«Azərbaycan» qəzetinin qısaömürlü optimizmi
“Azərbaycan” qəzetinin ötən sayında “Azərbaycanda ömrün uzunluğu ildən-ilə artır” başlıqlı yazı dərc olunub. Müəllif sübut etməyə çalışıb ki, hökumətin apardığı uğurlu siyasət, iş yerlərinin çoxalması, əhalinin gəlirlərinin artması, səhiyyənin inkişafı, vətəndaşa yüksək qayğı nəticəsində ölkədə doğulanların sayı ölənlərdən çoxdur.
“Azərbaycan” qəzetinin əlacı olsa “Azərbyacanda 100 yaşından tez ölən adam yoxdur” başlıqlı yazı da dərc edər. Statistik rəqəmlər də göstərir ki, hər il ölkənin sosial-iqtisadi göstəriciləri aşağı düşür. Ötən il isə Azərbaycan insanının həyatına ən ağır il kimi düşüb. Milli valyuta 2 dəfə devalvasiyaya məruz qalıb, bütün məhsulların qiymətləri 30-40 faiz artıb, kütləvi ixtisarlar aparılıb və əhalinin borclanma səviyyəsi artıb. Bu, bizim mülahizələrimiz deyil, rəsmi statistikadır. Eyni zamanda rəsmi statistika göstərir ki, ötən illə müqayisədə bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 43 faiz, ölkə iqtisadiyyatına kapital yatırımı 86 faiz azalıb. Rəsmi statisitkaya görə, problemli kreditlərin həcmi 1.5 milyardı ötüb. Hələ bu da son deyil. Valyuta ehtiyatlarımızı sürətlə azalır, son 1 ildə Neft Fondu 12 milyard pul itirib və hökumət dünyaya elçi düşüb borc axtarır.
Uzunömürlülüyə gəlincə, artıq çoxdandır ki, bu ölkədə 65 yaşında dünyasını dəyişənə “cavan getdi” demirlər. Insanların sabaha ümidi yoxdur. Onu da xatırladaq ki, Azərbaycan intiharların sayına görə ön sıralarda gedir. Hər gün 2-3 nəfərin intihar etdiyi ilə bağlı xəbər eşidirik. Intiharların 90 faizi isə kredit borcları ilə bağlıdır. Bəli, bu gün 2.5 milyon vətəndaşın banklara 21 milyard borcu var.
Necə olur ki, “Azərbaycan” qəzeti 2014-cü ilə nisbətən 2015-ci ildə ölənlərin sayının 900 nəfər az olmasını tirajlayır, amma intihar edənlərin, borca girənlərin, ölkədən qaçanların sayının nə qədər artdığını tirajlamır? Minlərlə insan Avropaya mühacirət etmək üçün vasitə axtarır, on minlərlə insan artıq mühacirət həyatı yaşayır. Xaricdə təhsil alanlar ölkəyə qayıtmaq istəmir. Son 4-5 ildə ölkədən 200-dən artıq professor gedib. Son 2 ildə Azərbyacan vətəndaşları Türkiyədə 507 şirkət açıb, son 1 ildə azərbaycanlılar Gürcüstan iqtisadiyyatına 540 milyon dollar sərmayə yatırıb. Yəni iş adamı da, sadə vətəndaş da, professor da, tələbə də ölkədən qaçır. Bir qrup insan ölkəni şəxsi təsərrüfatına çevirib. Azərbaycan milyarderlər ölkəsinə, dilənçilər vətəninə çevrilib. Rəsmi araşdırmaya görə, son 10 ildə ölkədən 95 milyard vəsait çıxarılıb. Bu qədər neqativlərdən sonra uğurlu inkişafdan necə danışmaq olar? Adamların özünü körpüdən atması, asması, yandırması adi hala çevrilibsə, xəstəxanalar insanlarla qaynayırsa, apteklərdə növbələr yaranırsa, hansı sağlamlıqdan, vətəndaşa qayğıdan danışmaq olar? Dərman pereparatlarını 10 dəfə baha qiymətə satmaq, qanunla pulsuz olduğu halda xəstəyə təmənnalı xidmət göstərmək, yanlış diaqnozlarla vətəndaşı daha ağır vəziyyətə salmaqdırmı qayğı? Bu gün milyonlarla vətəndaş ucuz və keyfiyyətli müalicə üçün Gürcüstana, Irana üz tutub. Bəlkə, bu da uğurlu siyasətin nəticəsidir? Bəlkə, 2 milyondan artıq vətəndaşın Rusiya bazarlarında fəhləlik etməsidir uğurlu siyasətin göstəricisi?
Bu ölkədə insanların ömrü deyil, dərdi artıb. Bu ölkədə ömür deyil, zillət uzanıb. Birdə ki, bu ölkədə uzunömürlü məmurlar çoxalıb, bir qrup məmurun var-dövləti uzanıb. Ədalətin, şəffaflığın, hüququn, qanunun ömrü isə çox gödəlib.
Akif