Müzəffər Baxışov: «Azərbaycan normal dövlət olsaydı bu faktlarla bağlı dərhal cinayət işi başlanmalı idi»
Mətbuatda dövlət aparatını içindən yeyən korrupsiya və rüşvətxorluq haqqında kifayət qədər ciddi faktlar dərc olunsa da, bu müvafiq təşkilatlar tərəfindən diqqətə alınmır. Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad Ibadoğlunun 2015-ci il üçün 3 ölkə ilə ticarətdə gömrükdə gizlədilən vəsaitin 1.6 milyard dollar təşkil etdiyi ilə bağlı araşdırması da maraqlı faktlarla doludur.
Q.Ibadoğlu qeyd edib ki, güzgü statistikası metodologiyası üzrə Azərbaycanın 15 tərəfdaş ölkəsi ilə 2008-ci ildən başladılan araşdırma bu il də davam edir. Qeyd edək ki, eyni metodika ilə aparılan araşdırmanın bundan əvvəlki nəticələri də dəhşətli rəqəmləri üzə çıxarmışdı. Məlum olmuşdu ki, son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Iran, Israil və Fransadan) Azərbaycana 21 milyard 580 milyon dollar həcmində idxal malları statistik uçotdan yayındırılıb.
Bəs bu faktlar niyə araşdırma predmeti olmur? Niyə dövlət büdcəsindən yayındırılan vəsaitlə bağlı cinayət işi açılmır?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Q.Ibadoğlunun araşdırması bir çox faktları ortaya qoyub. Bu faktların hamıya bəlli olduğunu deyən M.Baxışov vurğuladı ki, gömrükdən ölkəmizə daxil olan mallar həcminə görə rəsmiləşdirilmir. Nəticədə bu yol ilə dövlət büdcəsinə getməli olan pullar şəxsi ciblərə gedir: “Qanunverciliyə görə dövlət əmlakının yeddi mindən yuxarı mənimsənilməsi külli miqdarda sayılır. Bu əməllər Cinayət Məcəlləsinin 179.3.2 maddəsiylə töfsif olunur. Burada başqa cinayət əməllərinin tərkib əlamətləri var. Burada vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə əlamətləri də var. Bu dövlət siyasəti səviyyəsində baş verən haldır. Azərbaycan normal dövlət olsaydı baş prokurorluğa konkret faktlarla bağlı məlumatlar daxil olandan sonra dərhal bu istiqamətdə cinayət işi başlanmalı və bu şəxslər cinayət məsuliyyətinə cəlb olunmalı idi. Amma bu əməllər ən yüksək səviyyədə icra olunduğuna görə heç kim məsuliyyətə cəlb edilmir. Nə qədər ki, bu siyasət hakimiyyət səviyyəsində davam edəcək, həmin şəxsləri məsuliyyətə cəlb edib, cəzalandırmaq mümkün olmayacaq. Bu şəxsləri cinayət məsuliyyətinə cəlb etmək vəzifəsi birinci növbədə baş prokurorluğun səlahiyyətinə daxildir. Onun vəzifəsidir. Amma hamı bilir ki, prokurorluq orqanları hansı vəziyyətdədir. Inanmıram ki, onlar bu şəxslərin cəzalandırılması üçün hər hansı tədbir görsünlər. Çünki onlar üçün oturduqları kreslolar dövlətin mənafeyindən daha üstündür”.
Xəyal