yagmurzumrud@gmail.com
Artıq “Əli və Nino” kitab dükanının sahubi Nigar Köçərlinin polis bölməsində başına gələnlər hər kəsə məlumdur. Bu hadisə ilə bağlı yeni nəsil yazarlardan kimin nə dediyini, hansı yazını yazıb, açıqlama verdiyini bilmirəm, amma bu gün elə bir açıqlama gördüm ki…
Açığını deyim, Nigar xanımla elə bir dostluq münasibətimiz yoxdur, sadəcə yazar və kitab dükanının sahibi arasında ola biləcək münasibət, o qədər… Bunu niyə deyirəm? Çünki bizdə hər bir sahədə olduğu kimi ədəbiyyatda da kim kimlə axşam süfrə arxasında əyləşib yeyib-içirsə, səhəri gün saytlarda onu dahi elan edir.
Amma bu gün gördüyüm açıqlama, durumun daha qorxunc olduğunu ortaya qoydu. Söhbət Qan Turalının açıqlamasından gedir.
Qan Turalıya yəqin ki, “yenilikçi” yazarlardan kimsə açıq şəkildə irad tutmayacaq, çünki onun əlində sayt var. Çoxluq “nəmə lazım, mən qarışmam” deyib kənara çəkiləcək. Hələ bəlkə bu açıqlamaya görə Qan Turalıya zəng vurub “vallah, əla demisən” deyib, bundan sonra da dərhal Nigar xanıma zədg edib Qan Turalının arxasınca danışanlar da olacaq.
Bəllidir ki, Qan Turalı iə Nigar xanım arasında nəsə bir narazılıq var və bu gün Qan Turalı öz aləmində sahibkar xanımdan intiqam alaraq deyir ki, polislə Nigar xanım bir-birinin dilini bilmədiyinə görə belə bir insident yaranıb.
Hərçənd, Nigar xanımın polisi anlaya bilməyəcək qədər dili bilmədiyini demirəm, amma lap tutaq ki, elədir, belə olanda polisin vətəndaşı təhqir edib qışqırmağa ixtiyarı var?
Bu açıqlamanın məntiqsizliyini sübut etməyə vaxt ayırmayaq.
Məsələ odur ki, bir vaxtlar Qan Turalı və bir çoxları “köhnələrə” qarşı savaş açmışdı ki, onlar ədəbiyyatın üzqarası, qərəzli ola biləcək qədər aşağıdırlar. Bir də dünya yazarlarının səmimiyyətindən, böyük şəxsiyyət olmaqlarından yazırdılar. Haqlı da idilər.
Amma əfv edərsiniz, soruşmaqdan özümü saxlaya bilmirəm, dünən gənclərə həcv yazan, qərəzli və bu qədər dar düşünə bildiyinə görə gülüş hədəfi olan, bir vaxtlar tənqid etdiyiniz Anardan fəriqiniz nə oldu?
Allah eşqinə öydüyünüz böyük şəxsiyyətli dünya yazarlarından hansı birinin belə qərəz və xoş olmayan açıqlamasını oxudunuz?
Məsələn, Tolstoy belə açıqlamalarla gündəmdə olub, yoxsa Rus çarına yazdığı cəsarətli məktubları ilə?!
Belə xırda yanaşma ancaq Azərbaycan və ümumən sovet ədəbiyyatında deyəsən dəb olub axı?! Süleyman Rüstəm, Məmməd Rahim də Hüseyn Cavid, Mikayıl Müşfiqi öz aləmində aşağılamaq istəyirdi. Kürsü, mükafat alırdılar. Onlardan sonra da estafeti Anar, Elçin, Mövlud Süleymanlı, Çingiz Abdullayev aldı.
İndi zaman sızin zamanınız?!
Adını çəkdiyim yazarlar da 60-cılar deyə üsyan edirdi, sonra qarşı çıxdıqlarının yerini tutub sakitləşdirlər.
Eyni yol, dəsti-xətt deyilmi?
Məncə, çox bənzərdir. Hətta bəlkə daha yarıtmaz və eybəcər formadadır.
Hanı bəs, siz üsyançılar və “yenilikçilər” idiniz, ədəbiyyata yeni dəyərlər və münasibətlər gətirmək uğrunda savaşırdınız?
Hanı siz bu ölkədə münasibətlərin naqisliyindən, yanaşmaların səviyyəsizliyindən, yazarların böyük şəxsiyyət ola bilmədiyindən narazı idiniz?
Nə oldu, bir xanımla aranızdakı gərginlik imkan vermədimi olaya obyektiv yanaşmağa?! Bu qədərdimi gətirmək istədiyiniz dəyər və yeniliklərin gücü, urvatı?
Polislərin mədəniyyətinin Nigar xanımdan az olmadığını deyirsiniz. Təbii, polis sistemində də hər yerdə olduğu kimi mədəni, anlayışlı insanlar var. Amma bunu belə “bizim polisin nəzakəti hamıya yaxşı məlumdur. Və bu nəzakət Nigar xanımın Azərbaycan dilinə, ədəbiyyatına olan nəzakətindən, hörmətindən qətiyyən əskik deyil. Bəlkə də artıqdır” şəklində ifadə edərək Nigar xanımı aşağılamaq çəhdiniz nədən doğur?
Maraqlıdır, bir gün o mədəni dediyiniz polislərdən biri sizə qarşı eyni hərəkəti etsə, nə deyəcəksiniz? Axı siz Azərbaycan türkçəsini yaxşı bildiyinizi iddia edirsiniz.
Son olaraq…
Ortada nə yenilik var, nə də yenilikçilər. Bugünkü açıqlama ilə də bəyənmədiklərinizi kölgədə qoydunuz. Hələ bu açıqlamadan bəyənmədiyiniz o bədbəx və bədnam mentalitetin qoxusu elə gəlir ki, adamın ürəyini bulandırır.
…Və bir daha aydın oldu ki, hətta ədəbiyyatda belə dava prinsiplərin deyil, mənafelərin davasıdır.