Onlar aksiyaların davamlı keçirilməsi barədə qərar verdi
Etirazçıları görən Abutalıbov qaçıb aradan çıxdı
“Kamran” MMC, “Mur-Ay” MMC və “GEN” MMC şirkətlərininin qurbanı olan bir qrup sakin ötən gün Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirdi. Aksiya iştirakçıları “Evimizi istəyirik!”, “Pulumuzu versinlər!”, “Günahkarlar cəzalandırılsın” sözləri yazılmış plakatlar tutaraq PA-nın önünə yürüş etdilər.
“GEN” MMC-dən zərərçəkən 65 yaşlı Fəridə Ələkbərova son nəfəsinə kimi mücadilə aparacağını söylədi: “Itirəcəyimiz bir şey qalmayıb, 6 ildir bizi aldadıb süründürürlər. Biz sona qədər mübarizə aparacağıq, bütün etiraz formalarına əl atacağıq. Aclıq aksiyaları keçirəcəyik. Bura yığışmışıq ki, Ilham Əliyev səsimizi eşitsin. Necə olur ki, bu hündür mərtəbəli aparatın binasından bizi görmürlər? Oturublar isti otaqlarında, bizsə qarlı, şaxtalı havada son ümidimizi bunlara dikmişik. Əvvəl hökumətdən problemin həllini xahiş edirdik, indisə tələb edirik. Evlərimizi qaytarsınlar. Bura heç kim kefindən gəlməyib”.
Bir qədər sonra aksiyaçıların sayı daha da artdı və onlar əllərində “Korrupsiya Idarəsi bizi incidir”, “Pulumuzu, ya da evimizi qaytarın”, “Məmurlar xalqı aldadır” şüarları yazılmış transporantlar tutmuşdular. Əraziyə dərhal Səbayel Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları cəlb olundu və polis aksiyaya müdaxilə edib plakatları cırdı. Aksiya isə bununla bitmədi, əksinə polisin müdaxiləsinə baxmayaraq, payçılar təkidlə getməyəcəklərini söylədilər. Təqribən 1 saat PA önündə etiraz şüarları səsləndirildi. Zərərçəkənlərdən biri polislərə “sizi hakimiyyətə biz gətirib qudurtmuşuq, biz də yola salacağıq” dedi.
Bununla artıq ikinci dəfə idi ki, PA-dan kimsə payçıları qəbul etmirdi. Polis sakinlərə PA-da onları qəbul edəcək nümayəndə olmadığını deyərək Bakı şəhər Icra Hakimiyyətinə getməyi tövsiyə etdi. Bakı meriyasına üz tutan ev qurbanlarının aksiyası burada daha güclü oldu. Etirazçılar Hacıbala Abutalıbovun maşınına hücum çəkib plakatları üstünə qoydular. Meriyanın qapılarını silkələyərək Abutalıbovla görüş istədilər. Ancaq burada da onları heç kim dinləmədi. Hətta polis kapitanı meriyaya gedib etirazçıların nümayəndəsi kimi görüş istədi. Ancaq bir qədər sonra Abutalıbov payçıların gözü önündə tələsik qaçaraq maşına oturdu və aradan çıxdı. Çarəsiz vəziyyətdə qalan zərərçəkənlər yenidən PA-ya yürüş etdilər. Polis yürüşə mane olmaq istəsə də, vətəndaşlar müqavimət göstərib getdilər. Burada isə “Kamran.B.Ə” MMC-dən zərərçəkən Nofəl qəbula getdi. Şöbə müdiri Hafiz Məmmədov onlara fevralın 1-də Fuad Ələsgərovun qəbuluna yazılmağı tövsiyə edib. Konkret olaraq, qarlı, şaxtalı havada 2 saatdan çox davam edən etiraz aksiyası zamanı zərərçəkənləri heç bir dövlət orqanında dinləyən olmadı. Bu isə etirazçıların hiddətinə səbəb oldu və aksiyaların davam etdirilməsi qərara alındı.
Ramin DEKO