Bu il hakimiyyət üçün çox çətin olacaq. Təkcə ona görə yox ki, dörd bir yandan əsən inqilab rüzgarları hökumətdə oturanların kefini ciddi şəkildə pozacaq. Bu ilin xüsusi çətinliyi başda Ilham Əliyev həzrətləri olmaqla, hakim komandanın vətəndaşlara deməyə sözünün qalmaması ilə bağlıdır. Onlar nəinki bütün vədləri verib qurtarıblar, hətta kağız üzərində bu vədləri artıq gerçəkləşdiriblər də… Aydın formada desək, hakimiyyətin, hətta yalan limiti də bitib. Ən ağlagəlməz yalanlar, ən zəngin fantaziyanın məhsulu ola biləcək cəfəngiyyatlar bizim şanlı ölkəmizdə “reallaşdırılıb”, onların qırmızı lentini əlahəzrət şəxsən özü kəsib. Hakimiyyət dəyişikliyi üçün çoxlarının zənn etdiyi kimi, heç də insanların dilənçi həddinə düşməsi vacib deyil. Bu arqument daha çox hökumətin çörəyinə yağ sürtür.
Bəli, insanlar 15 il əvvəlkinə nisbətən ala-babat yaşayır. Ancaq 15 il əvvəl “ulu öndər” insanların ayaqda qalması, hakimiyyətə inanması üçün yaxşı ideyalar icad edə bilmişdi. Məsələn, “keçid dövrüdür”, “müharibə şəraitindəyik”, “neft kontraktları işə düşəcək” və s. Indi vəziyyət xeyli dəyişib, insanlar 2012-ci ilə uyğun yaşamaq istəyirlər. Onlar dünyada enerji resursları ilə öyünən, iqtisadiyyatı analoqsuz inkişaf yaşayan ölkənin sakinləri kimi, bir çox şeylərə iddialıdırlar. Ilham Əliyevin isə bu iddiaları təmin etməyə nə marağı var, nə də imkanı.
2012-i il Ilham Əliyev hakimiyyəti üçün bir cəhətinə görə uğurlu ola bilər: səs-küysüz, qan-qaraçılıq olmadan hakimiyyəti təhvil verib, istirahətə çəkilməyi bacarsa…
Fazil Mustafanın bir dərdi var
Ötən illər ərzində təmsil olduğu müxalifət düşərgəsini maddiyyata, komforta uyaraq dəyişənlər az olmayıb. Onların arasında tez-tezq tənqidçi medianın, jurnalistlərin hədəfinə düşən adamlardan biri də şübhəsiz ki, Fazil Mustafadır. Əlbəttə, Fazil Mustafa bu halından narahat deyil, çünki onun istədiyi də elə budur: o, öz ağalarının qarşısında dəyərini jurnalistlərin tənqidlərilə qaldırır. Hərçənd, belə dəyəri mən heç düşmənə də arzulamaram…
Müxalifət liderlərilə heç cür polemikaya girə bilməyən Fazil Mustafa bunun acısını yaşayır, ciddiyə alınmadığını sinirə bilmir. Axı insafən, o, müxalifətə heç də Fəzail Ağamalıdan pis küfr etmir, eləcə də rejimə ondan bacarıqsız formada yarınmır. Ancaq müxalifət funksionerləri Fəzail Ağamalının fikirlərinə reaksiya versələr də, Fazil müəllimə qarşı belə lütfkarlıq yoxdur. O da öz işini bilir, artıq aqibəti ilə barışıb. Buna görədir ki, işi-gücü müxalif yazarların ardınca deyinməkdir. Adam bir şeyi də başa düşmür ki, yazarların onunla sərt və acı üslubda rəftar etməsinin səbəbkarı özüdür. Çünki bu çağacan heç kim Fazil Mustafa kimi öz dönüklüyünə ideoloji bəzək-düzək vermir.
Dünyanın hər yerində siyasi partiya, ideya dəyişmək var. Ancaq baxır, sən bu dəyişikliyi nə üçün edirsən? Fazil Mustafa bunu şöhrət, mandat, rahatlığı üçün edib. Özü də səngər yoldaşlarını sataraq… Buna birtəhər dözmək olur, ancaq qalxıb hələ də şərə qarşı mətanətli davranış göstərənlərin başına ağıl qoymaq istəyəndə dözüm həddi tükənir. Həm Əli Həsənovu görəndə diksinib “fərəqət durmaq”, həm də müxalif yazarların üstünə ədayla çımxırmaq bir araya sığmır, Fazil müəllim!
Bugünlərdə o, yenə öz aləmində müxalif yazarlara işilib. Fazil müəllimi əsəbiləşdirən isə 54 nəfər ictimai fəalın Islam əleyhinə bəyanatı olub. O imza sahibləri arasında olmasam da, Fazil Mustafa məni də tənqid etdikləri sırasına salıb. Təhqir sayılmasaydı, yazardım ki, adamın təkcə bəsirət gözü bağlanmayıb, o, hər iki mənada kordur.
Həmin imza siyahısında onun öz müavinin adı da var – Etibar Əliyev. Niyə ona dillənmirsən? Bu qədər cılız tərəfkeşliyin varkən, başqasını obyektiv olmamaqda ittiham eləməyə imanın necə yol verir?
Bilirəm ki, yersiz sual verdim, cavab hamıya bəllidir: Çünki sən Fazil Mustafasan!!!
Fazil Mustafa olmağın təhəri elə bu cür olur. Ol, amma sənin qara qaşına, qara gözünə heyran olub, hədyanlarına susmağımızı umma.