Yüz mindən çox suriyalı Bəşər Əsəd əleyhinə mitinqlərə qatıldı
Suriyada gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində Bəşər Əsəd əleyhinə ənənəvi cümə etirazları keçirilib. Məscidlərdə qılınan cümə namazından sonra yüz mindən çox suriyalı Bəşər Əsədin istefası tələbiylə keçirilən mitinqlərə qatılıb. Şahidlərin sözlərinə görə, antihökumət mitinqləri paytaxt Dəməşqin bəzi şəhərətrafı yerlərində, Idlib, Qamışlı, Həma, Homs, Deyr əz Zor və Dəraa şəhərlərində baş tutub.
Hökumət qüvvələri yenə də dinc aksiyaları silah yolu ilə dağıtmağa cəhd göstərib. Əsgərlərin amdığı atəş nəticəsində 10 nəfərə yaxın etirazçı dünyasını dəyişib. Müxalif fəallar bəzi bölgələrdə məscidlərin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, Deyr əz Zor şəhərində isə nümayişçilərin üzərinə göz yaşartıcı qaz buraxıldığını bildirib. Bu arada Bəşər Əsəd rejiminə yönəlik sərt tədbirlərin əsas dəstəkçilərindən biri Fransa prezidenti Nikola Sarkozi ölkəsinin Suriyadakı hadisələrə səssiz mövqe sərgiləyə bilməyəcəyini deyib. O, Bəşər Əsədin dinc vətəndaşlara qarşı zorakılıqlara görə cavabdeh olduğunu söyləyib. Sarkozi Suriyanın suriya xalqına aid olduğunu və ölkənin gələcəyi və rəhbərliyiylə bağlı qərarı da məhz suriyalıların azad bir şəkildə verəcəyini bildirib.
Informasiya şöbəsi