Onlarla görüşə imkan vermirlər, siyasi məhbuslara çatacaq sovqatları qəbul etmirlər
Yanvarın 3-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nazim Kəngərli AXCP sədrinin müavini Gözəl Bayramlıya orada saxlanılan vicdan məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimovla görüşməyə icazə verməyib. Bu barədə “Azadlıq”a məlumat vaerən Gözəl Bayramlı bildirib ki, əvvəlcə müəssisənin nəzarətçisi Elçin Ismayılov onun şəxsiyyət vəsiqəsini rəisin yanına aparıb. Bir xeyli keçəndən sonra geri qayıdaraq bildirib ki, rəis görüşə icazə vermədi, çünki Gözəl Bayramlının Sahib Kərimovla qohumluq əlaqəsi yoxdur.
Gözəl Bayramlının sözlərinə görə, nəzarətçi Elçin Ismayılov onun gözünün qarşısında başqalarından pul alaraq, qohumluq əlaqəsi olub-olmadığını soruşmadan yanına gəldikləri məhbuslarla görüşə şərait yaradıb.
Sahib Kərimov üçün aparılan ərzaq və yeməkləri də götürməyiblər. Sahib Kərimovun ailə üzvləri və digər qohumlarının Şəkidə yaşadığını vurğulayan Gözəl Bayramlı baş verənləri vicdan məhbusuna və AXCP-yə qarşı özəl, qisasçı mövqenin göstəricisi sayır.
Analoji problem 10 saylı cəzaçəkmə müəssisəsində də baş verib. Müəssisə rəhbərliyi burada saxlanılan vicdan məhbusları Zülfüqar Eyvazov və Məhəmməd Məcidlinin yanına gələnlərə nə onlarla görüşməyə, nə də gətirilən sovqatın qəbul olunmasına icazə verməyib.
Digər vicdan məhbusu, AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin həyat yoldaşı Zülfiyyə Həsənova isə yanvarın 3-də 14 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Zülfiyyə xanımın verdiyi məlumata görə, həyat yoldaşı belində, qollarında şiddətli ağrılardan əziyyət çəkir və xəstəxana şəraitində müalicəyə ciddi ehtiyacı var. Lakin müəssisə rəhbərliyi onun xəstəxanaya köçürülməsinə ehtiyac görmür. Zülfiyyə xanım həyat yoldaşının xəstəxanaya köçürülməsinin vacib olduğunu vurğulayıb və deyib ki, əks təqdirdə Şahin Həsənlinin vəziyyəti daha da kəskinləşə bilər.
Siyasi Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli də 17 saylı cəzaçəkmə müəssisəsində oğlu Elnurla görüşüb. Elnurla görüş zamanı o, həmin müəssisədə saxlanılan digər vicdan məhbusları Elşən Həsənov və Arif Alışını da görüb, onlarla söhbətləşib. Arzuman Məcidlinin sözlərinə görə, vicdan məhbusları yüksək mənəvi ruhdadır, cəzaçəkmə müəssisəsindən kənarda baş verən proseslərdən də kifayət qədər məlumatlıdır. Vicdan məhbusları cəzaçəkmə müəssisəsindəki digər məhkumların onlara hörmətlə yanaşdıqlarını və saxlanma şəraitindən narazı olmadıqlarını bildiriblər.
Natiq