Baş həkim isə «yeni formaya keçmişik» deyir
Hökumət Iran Islam Respublikası Qızıl Aypara Cəmiyyətinin xəstəxanasının – “Iran Klinikası”nın fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir. “Azadlıq”a məlumat verən qaynağın məlumatında deyilir ki, Nazirlər Kabinetinin Humanitar Şöbəsindən klinikanın rəhbərliyinə göstəriş gəlib ki, tibb ocağının xanım personalının iş vaxtı hicabdan istifadə etməsi qadağandır: “Onlar bütün tibb ocaqlarındakı standart formadan və baş örtüyündən – ”papaqdan” istifadə etməlidirlər. Qadağa kollektivdə böyük narazılıqla qarşılansa da, klinikada artıq iki gündür ki, hicabdan istifadə olunmur. Klinika rəhbərliyinin göstərişə tabe olmayacağı təqdirdə ciddi problemlərlə üzləşəcəyi mesajı da verilib. Hakimiyyətin “Iran klinikası”na bu cür münasibəti iki səbəblə izah olunur. Birinci səbəb əhalinin son zamanlar klinikaya daha çox müraciət etməsidirsə, ikinci səbəb Iranla-Azərbaycan arasında yaşanan gərginlikdir”.
Ötən gün sözügedən ünvana baş çəkdik. Qarşımıza çıxan ilk şəxs qeydiyyat şöbəsində işləyən xanım olur. Başında nazirliyin tətbiq etdiyi “papaq” olan bu xanımdan baş həkimi – Məhəmmədrza Nəqaşini soruşuruq. Məlum olur ki, baş həkim nahara gedib, bir saatdan sonra qayıdacaq. Biz isə vaxtdan yararlanıb klinikada var-gəl edirik. Qarşımıza çıxan bütün xanım həkimlərin başında ya papaq var, ya da başıaçıqdır. Üçüncü mərtəbəyə qalxanda isə yeməkxanadan başıörtüklü xanım çıxır. Buna təəccüblənirik. Örtüklə bağlı sual verən kimi xanım əsəbiləşir. Heç kimin onun örtüyünü çıxarda bilməyəcəyini deyir: “O harada yazılıb. Mənə elə bir şey deyilməyib. Örtüyümü də başımdan heç kim çıxarda bilməz”.
Xanımı sakitləşdirib, yenidən baş həkimin kabineti qarşısında onu gözləyirik. Az sonra Məhəmmədrza Nəqaşi gəlir. O, bizə açıqlamaq vermək səlahiyyətinin olmadığını deyir. Bütün məsələlərlə bağlı Iran səfirliyi ilə əlaqə saxlamağı məsləhət görür. Ancaq yazılan məlumatla bağlı informasiyanın doğru olub-olmadığına baş həkim bunları deyir: “Burada heç vaxt hicab olmayıb. Baş örtüyü olub. Indi isə xəstəxanada müəyyən dəyişikliklər edilir. Stol-stulları da dəyişir, yeniləyirik… Indi örtük bağlayan var. Ancaq biz yeni formaya keçmişik. Artıq hamı yeni formadadır”.
Bundan artıq heç nə deyə bilməyəcəyini diqqətimizə çatdıran baş həkimlə sağollaşıb klinikadan çıxırıq. Içəridə çəkiliş aparmağa onsuz da icazə yoxdur…
Ramin DEKO