Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov “KQB”nin agenti olub. Bu iddia ilə jurnalist Eynulla Fətullayev maliyyə naziri Samir Şərifovun adı keçən “agent qalmaqalı” barədə müəllif yazısında çıxış edib. Eynulla Fətullayev israr edir ki, Eldar Mahmudov 1982-ci ildə “KQB” ilə könüllü əməkdaşlığa başlayıb. Jurnalist yazır:
“Qaradağ rayonunun 6-cı milis şöbəsinin xüsusi komendaturasının müfəttişi Eldar Əhmədoviç Mahmudovun şəxsi işindən dəqiq məlumdur ki, o, 1982-ci ildə SSRI ”KQB”si ilə könüllü əməkdaşlığa başlayıb. O, “Dağsiçanı” agentura ləqəbi ilə fəaliyyət göstərib. Yəqin ki, bu işində “Dağsiçanı” çox ciddi-cəhdlə çalışıb, çünki xüsusi xidmət orqanlarına işləməyə başlayandan dərhal sonra o, yəni Eldar Mahmudov xidməti pilləkənlə sürətlə yuxarı qalxmağa başlayır – onu Azərbaycan SSR DIN-nin 5-ci şöbəsinin (nəzarət xidməti!) baş müfəttişi təyin edirlər.
Daha bir müddət sonra SSRI “KQB”dəki kuratorlarının dəstəyi ilə Eldar Mahmudov Bakının Kirov rayonunun milis şöbəsində operativ işə keçirilir. Rusiya xüsusi xidmət orqanlarının arxivləri cuğul Mahmudovun raportları və “donos”ları ilə doludur. Mümkün hal kimi qiymətləndirirəm ki, SSRI dağıldıqdan sonra SSRI KQB-nin xələfinin – Rusiya xüsusi xidmət orqanının nəzarətinə keçmiş Eldar Mahmudov xidməti pilləkəndə daha bir yüksəlişə nail olur – SSRI DIN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Regionlararası Idarəsində vəzifə sahibinə çevrilir. Bu faktları heç kim, o cümlədən Eldar Mahmudov da inkar edə bilməz. Elə öz qudası Cahangir Hacıyevin Rusiya xüsusi xidmət orqanlarının bəzi yüksək vəzifəli generalları ilə əlaqələrinin təkzibolunmaz sübutları kimi. Yeri gəlmişkən, Azərbaycanda qarət etdiyi milyardları Cahangir Hacıyev ölkədən kənara məhz bu generalların hazırladığı qeyri-qanuni sxemlərin köməyi ilə çıxarıb. 2005-ci ilin dekabr ayının 17-də Rusiya Daxili Işlər Nazirliyinin Moskvanın Mərkəzi rayonu üzrə Istintaq idarəsinin əməkdaşları və Iqtisadi təhlükəsizlik idarəsinin operativ şöbəsinin işçiləri Beynəlxalq Bankın Moskva filialında məhz pulların xaricə qeyri-qanuni daşınması ilə əlaqədar axtarış keçirmişdilər”.
Maraqlıdır ki, Eldar Mahmudov Azərbaycanın xüsusi xidmət orqanının rəhbərliyinə gətiriləndə bu fakt nəzərə alınmayıb. İndi hakimiyyət bu məsələyə də aydınlıq gətirməlidir.