Fransa prezidentinin Mehriban Əliyevaya medal verməsi Türkiyədə gündəmə gəldi
“Əliyevlər ailəsinin Sarkozi ilə əlaqələri düşündürücüdür”
Türkiyənin “Yeni Şəfəq” qəzeti saxta erməni soyqırımı iddiası ilə bağlı Fransa Senatının gündəliyinə salınan anti-türk qanununa susqun yanaşdıqları üçün Azərbaycan prezidenti İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı qınayan daha bir məqalə dərc edib. Yanvarın 19-da dərc olunan məqalə “Azəri ledi Fransa medallı” adlanır.
Beləliklə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana xüsusi yaxınlığı ilə tanınan bir qəzet üç gün ərzində ikinci dəfə hakim Əliyevlər ailəsini birbaşa hədəf alır. Xatırladaq ki, “Yeni Şəfəq”in sahibi Ərdoğanın qudasının qardaşıdır. Qəzetin bu mövzuda ilk yazısı isə yanvarın 17-də «Azəri kardaş, sən hardasan?» başlığı ilə dərc olunub.
Məqaləni təqdim edirik:
“Yeni Şəfəq” qəzetinin gündəmə gətirdiyi “Azəri qardaş sən hardasan?” məqaləsinin əks-sədaları davam edir. Azərbaycanı idarə edən Əliyevlər ailəsinin Fransa parlamentində qəbul olunan erməni qanununa qarşı Türkiyənin yanında olmadığı ortaya çıxdı. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın Fransaya reaksiya verməsi bir yana, xüsusilə də Nikola Sarkozi ilə dostluqlarını daha da inkişaf etdirəcək addımlar atdıqları bəlli oldu. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun başçısı Mehriban Əliyevaya eyni zamanda “Fransaya yüksək xidmət və bağlılığına görə” Fransanın ən nüfuzlu “Légion d’honneur” medalının təqdim olunduğu da ortaya çıxdı. Fransanın dostu, azəri ledi Heydər Əliyevin adıyla bağlı qurduğu fond vasitəsilə Fransada əhəmiyyətli işlər gördü və bunun müqabilində də Sarkozidən yüksək xidmət medalı aldı.
Sarkozidən xanım Əliyevaya təşəkkür
Əldə edilən məlumatlara görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qayınatası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra “Heydər Əliyev Fondu”nu quraraq Fransada bir çox layihələrə imza atdı. Fondun işlərini Azərbaycandan sonra Fransaya daşıyan Mehriban Əliyeva xüsusilə Fransanın məşhur Lüvr muzeyi, Versal sarayı və Strasburq Katedral kilsəsinin bərpa işlərinə də maliyyə dəstəyi verdi. Mehriban Əliyeva Fransanın dövlət başçısı Nikola Sarkozinin təbiriylə “Fransaya yüksək xidmət və bağlılılığına görə” Fransanın ən nüfuzlu “Légion d’honneur” medalı daxil olmaqla Paris tərəfindən bir çox mükafata layiq görüldü.
Bir şərh belə yoxdur
Fransa parlamentində “soyqırım”ı inkar qanununun səsverməyə təqdim olunacağının açıqlanmasından bu yana Azərbaycan rəhbəri İlham Əliyev ilə Azərbaycan siyasətinə təsir edənlərdən biri kimi bilinən həyat yoldaşı Mehriban Əliyeva nə Türkiyəyə, nə də Fransaya yönəlik bir şərh verdi. Əliyev cütlüyü bu müddət ərzində Türkiyənin məsələni beynəlxalq səviyyəyə qaldırma cəhdlərinə də dəstək vermədi. Bakıdan gələn şərhlər yalnız aşağı səviyyədəki səlahiyyətlilərin bəyanatları ilə məhdudlaşdırıldı.
Güllə danışmadı, Əliyevi təbrik etdi
Mehriban Əliyeva “yüksək xidmətlərinə görə” Fransadan medal alıb. Azərbaycanda Əliyev ailəsinin Fransa prezidenti Nikola Sarkozi ilə əlaqələrində düşündürücü məqamlar var. Erməni layihəsinin səsverməyə çıxarılmasından əvvəl Abdulla Gülün telefon zənglərinə cavab verməyən Nikola Sarkozi yalnız bir neçə gün sonra İlham Əliyevə 50 illik yubileyi münasibətilə təbrik məktubu yazdı.
Siyasət şöbəsi