Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova tutduğu vəzifədən azad olunub.
Bu barədə moderator.az saytı məlumat yayıb. İddia olunur ki, onun işdən çıxmasına səbəb Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən tələb olunan rüşvəti verməməsidir. Məlumatda o da deyilir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev M.Kamilovanı işdə saxlamaq istəsə də icra hakimiyyəti buna razı olmayıb.
Məsələ ilə bağlı Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin məsləhətçisi Pərviz Məmmədov AzNews.az-a açıqlamasında M.Kamilovanın vəzifədən azad olunduğunu təsdiqlədi: “Fevralın 4-də öz ərizəsi əsasında işdən çıxıb. 58 yaşı var və dedi ki, artıq işlməyə səhhəti imkan vermir. Məleykə xanım ağrıyırdı. Başçının müavini də daxil olmaqla təntənəli sürətdə onu yola saldıq. Hətta ona iş təklifi də olundu. Amma imtina etdi. Dedi ki, artıq yorulmuşam”.
P.Məmmədov onu da qeyd edib ki, M.Kamilovanı hələlik Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi əvəzləyib.
Məlumat üçün bildirək ki, M.Kamilova Xalq artisti Mələkxanım Əyyubovanın bacısıdır.
İşdən çıxma səbəbini dəqiqləşdirmək üçün sabiq şöbə müdirinin bacısı Mələkxanım Əyyubova ilə də əlaqə saxladıq. Amma o, sualımızı dinləsə də cavab verməkdən imtina etdi.
Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsindən azad olunan Məleykə Kamilova işdən çıxarılmasına münasibət bildirib.
O, Moderator.az-a verdiyi açıqlamada bildirib ki, oğlu xəstə olduğuna görə işdən çıxıb: “Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pərviz Məmmədov açıqlama verərək bildirib ki, mən öz ərizəm əsasında işdən çıxmışam. Və mən ağrıdığıma görə, səhhətim işlməyə imkan verməyib. Hətta mənə yeni iş təklif olunub, ancaq mən işdən imtina etmişəm. Bildirmək istəyirəm ki, bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam. Səhhətimə gəlincə, mən xəstə deyiləm, bəlkə də orada hamıdan sağlam adam mənəm. Mənə təklif olunan işdən də imtina etməmişəm, mən işləmək istəyirəm. Yenidən mədəniyyət sahəsində işləyəcəyəm, işləməsəm qala bilmərəm. Yeni işlə təmin olunmağımla bağlı rayonumuzun icra başçısı mədəniyyət və turizm nazirimiz cənab Əbülfəz Qarayevə məktub ünvanlayıb. Mən də məktuba veriləcək cavabı gözləyirəm”.