Bu gün AXCP sədrinin müavini, tanınmış jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” TV proqramının aparıcı əməkdaşı, siyasi məhbus Seymur Həzinin doğum günüdür. Bu münasibətlə AXCP lideri onu təbrik edib. Təbrikdə deyilir:
Dostlar, bu gün ölkəmizin gənc və perspektivli siyasətçisi, müavinim Seymur Həzi doğum gününü məhbəsdə keçirir. Seymur bəy siyasətçi olaraq hələ çox gəncdir. 34 yaşı tamam olur. Amma artıq özünü ölkənin ən ciddi intellektuallarından, ən tirajlı yazarlarından və ən cəsur siyasətçilərindən biri kimi təsdiq edə bilib. Seymur bəy çox gənc yaşlarından AXCP-yə qoşulub. Demək olar ki, AXCP-də böyüyüb. Mən onu hər zaman çətinliklərin üzərinə mərdliklə yeriyən gördüm. Əqidəsinə, prinsiplərinə, vətəninə, millətinə sədaqətli gördüm. Seymur bəy prinspial jurnalist və siyasətçi fəaliyyətinə görə çox hədələnirdi. Hələ həbsindən əvvəl bir neçə dəfə oğurlanaraq döyülmüş, hətta işgəncələrə məruz qalmışdı. Amma bir dəfə də olsun onun qorxduğunu, tərəddüd etdiyini görmədim. Əksinə, təhlükənin üzərinə getdi. Öz cəsarətilə şərə meydan oxudu.
İndi biz tariximizin çox ağır dövrünü yaşayırıq. Millətin içindəki ən qabiliyyətsizlər “seçilərək” ölkənin idarəetməsini öz üzərlərinə götürüb. Ona görə də millət sevgisilə yaşayan, millətinə xidmət etmək iqtidarında olan işıqlı insanlar hazırda düşmən görülür, müxtəlif bəhanələrlə həbsə atılır. Amma əminəm ki, bu qaranlıq dövr çox çəkməyəcək. Millətimiz öz əqidəli, prinspial oğul və qızlarının çiynində işıqlı sabahına qovuşacaq.
Seymur bəy, səni ürəkdən təbrik edirəm. Sənə uzun və mənalı ömür, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, tezliklə haqq etdiyin azadlığa qovuşasan, ağlını, bacarığını, intellektini ölkəmizdə 3-cü respublikanın bərpasına sərf edəsən. Allah rejimin şərlədib, həbs etdirdiyi bütün siyasi məhbus dostlarımızın qapısını açsın!