«Yeni Şafak» «yalançı» adlandırıldı…
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın olan “Yeni Şafak” qəzetində Ilham Əliyev barədə dərc edilən 3 tənqidi yazı Azərbaycan hakimiyyətini hövsələdən çıxardı. Kifayət qədər açıq və sərt üslubda Əliyevçi rejimi qamçılayan yazılara hakimiyyət 5 gün dözüm nümayiş etdirə bildi. Onlar əvvəlcə bu yazıları görməzdən gəlmək istədilər. Ötən gün isə hakim partiyanın rəsmi qəzeti “Yeni Azərbaycan” (YA) iri həcmli, müəllifsiz redaksiya yazısı ilə Türkiyə mediasında yazılanlara cavab verməyə çalışıb.
“Yeni Azərbaycan”dakı materialın ümumi məzmunu əslində, cavabdan çox, diqqəti Ilham Əliyevin üstündən yayındırmağa və bir az da Türkiyəni şantaja hesablanıb. Məqalədə minnət qoyulurmuş kimi, Azərbaycanın bir çox enerji layihələrində Türkiyəyə etdiyi yaxşılıqlar qabardılır. “Yeni Şafak”da dərc olunan məqalələr Azərbaycan-Türkiyə dostluq əlaqələrinə zərbə kimi qiymətləndirilir: “Türkiyədə hakim partiyaya yaxınlığı ilə seçilən, baş nazir Ərdoğanın qudasının qardaşına mənsub olduğu bildirilən ”Yeni Şafak” qəzetinin mövqeyi anlaşılmazdır. Iki qardaş xalq arasında nifaq salmağa çalışan bu qəzet türk cəmiyyətinə yalan məlumatlar verir, ümumi işə əngəl törədir”.
Az qala, hər abzasda “Yeni Şafak”ın yalançılıqda suçlandığı məqalədə Ərdoğanın nəşri “erməni dərmanına su tökən” kimi də qiymətləndirilir. “Yeni Azərbaycan” bununla da kifayətlənməyərək, “Yeni Şafak”ın “Iran mollalarının ritorikası ilə yazmasına” tənə edir. Bunu isə yəqin ki, qəzetin daxil olduğu dini icmaya mənfi münasibətin təzahürü kimi dəyərləndirmək olar.
“Yeni Şafak” və onun timsalında bütün Türkiyə mediasının hədəfə alındığı məqalədə belə bir “tövsiyə” də yer alıb ki, Azərbaycanı tənqid etməkdənsə, öz ölkələrində “Hepimiz erməniyiz” şüarıyla aksiya keçirənlərə cavab versinlər.
“Yeni Şafak”ın Türkiyə ictimai rəyini aldatmağa çalışdığını yazan “Yeni Azərbaycan”dakı məqalə müəllif(lər)inin özü Azərbaycan cəmiyyətini aldatmaq istəyiblər. Məqalədə qeyd olunub ki, guya, “Yeni Şafak”ın məqalələri Türkiyədə anti-Azərbaycan mövqeyini gücləndirməkdir. Lakin “Yeni Şafak”ın məqalələrilə tanış olan “Azadlıq”ın oxucuları da dəqiq bilirlər ki, əksinə, o qəzet Azərbaycan cəmiyyətinə münasibətdə yüksək ehtiram nümayiş etdirib. Ilham Əliyev də məhz cəmiyyətin fikrini ifadə etmədiyinə görə, “Yeni Şafak”da qınaq obyekti olub.
Natiq