Bu ölkənin deputatı öz hökumətini «korrupsiyaya qurşanmış SOCAR-la müqavilə bağlamaqda» ittiham edir
Maltanın müxalifətdə olan və eyni zamanda, parlamentdə təmsil olunan partiyasının sədr müavini Beppe Feneç Adami öz hökumətini Azərbaycanla əlaqələrə görə sərt tənqid edib. Bu barədə “Malta Today” qəzeti “Adami hökumətinin Azərbaycanla əlaqələrini ciddi şübhə altına salıb” başlıqlı məqalədə yazır.
Adami Azərbaycanın dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri olduğunu bildirib. Parlamentdə fasilə zamanı jurnalistlərə açıqlama verən Adami deyib ki, baş nazir Cozef Muskat Baş nazir Aparatının rəhbəri Keit Şembri və enerji naziri Konrad Mizzi 2014-cü ilin dekabrında Bakıda gizli danışıqlar aparıb.
“Maraqlıdır ki, məhz həmin dövrdə Mizzi və Şembri Panama və Yeni Zelandiyada gizli şəkildə müəssisələr qurublar. Bakıdakı danışıqlar zamanı SOCAR ilə müqavilələr imzalanıb. Məhz bunun nəticəsində Maltaya milyonlarla avro ziyan dəyib. SOCAR-la bağlanmış müqavilələrdən birinə görə, bu şirkət Maltada qazla işləyən elektrik stansiyaları tikməli idi. Bu sahədə də korrupsiyanın olması şübhə doğurmur”, – deyə Adami bildirib.
Maltalı deputat, eyni zamanda, SOCAR-ı da dünyanın ən çox korrupsiyaya qurşanmış şirkətlərindən biri kimi təqdim edib: “Buna baxmayaraq, bizim hökumətimiz belə bir şirkətlə işbirliyinə gedib. Korrupsiya ilə bağlılığı heç bir şübhə doğurmayan azərbaycanlı Mənuçöhr Xangah ”Nexia BT” şirkəti vasitəsilə 2015-ci ilin fevral ayında Maltada 6 şirkət təsis edib”.
Adaminin sözlərinə görə, Mizzi özü də Panamada müəssisə qurmaq qərarının səhv olduğunu etiraf edib: “Bu etirafdan sonra da baş nazir Konrad Mizzini, eləcə də onunla eyni hərəkəti etmiş Şembrini istefaya göndərmir. Çox təəssüf ki, baş nazirin bu iki şəxsi istefaya göndərməyə iradəsi yoxdur”.
İnformasiya şöbəsi