«The Independent»: «Bir tərəfdə təntənə, bir tərəfdə məyusluq»
Iranda parlamentə və ali dini lideri seçmək hüququ olan Ekspertlər Şurasına seçkilərin nəticələrini Tehran da daxil olmaqla ölkənin bütün şəhərlərində bayram edirlər. Islahatçıların qələbəsindən məyus olan yeganə yer Qum şəhəridir.
BBC “The Independent”ə istinadən xəbər verir ki, “şiələrin Vatikanı” adlandırılan Qumda seçkinin nəticələri xoş günlərin mücdəçisi kimi yox, ayətullah Ruhulla Xomeyninin ruhuna xəyanət kimi qarşılayıblar.
Islahatpərəst qəzetlərdən biri Iran seçkilərini “tarixi dönüş nöqtəsi” adlandırıb. Lakin Qumdakı şiə təməlçiləri bu dönüşün istiqamətindən narahatdırlar. Mötədil prezident Ruhaninin dünya gücləri ilə əldə etdiyi nüvə sazişinin qatı əleyhdarı olan mühafizəkarlar islahatçıların belə dağıdıcı qələbəsini gözləmirdilər”.
“Özlərini Qərbə göstərirlər”
“The Independent” yazır ki, indi Qumda cümə ibadətlərinə axundluq edən höccət ül-Islam Sayyed Məhəmməd Saydi moizələrində ölkənin yeni parlamentini “düşmənlərin fitnə-fəsadından” ehtiyatlı olmağa çağırıb: “Onlar yenə də acgöz ABŞ-dan, hiyləgər tülkü Britaniyadan danışırlar. Buradakı Fatimeyi-Məsumənin müqəddəs məqbərəsində 120 kilometr şimalda olan Tehran küçələrinin təntənəsindən əsər-əlamət yoxdur. Məscidin 23 yaşlı işçisi Məhəmməd Əlibehdin deyir ki, Tehrandakı çığır-bağırı fikir vermək lazım deyil.
“Onlar heç kimi təmsil etmirlər, amma özlərini Qərb curnalistlərinə göstərirlər. Əsl iranlıar ayətullah Xomeyninin qoyduğu yolla gedənlərdir”, – deyir Məhəmməd. Parlamentdə əksər yerləri islahatyönlülərin tutacağı barədə xəbər onu həm təəccübləndirib, həm də şübhələndirib: “Nəticələr çox qəribədir, islahatçılar bu qədər səs toplaya bilməzdilər. Məncə, nəticələr yoxlanmalıdır”.
Seçkilərin nəticələrinə görə, islahatçılar yeni məclisdə mandatların 85-nə, nüvə sazişini dəstəkləyən “mötədil mühafizəkarlar” isə 73-nə sahib olublar. Qatı mühafizəkarlar 68 mandat əldə ediblər və ya 44 mandat itiriblər.
Leonardo Di Kaprio və Xomeyni
“The Independent” yazır ki, Leonardo Di Kaprio, Al Paçino, Çarli Çaplin, həmçinin imam Xomeyni və ayətullah Xameneyinin portretləri ilə bəzənmiş Bastani meydanındakı kafedə müzakirəyə qoşulanlar iki cəbhəyə bölünüblər. 33 yaşlı Qasım Hüseyni deyir ki, əcnəbilər Məhəmməd Yəzdi, Məhəmmədtağı Mesbah-Yəzdi və Əhməd Cənnəti kimi mühafizəkarlardan qurtulmağa çalışırdılar: “Məsələn Cənnəti 16 nəfərlik siyahıda güc-bəla ilə 15-ci yeri tutub. Hüseyni düşünür ki, yuxarılarda nəyisə danışıb razılaşıblar.
Amma mühafizəkarların bir çoxu etiraf edir ki, onlar sözlərini xalqa çatdıra bilməyiblər. Təhlilçi və curnalist Seyyid Əli Pur-Tabatabeyi düşünür ki, mühafizəkarlar Tehrandan kənar yerlərdə pis seçki nəticələri göstərməyiblər. “Həm də digər tərəfdən islahatpərəstlər artıq bir dəfə də parlamentdə çoxluğa malik olublar.
Onlar prezident Xatəminin vaxtında seçki uğuru qazansalar da, sonradan xalqa vəd etdikləri islahatları həyata keçirmədilər və meydan prezident Mahmud Əhmədinecada qaldı. “Bu dəfə də belə ola bilər” – deyir təhlilçi”.
Ruhaniyə xəbərdarlıq
Müəllif qeyd edir ki, paytaxt Tehran və 80 milyonluq Iran, əhalisi bir milyon olan Qumun rəyini nəzərə almaya bilməz. Üzvlərinin əksəriyyəti məhz Qum şəhərindən olan Nəzarət Şurası ayətullah Xomeyninin nəvəsi, lakin islahatyönlü Həsən Xomeyninin namizədliyinin qeydə alınmasına mane olub: “Qumdakıların xoşlamadığı başqa bir personac Əli Laricanidir. O mühafizəkar olsa da, nüvə sazişi məsələsində prezident Ruhanini və islahatpərəstləri dəstəkləyib. Belə mövqe Laricaninin özünün mandatını itirməsinə səbəb olub. Seyyid Əli Pur-Tabatabeyi düşünür ki, mötədil mühafizəkarlar və islahatpərəstlər seçki paktı bağlamaqla düz hərəkət ediblər və xalq səsverməsinin nəticələrinə hörmət edilməlidir. Qum Elmiyyə Mədrəsə təşkilatının rəhbəri höccət ül-Islam Həmid Maleki deyib: “Laricani və prezident Ruhani kimi bəziləri var ki, siyasətlə Islamın bir-birindən ayrılmasını mümkün sayırlar. Ayətullah Xomeyni deyib ki, Islam siyasət də daxil gündəlik həyatın bütün sahələrində olmalıdır. Bu ikisini bir-birindən ayırmaq olmaz və burada güzəşt ola bilməz. Iran xalqı hər hansı növbəti addımını atanda bunu nəzərə almalıdır”.