“Hakimiyyət vətəndaşların etirazını eşitməli və kursunu düzəltməlidir”
Bütün Rusiyanın və Moskvanın patriarxı Kirill hakimiyyəti Dumaya seçkinin nəticələrinə görə ucaldılan etiraz səslərini eşitməyə səsləyib. Kirill “Rusiya 1” telekanalına müsahibəsində bildirib ki, cəmiyyətin siyasi vəziyyətə etiraz etmək haqqı var. Hakimiyyət isə vətəndaşların etirazını eşitməli və kursunu düzəltməlidir.
Patriarx həmçinin, insanları təxribatlara uymamağa və “ölkəni dağıtmamağa” çağırıb.
Rusiya Dumasına seçki ötən ilin dekabr ayında keçirilib. Ölkə müxalifəti nəticələrin saxtalaşdırıldığını bildirir və yeni seçkilər tələb edir. Rusiya müxalifəti bu tələblə iki çoxminlik ümumölkə mitinqi keçirib. Növbəti mitinq fevralın 4-ə təyin edilib.