Bu biznesdən gələn gündəlik 40 min manata yaxın vəsait büdcədən necə yayındırılır?
Üzərində “Kassa” yazılmış balaca köşkdə oturan iki nəfər mənə tərəf elə boylandı ki, sanki xortdan görürdülər. Əslində, onlar üçün elə xortdan idim. Bilirəm, xortdan mifologiyada o qədər də müsbət personaj deyil. Amma mən, hətta xortdan görkəmində görünsəm belə, məramım xoş idi. Axı mən nə istəyirdim ki? Sumqayıta getməyə vur-tut bircə bilet. Məni xortdan kimi görənlərin isə gözləri təpələrinə çıxmışdı: Necə yəni, B-i-l-e-t?
***
Zaman – yanvarın 1-i, saat təxminən 16 radələri.
Məkan – Bakı Beynəlxalq Avtovağzalı.
Daha dəqiqi avtovağzalın “Sumqayıt avtovağzalı” adlanan hissəsi. Artıq 6 aydan çoxdur ki, bu “mini-avtovağzal”dan evə gedirəm. Avtobuslar yan-yana, növbəylə bir-birinin ardınca durub Sumqayıta yola düşürlər. Yəqin ki, Sumqayıtda da elə beləcədir. Və bu altı ayda heç vaxt fikir vermədiyim bir məqam diqqətimi çəkdi – həmin gün, həmin an. Bahoo, sən demə, Bakı avtovağzalında kassa da varmış. Daha doğrusu, Sumqayıta getmək üçün bilet kassası.
Bu nədir? Hələ üstəlik, Bakı-Sumqayıt avtodayanacağı.
***
Hələlik isə bir qədər geriyə qayıdaq. Hamıya məlumdur ki, bir müddət əvvələ qədər Bakıda metronun “20 yanvar” stansiyasının ətrafından Sumqayıta müxtəlif nömrəli marşrut avtobusları hərəkət edirdi. Sərnişinlər həmin marşrutlarla “20 yanvar”dan birbaşa evlərinə gedə bilirdilər. Amma Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verildikdən sonra hər gün Sumqayıtdan Bakıya işə gəlib-gedən 80 mindən çox sərnişinin əziyyəti birə-beş artırıldı. Çünki bu halda, Bakı-Sumqayıt avtobuslarına yalnız hər iki şəhərin avtovağzalından minmək mümkün oldu ki, bu da sərnişinlər üçün həm əlavə pul, həm əlavə vaxt, həm də əlavə əziyyət idi.
Bakı Beynəlxalq Avtovağzalı istifadəyə veriləndən sonra orada xüsusi “Sumqayıt avtovağzalı” deyilən yer ayrıldı. Kiçik və ortatutumlu avtobusların əvəzinə xəttə yeni gətirilən iritutumlu avtobuslar buraxıldı. Sumqayıtdan paytaxta gələnlər öncə şəhərdaxili marşrutla Sumqayıt avtovağzalına, avtovağzalda düşüb şəhərlərarsı marşrutla Bakı Beynəlxalq Avtovağzalına, oradan da şəhərdaxili marşrutla “20 Yanvar”a getməli, oradan isə şəhərə getmək üçün yeni marşruta minməlidir. Sumqayıt sakinləri eyni prosesi evlərinə qayıdarkən də yaşamalıdırlar. Beləliklə, işə gəlib-getmək üçün sumqayıtlılar gün ərzində azı 6 marşrut dəyişməli, ikiqat artıq pul və vaxt sərf etməlidirlər. Yaxşı ki, Sumqayıt-Bakı istiqamətində hərəkət edən 111 saylı marşrut bərpa edildi. Bu marşrutun xidmətindən istifadə edənlər qismən də olsa, digərlərinin yaşadığı problemlərdən uzaqdırlar. Bu “111″lərə də qayıdacağıq. Amma bir az sonra.
***
Avtovağzalda “Kassa” yazılmış köşkün qarşısındayıq:
– Qardaş, mən ezamiyyətə gedirəm, mənə bilet verə bilərsən?
Key-key üzümə baxır:
– Qardaş, bileti neynirsən, o de, avtobuslar min get də…
– Qardaş, mən ezamiyyətə gedirəm eee. Mühasibatlığa sənəd verməliyəm, gedişhaqqı kimi. Yəni, bileti təqdim etməliyəm.
