Neftin ən böyük ixracatçısı – Səudiyyə Ərəbistanı hasilatı azaltmayacağını qəti şəkildə bəyan etdikdən sonra xammalın qiyməti kəskin düşüb.
Bu prosesə ABŞ-ın neft anbarlarının dolmaqda davam etməsi barədə xəbər də təsir göstərib.
Öz növbıəsində İran bəyan edib ki, ona qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra neft hasilatını azaltmaq kimi niyyəti yoxdur.
Tehran Rusiya və Səudiyyənin neft ixrac edən ölkələri hasilatı qısmağa çağırmasını “gülməli” adlandırıb.
ABŞ-ın WTI markasından olan neftinin fyuçers qiyməti bir barrel üçün 31, 12 dollar səviyyəsində qərarlaşıb.
Brent markasından olan neftin fyuçers qiyməti isə hazırda bir barrel üçün 32, 79 dollardır.
Hər iki markanın qiyməti 5 faiz düşüb
Ekspertlərin fikrincə neft qiymətinin yenidən kəskin düşməsində OPEC üzvləri arasında neft hasilatının dondurulmasına dair fikir ixtilafı əsas rol oynayıb.
Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi deyib ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatı koordinasiya edilmiş şəkildə dondurması baş tutan deyil.
İran həm Səudiyyənin, həm də Rusiyanın rekord səviyyədə neft hasil edərkən onu ixtisara çağırmalarını qeyri-ciddi adlandırıb.
“Bəzi qonşularımız öz hasilatlarını gündə 10 milyon barrelə çatdırdıqları halda necə deyə bilərlər ki, biz hasilatı azaldaq” – deyib İranın neft naziri Bijan Zəngəne.
“Bu necə olur? Onlar hasilatı 10 milyon barreldə donduracaqlar, amma biz gərək 1 milyon barreldə donduraq? Bu ki gülməlidir” – deyib nazir.
CMC Markets firmasının baş strateqi Ric Spooner deyib kİ, neft hasilatının dondurulacağını göstərən heç bir perspektiv yoxdur və bu halda neft qiymətləri indikindən də aşağı düşə bilər.
Hazırda gündə tələbdən artıq 1-2 milyon barrel neft hasil olunur və dünyanın neft anbarları ağızbaağız doludur.
American Petroleum Institute bildirib ki, satlıq neftin həcmləri bir həftədə 7, 1 milyon barrel olub. Bu, ğözlənilən 3, 4 milyon barreldən iki dəfə çoxdur. (BBC azeri)