Taksi sürücülərinin bu günlərdə çox maraqla izlədiyimiz etiraz aksiyaları indi bizim cəmiyyətdəki aktiv narazılığın ən sonuncu nümunələridir. Bəli, onlar meydana xeyli ürkək şüarlarla çıxıblar, lakin əminliklə deyə bilərik ki, kifayət qədər cəsarətli və gələcəyi olan addımlar atırlar. Onlar tələblərini bəyan edərkən prezidenti dəstəklədiklərini təkrar-təkrar söyləyirlər, sanki özgə prezidentin rəhbərlik etdiyi ölkədə incidiliblər, sanki narazılıqlarında Ilham Əliyevin heç bir məsuliyyəti yoxdur. Hamıya da aydındır ki, bu üsul onların özlərini sığortalaması üçündür və kimlərdəsə ikrah da doğura bilər. Çünki bu adamlar bir çox ictimai-siyasi azadlıqlar tapdananda susublar, elə indi də sərt olmayan şüarlarla meydana çıxıblar. Amma…
Onlar həm də çox cəsur bir addım atıblar. Ölkəyə öz haqları uğrunda ayağa qalxmağın xüsusi örnəyini nümayiş etdirir, uzun illərin susqunluğu fonunda əsl qorxmazlıq sərgiləyirlər. Bu aksiya ayrı-ayrı sosial qrupların ayağa qalxmasının ilk qaranquşlarıdır. Elə burada bir haşiyə çıxmaq istəyindəyəm. Bənövşəyi taksilərin və onların sahiblərinin tamahına tuş gəlmiş bu adamların etirazı mənə ilk baharda bənövşələrin boy qaldırmasını xatırlatdı. Daşların arasında bənövşələrin necə bitdiyini görmüsünüzmü? Yazın gəlişini qaranquşlardan da öncə xəbər verən bu gözəl çiçəklərin əvəzedilməz ətri, görünüşü və mənası var. Onlar kövrək və zərifdir, bu keyfiyyətinə görə onlarla heç nə müqayisə edilə bilməz. Amma yeni fəsilə qədəm qoyan təbiətdə hər şeydən öncə oyanır və çiçək açırlar.
Taksi sürücülərinin etirazı da baharın ilk oyanışı kimi, bənövşələrin daşların arasından boy atmasına bənzəyir. Qəti əminəm ki, bu, ölkənin yeni dönəmə qədəm qoymasının gerçək əlamətlərindən biridir…
Bilirəm ki, Ərəb Baharından sonra “Inqilab Azərbaycana da gələcək!” arqumentlərini çox işlətmişik. Haqlı olmuşuq, lakin bu iddialarla spekulyasiya etmək fikrimiz də yoxdur. Ölkəmizin fərqli bir dönəmə girməsi ərəb inqilablarından da öncəyə aiddir. Mən yada salmaq istəyirəm ki, gənclərin fəallaşması, yeni etirazçı nəslin oyanışı bu inqilablardan əvvəl də vardı və gənclər o zaman bundan daha az fəallıq etmirdi. Bir sözlə, Azərbaycanın dəyişikliklərə hamilə olmasına inam təkcə, Fəzail Ağamalı dediyi kimi, haradasa hansısa xalqın ayağa qalxmasının eyforik təsiri deyil. Dəyişikliklərə inamımızın bundan asılı olmayan – apriori əsasları var ki, elə biri də yeni gəncliyin yetişməsidir.
Ağır repressiyalarla və əngəllərlə üzləşməsinə baxmayaraq, mövcudluğunu saxlayan müxalifət də, kiçik ada şəklində qalmasına rəğmən, kifayət qədər mübariz ruhda çarpışan və bəzən estafeti öz üzərinə götürən etirazçı mətbuat da gördü ki, ortada yeni və real mübarizə kəsimi var – gənclik. Bu gənclik indi ərəb inqilablarından ruhlansa da, bu inqilabların eyforik yetişdirməsi deyil, onlar cəmiyyətin öz bağrından qopub və tam obyektiv bir amildir.
Taksi sürücülərinin aksiyalarına qədər də biz bölgələrdə və Bakıda etirazlara şahid olurduq. Həmin etirazların iştirakçıları ya bir-birini tanıyan adamlar, ya da eyni lokal bir problemin əhatəsində olan fərdlər (evləri sökülənlər, qazsız qalan kənd sakinləri, daşqından zərərçəkənlər və s.) idi. Taksi sürücüləri isə ölkəmiqyaslı problemə bağlıdır və bütöv bir sosial mənşəni ifadə edir.
Deməli, artıq insanlar müxalifətə qoşulmadan da narazılıqlarını ifadə etməyə meyllidirlər. Hətta təşkilatlana bilirlər. Yəni, hakimiyyətin mitinq və aksiyaları zəif müxalifətin şıltaqlığı kimi qələmə verməsi cəhdləri boşa çıxıb. Müxalifətə yönələn “xalq sizin mitinqləri dəstəkləmir” kimi eyhamlar da mənasını itirir, çünki xalq özü artıq mitinq edir – müxalifətsiz də.
Bu da yeni mərhələnin əlamətidir, vətəndaşlar öz haqlarını müdafiə etməyə cəsarət edirlər, aktiv narazılıq passiv narazıları da əhatə etməyə başlayır. Onu da qeyd edək ki, dediyimiz proses də obyektiv amillərə söykənir: Azərbaycan hakimiyyətinin siyasəti artıq daha çox insan üçün dözülməz görünür, daha çox adamı “yerindən oynadır”.
Nəticə odur ki, yeni gənclik dalğasının və aktiv xalq narazılığının böyüməsi tendensiyası daxili ictimai şərtlərə, daxili reallıqlara söykənir və heç də hakimiyyət təbliğatçılarının dediyi kimi, xaricdəki olaylara eyforik münasibətdən doğmur. Üstəlik, onu da unutmaq olmaz ki, dünyada Ərəb Baharı ilə başlayan dəyişiklik ruzigarı da var və o, dəyişikliklərə eyforik münasibətdən çox, böyük və gerçək bir inam formalaşdırır. Bəs bütün bunlar nə ilə nəticələnə bilər? Bu da növbəti yazımızın mövzusu olsun.