Mərhum xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva dövlət adamlarının onun ailəsini axtarmamasından, hal-əhval tutmamasından gileylənib. Şərqiyyə Əliyeva bildirib ki, xalq artistinin dostları, sənətkarlar isə ailə ilə maraqlanırlar.
“Dövlət nümayəndələrindən heç kim maraqlanmayıb. Yalnız anım günündə mədəniyyət nazirinin müavini, bir sıra səfirliklərin nümayəndələri var idi. Ondan sonra heç kim bizi axtarmayıb. Amma Habil müəllimin yaxınları, sənətkarlar, qohumlar bizimlə daim əlaqə saxlayırlar”.
Ayaqlarından şikayətçi olan Ş.Əliyeva səhhətində ciddi problemlər yaşamadığını bildirib.
“Əhvalım pisdir. Hər birimizin gözlərində yaş var. Bizim üçün həyat qurtarıb. Ayaqlarımda ağrılarım var, hələ ki sanatoriyaya getmək istərmirəm. Habil müəllimin də qəbirüstü tam hazırdır. Martın 21-də yaxınlarla birlikdə qəbirüstünə gedəcəyik. Onun üçün hazırlanmış büstü də hazırdır. Amma mayın 28-də Habil müəllimin 89 yaşında açılışını edəcəklər”.
Qeyd edək ki, xalq artisti, tanınmış kaman ustası Habil Əliyev sentyabrın 8-də vəfat edib. (modern.az)