Şərqik. Yalnız bir adam, yalnız bir ailə azaddır.