– 50 qəpiyin söhbətin eləyirsən eee. Min, get də.
– Bəs bura yazmısız ki, bilet…
Sözümü kəsir.
– Yazmışıq da. Bilet yoxdu indi. Bu avtobusa yoxdu
Bunu deyib, kassanın pncərəsini örtür.
Yenidən kassanın pencərəsini döyürəm:
– O biri avtobusa ver.
– Ona da yoxdu. Əcəb işə düşmüşəm eee…
***
Bakı avtovağzalında Sumqayıta əsasən üç marşrut işləyir. Bakı-Sumqayıt (nömrəsi yoxdur), Bakı-Saray-Sumqayıt (14 nömrəli), bir də 111 nömrəli avtobus. Bunlardan birincinin gediş qiyməti 35 qəpikdir və bəlkə də sumqayıtlıların bundan xəbəri yoxdur. Çünki hamı adətən 40 qəpik ödəyir. Daha doğrusu, sürücü bu pulu alır. 14 nömrəli marşrutun qiyməti 30 qəpikdir. 111 isə bir qədər bahalı marşrutdur – 50 qəpiyə. Bu barədə yuxarıda adını çəkdiyimiz kassada da rəsmi şəkildə elan vurulub.
Bəs aydın olmayan nədir? Hə, bax, aydın olmayan aşağıdakılardır.
34 ədəd “111″, 16 ədəd ”14″, 80 ədəd “Hunday”…
Bu rəqəmlərə diqqət yetirin. Bəli, hər gün Azərbaycanın bu iki şəhəri arasında bu qədər marşrut işləyir. Qiymətləri isə yuxarıda göstərdik. Və bu qədər sayda marşrutun hər biri də gündə 14-15 reys edir. 15-i də 130-a vuranda 1950 rəqəmi alınır. Bu 1950 reysin hər birində də orta hesabla 50 sərnişin daşındığını nəzərə alsaq və onların ödədiyi gedişhaqqını 40 qəpikdən hesablasaq, bu, bir gün ərzində 40 min manata yaxın vəsait deməkdir.
Ən əsası, bu qədər marşruta bircə dənə də bilet satılmır. Məşhur verilişdə deyildiyi kimi, “gəlir hara gedir?”
Maraqlı dialoq...
Yenə həmin kassanın qarşısında. Sürücü kassada oturandan soruşur:
– 12 nəfər yaz.
– 12 ağ olar eee. 18 eləyək. Bayramdır axı.
– 18 eləsək, mənə nə qalacaq?
Söhbət təxminən 40 nəfərə yaxın tutumu olan 111 saylı avtobusun Sumqayıta gedəcək sərnişinlərinin sayından gedirdi. Həmin vaxt, həmin marşrutla Sumqayıta ayaq üstə duranlarla birgə azı 45 nəfər sərnişin gedirdi. Kassada isə neçə “bilet” satılmışdı, bunu kassir və təbii ki, həşəmətli nəqliyyat naziri Ziya Məmmədov bilirdi…
Daha bir zəruri arayış…
Bir qədər əvvəl Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobusların sürücüləri etiraz aksiyası keçirmişdi. Aksiyaya səbəb mikroavtobusların yeni avtovağzala buraxılmaması olmuşdu. Amma sonradan problem həllini tapmışdı. Amma necə?
Sən demə, həmin vaxt Sumqayıta işləmək üçün 100 ədəd “Daewoo” markalı avtobus gətirilib. Həmin avtobuslar gəlirlə işləmədiyindən mikroavtobuslar xətdən çıxarılırmış. Sonradan “Daewoo”ları elə həmin mikroavtobusların sürücülərinə verdilər.
Onu da öyrəndik ki, sən demə, Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusların əksəriyyəti prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovundur. Bu barədə bizə bilgi verən mənbənin sözlərinə görə, avtobuslar “R&V Servis” şirkətinindir, bu şirkət isə Bəylər Əyyubova məxsusdur. Nəqliyyat naziri Ziya Məmmədov Bəylər Əyyubovun tapşırığı ilə mikroavtobusları xətdən çıxarıb. Indi Sumqayıta yalnız generalın avtobusları işləyir.