Ölkəni hansı ağıl sahibləri idarə edir?
Dəfələrlə yazmışıq ki, hökumət komandasında normal kadr tapmaq müşkül məsələdir. Icra başçısından tutmuş nazirə qədər bütün vəzifəlilərə cəmiyyətin antipatiyası var. Çünki, ortada olan faktlar göstərir ki, hökumət yalnız rüşvət ala bilən, vətəndaşla kobud rəftar edən, dövlət və millət maraqlarına arxa çevriən, korrupsiyanı çiçəkləndirən adamlara etimad göstərir. Ədalətsziliyə, talançılığa etiraz edən, təmiz işləmək istəyən heç kim vəzifədə qala bilməz.
Bugünlərdə yayılan bir xəbər də təsdiqlədi ki, ölkəni təhlükəli bir zehniyyət idarə edir və bu adamalrın təfəkkürü tamamən korlanıb.
Belə ki, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov rayonun Şənlik kəndində vətəndaşlarla görüşərəkən biabırçı fikirlər söyləyib. Bildirib ki, rayona nə qədər pul ayrılması, hansı işə nə qədər pul xərclənməsi camaata aidiyyəti olmayan məsələdir: “Bu pullar kiminsə dədəsinin deyil ki, narahat olsunlar. Əgər mən bu pullara tamah salmıramsa, siz niyə tamah salırsınız?”- deyə icra başçsı bildirib. Ən maraqlısı isə bu olub ki, Şahin Məmmədov əhaliyə deyib ki, bura gəlib işləmək istəyən təşkilatlar yazı-pozudan qorxur. Əgər bir də bu kənddən kimsə, hansısa şikayət dolu yazını yazıb mətbuata ötürsə, onu əhali yığışaraq daş-qalaq etsin.
Bəli, icra başçısı açıq şəkildə bəyan edir ki, rayondakı yeyintiyə, oğurluğa hamı göz yummalıdır və bu cinayətləri ictimailəşdirənlər cəzalandırılmalıdır. Təsəvvür edin ki, bu təfəkkürdə adamlar rayonlara başçılıq edir. Dünyanın müxtəlif ölkələrində korrupsiyanı, yeyintini aşkar edənlərə mükafat verilir. Ağcəbədinin icra başçısı isə cinayəti xəbər verənləri cəzalandırmağı təklif edir.
Ümumiyyətlə, YAP hakimiyyəti dövründə bütün dəyərlər tapdaq edildiyi üçün, heç bir vəzifəli şəxs məsuliyyət hiss etmir. Artıq bunların beyninə hopub ki, vətəndaşa hesabat vermək olmaz və vətəndaşın hesabat istəmək haqqı yoxdur. Eyni zamanda vəzifəli şəxslər əmindilər ki, rüşvətə, ədalətsizliyə, vətəndaşla kobud rəftara görə cəzalandırılmayacaq. Çünki, rejimin mahiyyəti buna uyğundur və icra başçısı rayonu çapıb-talamaq üçündür.
Əslində isə bu dövlətin sərvətini talan edənlər, vətəndaşı səfil vəziyyətə salanlar daş-qalaq edilməlidir. Amma oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Ölkədən 95 milyard oğurlayan bunlar, gələcək nəsillərin çiyninə borc yükləyən bunlar, bütün sahələri monopoliya edən, vətəndaşa ən yüksək fazilərlə kredit verən, insanların şəxsi mülkiyyətinə təcavüz edən bunlardır. Kadrları cinayətkar, agent, rüşvətxor çıxan bu hökumətdir. Deməli, bu hökumətin kadrları daş-qalaq edilməlidir. Amma rejim o qədər eybəcərdir ki, oğrunu yox, oğurluğu üzə çıxaranı daş-qalaq edirlər.
Bu gün həbsdə olan 100-ə yaxın siyasi məhbus da məhz həqiqəti dedikləri üçün, korrupsiyanı ifşa etdiklərinə görə cəzalandırılıblar. Ona görə də Şahin Məmmədov arxayındır və bilir ki, təmsil etdiyi hökumət bunu tələb edir.
Əziz oxucu, bu təfəkkürdə, bu əxlaqda, bu savadda olan adamlar islahat apara bilərmi? Belə kadrları olan hökumət cəmiyyəti ağ günə çıxara bilərmi? Əlbəttə, yox. Icra başçısı açıq şəkildə deyir ki, oğurlanan pullara görə heç kim səs çıxarmasın və səsini çıxaran daş-qalaq edilsin. Bu təfəkkürdə adamlar ölkəni yalnız keçmişə, cəhalətə sürükləyə bilər.
Uzun illərdi pis nümunləri xalq olaraq daş-qalaq etmədiyimiz üçün bu gün millətin haqqını yeyənlər hədə diliylə danışa bilir. Deməli, icra başçısı rayonu çapıb-talamalı, biznes imperiyası yaratmalı, özünü şah kimi aparmalı və sadə vətəndaş da buna göz yummalıdır.
Qısası, hökumət vətəndaşa kölə olmağı əmr edir. “Oğurlayıram, talan edirəm, yaxşı eləyirəm” deyirlər. “Sus, taleyinlə barış, şükr elə” əmr edirlər.
Samir