Azərbaycanlı nazir “Hücum İrandan olub”, İran səfirliyi isə “bizə dəxli yoxdur” deyir
Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Bu barədə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib (APA).
Ə.Abbasov yanvarın 16-da baş verən kibermüdaxilələrin nəticələrinin iki saat ərzində aradan qaldırıldığını bildirib: «Bu istiqamətdə araşdırmalarımız başa çatıb. Məlum olub ki, kibermüdaxilələr Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlara olub. Müdaxilələrin 24-ü İrandan, 1-i isə Niderlanddan olub».
Nazir hadisə ilə əlaqədar iranlı həmkarına məktub göndərdiyini vurğulayıb: «İranın rabitə nazirindən xahiş etmişəm ki, kibermüdaxilələrin olunduğu dəqiq ünvanlar müəyyənləşsin. Adətən kibermüdaxilələrin gəldiyi ölkələr tranzit ölkə olaraq seçilir. İnanıram ki, bu qanunsuz haker fəaliyyətinin İran hökumətinə, İranın heç bir dövlət strukturuna aidiyyəti yoxdur».
Ə.Abbasovun fikrincə, mövcud hadisə bir növ siqnal xarakteri daşıyır. «Qərara gəlmişik ki, bu sahədə kompleks tədbirlər həyata keçirək. Bura normativ hüquqi sənədlərin hazırlanması, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi aiddir. Ola bilsin ki, bundan sonra dövlət saytları yaradılarkən xüsusi sertifikatlar tətbiq olunsun» – deyə nazir bildirib.
Bu arada İran tərəfi də Azərbaycan saytlarına hücumla bağlı rəsmi açıqlama verib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri “Trend”ə bildirib ki, Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına haker hücumlarının onun ölkəsi ilə heç bir əlaqəsi yoxdur. İsgəndəri deyib ki, hər hansı ölkəyə qarşı haker hücumlarının olmasını tənqid edir, bu cür hərəkətlər güclü olmağın deyil, zəifliyin əlamətidir. Onun sözlərinə görə, bu cür məlumatlar Azərbaycan-İran münasibətlərinə zərər vermək və iki ölkənin mətbuatı arasında əməkdaşlığın inkişafını istəməyən bəzi qüvvələr tərəfindən atılmış addımlardır.