Oqtay Haqverdiyev: «Durğunluğun əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir»
Ölkənin maşın bazarında vəziyyət kritikdir. Iqtisadi böhran hər sahədə olduğu kimi, bu sektoru da çökdürüb. Maşın bazarında qiymətlər sürətlə düşməkdə davam edir. Alıcı və satıcılar vəziyyətin get-gedə daha da çətin olacağını bildirirlər.
Çünki ölkəyə gətirilən avtomobillərin əksəriyyəti, daha dəqiq desək, hamısı işlənmiş vəziyyətdədir. Gətirilən, yəni populyar avtomobillər əsasən Almaniya, Yaponiya və Koreya istehsalıdır ki, onların da qiyməti öz ölkələrində çox bahadır. Ona görə də azərbaycanlılar Gürcüstandan işlənmiş avtomobillər gətirməyə üstünlük verirlər.
Hazırkı vəziyyət maşın bazarındakı durğunluğun hələ davamlı olacağından xəbər verir. Köhnə maşınlar sıradan çıxandan sonrakı durum bu gün analitikləri daha çox düşündürür. Maraqlıdır, qarşıdakı illərdə maşın bazarında vəziyyət necə olacaq? Qiymətlərin düşməsi nə vaxtadək davam edəcək?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, avtomobil bazarında vəziyyət heç də ürəkaçan deyil. O, ölkəyə maşın gətirənlərin sayının iki dəfədən çox azaldığını deyir. Ekspert bundan sonra hansı vəziyyətin gözlənildiyinin də qaranlıq olduğu qənaətindədir. Çünki Avro-4 standartının tətbiqi məsələni çox qəlizləşdirib: “Gürcüstanda həmin maşınlar bu standarta uyğun gəlmir. Ona görə də ordan maşın gətirənlər bu işdə daha maraqlı deyillər. Əslində, mövcud maşın bazarındakıların hamısı köhnəlmiş maşınlardır. Bu maşınların da davamı gəlmir. Məsələnin bundan sonra necə olacağı sual altındadır. Maşın bazarındakı durğunluğun ən əsas səbəbi isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir”.
Nigar