90-cı illərin axırı idi. Heydər Əliyev sosialist şair Süleyman Rüstəmin neçəsə illiyinin keçirilməsilə bağlı fərman vermişdi. Onda Qənimət Zahid bu fərmanı tənqid edərək, yazmışdı: “Acıqla Süleyman Rüstəm o qədər yaşadı ki, axırda yaxşı adam oldu”.
Mən bugünlərdə Ilham Əliyevin metronun “Sahil” stansiyasının yaxınlığında açılışını etdiyi yeraltı keçiddə düşərkən əlahəzrətin özü barədə Qənimət Zahidin yazdığı kimi düşündüm: “Əliyevlər o qədər hökmranlıq etdilər ki, artıq onlar yaxşılıq da etməyi bacardılar”.
Ilham Əliyevin Azərbaycan xalqı üçün etdiyi yaxşılıq o yeraltı keçid deyil. O yeraltı keçiddə öz adını yazdırmaqdan imtina etməsidir. Axı bir qədər əvvələ qədər yeni tikilən ən mənasız keçidə, körpüyə də “bunu Ilham Əliyevin fərmanı ilə tikdik” kimi “təsirli” cümlələr həkk edirdilər. Bu işin ağını Şəhidlər Xiyabanında çıxarıblar: “Şəhidlər Xiyabanı Ilham Əliyevin fərmanı əsasında təmir edilib”. Adam gülə də bilmirdi bu anormallığa…
Nə isə, yeraltı keçiddə qibleyi-aləmin adının olmamasını mən “analoqsuz hadisə” adlandırıram və sidq-qəlbdən təqdir edirəm. Ümid etmək istəyirəm ki, bu hadisə ənənəyə dönəcək, kampaniya xarakteri daşımayacaq. Ümid edirəm ki, əlahəzrət prezident seçkisində etdiyi kimi, bizi məyusluğa salmayacaq. O zaman hökmdar əsəbiləşib demişdi ki, a balam, bu nədir, dörd bir yanımı fotolarımla bəzəmisiniz, yığışdırın! Bundan sonra nə qədər məddah televizora çıxıb dedi ki, gözümüz aydın, bəs Azərbaycanda şəxsiyyətə pərəstişin beli qırıldı. Amma olmadı, Ilham müəllimin fotoları nağıllardakı əjdaha başı kimi oldu – biri yox edilən yerdə 7-si yarandı.
Ilham müəllimin bəyəndiyim daha bir cəhətini ötən gün hökumətin hesabatını dinləyərkən gördüm. Şükr yaradana, qibleyi-aləm danışıq tərzində bəzi dəyişikliklər edib. Onun danışıq tərzini bilirdiniz: “Hər şey yaxşıdır, lap yaxşıdır, super yaxşı olacaq”.
Təxminən bu cür söhbətlər. Srağagün isə o, çıxışında belə cümlələr işlətdi:
Neftin hasilatı aşağı düşdüyünə görə, ümumi iqtisadi göstəricilər o qədər də böyük deyil;
Sənaye istehsalı yenə də neft hasilatı aşağı düşdüyü üçün 5 faiz azalmışdır.
Buna el arasında “dilin ”lə ilahə illahlah”a gəlməsin” deyirlər.
Itirilmiş fürsət
Siyasi məhbus Nemət Pənahlını atasının dəfn mərasiminə buraxmadılar. Buna hakimiyyətin itirilmiş fürsəti kimi baxıram. Niyəsini də yazıram.
Ilham Əliyevi dünya siyasətçilərindən fərqləndirən bir cəhəti var. Heç bir siyasətçi onun kimi vəfat edənlərdən siyasi xal toplamaq bacarığında deyil. Etik olmadığından onun atasının vəfatı ilə bağlı məqamın üstündən susub keçirəm.
Indi diqqət edin:
Qənimət Zahid və onun qardaşı Mirzə Sakiti şərlətdirərək həbsə atdırır. Az keçmir, bu insanların atası vəfat edir. Ilham Əliyev göstəriş verib, onları 5-6 günlük hüzr mərasiminə buraxır. Məddahlar ordusu əl çalır: Bravo, Əliyev, necə də mərhəmətlisən!!!
Rəfael Allahverdiyev – Bakının keçmiş meri… Pulunu və canını Əliyevlərin yolunda xərcləmiş insan. 2000-ci illərin əvvəlində Əliyevlərin gözündən düşdü. Onu düz Isveçə qədər qovdular. 2009-cu ildə Ilham Əliyev ona geri dönməyə izn verdi. Geri dönən isə keçmiş merin nəşi idi, o ölmüşdü. Amma nolsun, məddahlar yenə ölüdən siyasət yapdılar, “bravo, Əliyev”, sədaları hər yeri bürüdü.
Bloqçu Emin Milli həbsə atılır, işin arxasında yenə də Ilham Əliyevin iradəsi yatır. Millinin atası o, həbsdə olarkən vəfat edir. Əliyev yenə “mərhəmət” göstərir, onu hüzrdə iştirak üçün 5-6 günlük buraxır. Alqışlar yenə də var, zarafat deyil, hökmdar humanizm göstərib.
10 gün əvvəl vicdan məhbusu Arif Alışlının atası dünyasını dəyişdi. Qibleyi-aləm sağ olsun, o mərhəmətini yenə kəm etmədi, Arifi 5 günlük evlərinə buraxdı ki, oğul yası yola versin.
Baho, tamam unutmuşduq, keçmiş prezident Ayaz Mütəllibovun oğlu faciəvi formada həlak olur. Sizcə, Ilham müəllimin ürəyi buna dözərdimi? Yox! O, Mütəllibova Azərbaycana, oğlunun yasına gəlməyə izn verir. Hüzrdəkindən daha çox göz yaşı əlahəzrətin humanist addımı üçün axıdılır. “Bravo, Ilham müəllim, siz necə də insansevər imişsiniz” şüarları mətbuatı, kuluarları bürüyür.
Və şərlənərək həbsə atılan Nemət Pənahlının atası vəfat edir. Əlahəzrət bu dəfə adətinə xilaf çıxdı, niyəsini isə bilmirəm.