Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov
Bu günlərdə Kənd təsərrüfatı naziri yeni bir çıxış yapıb. O deyib: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib. İkincisi devalvasiya prosesindən sonra Rusiya bazarında Azərbaycan üçün münbit şərait yaranıb, birneçə belə amillərin toplumu Azərbaycandan Rusiyaya məhsul ixracının artırıb və bunnan növbəti aylarda da mən sizə bəri başdan bildirirəm ki, dəfələrlə artacaqdır.” Hörmətli oxucu, nazirin çıxışını olduğu kimi, redəktə etmədən sizin diqqətinizə çatdırdım. Əlbəttə, əsas məmurun nə və necə deməsi , danışması deyil, əsas onun əməlidir. Əksər hallarda məmurların danışıqları ilə əməlləri arasında xeyli zidiyyətlər olduğunun şahidi oluruq. Onu da qeyd etməliyəm ki, indi Azərbaycanın kənd təsərrüfatı məhz hökumət məmurların yalan danışığının, sözlə əməlinin üst-üstə düşmədiyinin hesabını ödəyir. Yalan, saxta rəqəmlər uydurmaqla mövcud problemləri ört-bastır etmək, yaxşı iş görüntüsü yaratmaqla tutduğu vəzifədə vaxt, müddət uzatmaq Azərbaycanda adi hal alıb. Nə isə… Keçək əsas məsələyə. Məmur deyir ki,”daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib”. Xatırladım ki, indiki kənd təsərrüfatı naziri 2013-cü ilin axırlarında bu vəzifəyə gətirilib. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycan uzun müddətdir ki, meyvə-tərəvəz ixracı ilə məşğul olur. Bu ilin yanvar ayında qonşu ölkəyə tərəvəz ixracının 4 dəfəyədək artımını “daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib” deyərək əsaslandırmağa çalışan məmur yaxşı olar ki, heç olmasa, gömrük idarəsini məlumatlarına diqqət yetirsin. Son illərdə, 2013-cü və sonrakı illərin yanvar aylarında meyvə -tərəvəzməhsulların idxal-ixrac əməliyyatlarının inkişaf dinamikasına nəzər saldıqda çox məyusedici bir mənzərə yaranır. Belə ki, 2013-cü ilin yanvar ayında ölkədən 10,2 milyon dollar dəyərində meyvə tərəvəz ixrac olunduğu halda, 2016-cı ildə bu rəqəm 5,6 milyon dollar artaraq,15,8 milyon dollar təşkil edib. Bu müddət ərzində isə ölkəyə idxal olunan meyvə-tərəvəz dəyər ifadəsində ixrac olunan atrımdan 2 dəfə çox olub. Belə ki, 2013-cü ildə ölkəyə 2,1 milyon dollar dəyərində meyvə-tərəvəz idxal olunduğu halda, bu ilin birinci ayında bu göstərici 5 dəfəyə yaxın artaraq 12,4 milyon dollar təşkil edib. Hətta, keçən ilin anoloji dövrü ilə müqayisədə meyvə-tərəvəz idxalı 2,3 dəfə artıb.Bu isə kənd təsərrüfatı istehsalında çox ciddi geriləmələrin, xüsusən istixana şəraitində istehsal olunan məhsulun azaldığını deməyə tam əsas verir .Əlbəttə bu sahədən bixəbər olanlar belə göstəriciləri nəzərə almaya bilər. Ancaq “daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib”, deməklə sahədə mövcud olan problemləri uzun müddət ört-bastır etmək mümkün olmayacaq. Diqqətinizə çatdırım ki, ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir zamanda, həmçinin yanvar ayında qiymətlərin sıçrayışlı artımı və bunun nəticəsində də meyvə-tərəvəz istehlakının coxciddi azalması fonunda bu adda məhsulun idxalının artması, bir daha istehsalın kəskin azalmasından xəbər verir. Onu da qeyd etməliyəm ki, əvvəlki, ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı cəmi 1,3 milyon dollar dəyərində artdığı halda, bu adda məhsulun idxalı 7,3 milyon dollar dəyərində artıb. Digər vacib bir məqamı da nəzərinizə çatdırmaq isəyirəm. Belə ki, son zamanlar apardığımız araşdırmalar göstərir ki, Azərbaycana digər ölkələrdən idxal olunann ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxal dəyəri dəfələrlə aşağı qiymətə sənədləşdirilir. Əlbəttə bu halı nəzərə alsaq ölkəyə idxal olunan meyvə-tərəvəz real olaraq ən azı 2 dəfə çoxdur. Meyvə-tərəvəz idxalının 2,3 dəfə çoxalması və ixrac olunan məhsulların da nisbətən artması, ölkəyə gətirilən meyvə-tərəvəzin ciddi artımı ilə əlaqəlidir. “Daha artıq sürətlə istixanaların inkişafı həyata keçirilib”, demək isə yersiz söhbətdir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artdığını iddia edən məmura başqa bir xatırlatma da var. Bunun üçün iхracda əsas mallar sırasında yer tutan digər üç məhsullara da nəzər yetirək.
Xatırladım ki, 2013-cü ilin yanvar ayındaçay ixracı 2,1 milyon dollar təşkil etdiyi halda, bu il bu göstərici 3,5 dəfə azalaraq 0,6 milyon dollar təşkil etib.Şəkər ixracı da çox ciddi şəkildə azalıb, belə ki, 2014- cü ilin yanvar ayında 13,5 milyon dollar dəyərində bu adda məhsul ixrac olunduğu halda, bu ilin eyni dövründə 6 dəfədən çox azalaraq 2,2 milyon dollar təşkil edib. Nəhayət, 2013-cü ilin yanvar ayında 31,3 milyon dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunduğu halda, bu ilin birinci ayında bu göstərici 24 dəfə azalaraq 1,3 milyon dollar təşkil edib.
Çox təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə belə bir hal dəbə düşüb. Əvvəlcə məmur saxta, yalan rəqəm uydurur, sonra onu yavaş-yavaş kütləvi informasiya vasitələrinə ötürür, həmin yalanlar işıq üzü gördükdən sonra özü də inanıb təkrar-təkrar çıxışlarında istifadə edır, ifşa olunmadıqda isə uydurduğu yalanı böyütməyə çalışır. Yalandan da böyük yalan olar?Hansı inkişafdan danışırsınız, cənablr? Azərbaycanın kənd təsərrüfatını öz şəxsi maraqlarınıza qurban vermisiniz! Ölkəni də idxal mallarından aslı qoymusunuz.
Vahid Məhərrəmov
Kənd təsərrüfatı mütəxəssisi.