Vaşinqton Suriyaya qarşı daha sərt tədbirlər planlaşdırır
“Azadlıq meydanlarına yürüş cüməsi”nə yüz minlər qatıldı
Suriyada Bəşər Əsəd rejiminə qarşı növbəti etiraz aksiyaları keçirilib. Ötən gün cümə namazından sonra ölkənin müxtəlif yerlərində minlərlə insan hakimiyyət əleyhinə mitinqlərə qatılıb. Aksiyalar əsasən paytaxt Dəməşqə yaxın bölgələrdə və Homs, Həma, Dəraa, Deyr əz Zor, Qamışlı, Idlib kimi iri şəhərlərdə baş tutub. Müxaliflər ötən gün keçirilən aksiyalara “Azadlıq Meydanlarına Yürüş Cüməsi” adını veriblər.
Əsəd rejimi yenə də dinc aksiyaları zorakı yollarla dağıtmağa cəhd göstərib. Hökumət qüvvələri müxaliflərə avtomat və pulemyotlardan atəş açıb. Müxtəlif şəhərlərdə keçirilən mitinqlərə hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 50-yə yaxın etirazçı həlak olub. Yerli Koordinasiya Komitələrindən yayılan açıqlamada deyilir ki, dekabrın 29-da paytaxt Dəməşqin girəcəyində müxalif silahlılarla hökumət qüvvələri arasında yaranmış qarşıdurma zamanı 18 nəfər öldürülüb.
Bəşər Əsəd əleyhinə ən izdihamlı mitinq bu dəfə Idlib şəhərində keçirilib. Ötən həftə Homsda 200 min nəfərin iştirakıyla keçirilən aksiyadan sonra bu dəfə 250 min Əsəd əleyhdarı Idlib şəhərindəki mitinqə qatılıb. Aksiya iştirakçıları Bəşər Əsədin istefasını tələb ediblər. Müxaliflərin tələblərindən biri də BMT-nin Suriyada təhlükəsiz zona elan etməsidir.
Üsyançılarla hökumət qüvvələri arasında yaşanan silahlı qarşıdurmalar artıq Suriya paytaxtına sıçrayıb. Dəməşqdə baş vermiş olayın şahidlərinin həvəskar kamera ilə lentə aldıqları kadrlar sosial şəbəkələrdə yayımlanıb. Kadrlardan görünür ki, üsyançılarla hökumət qüvvələri bir dövlət idarəsinin binası qarşısında vuruşurlar. Binaya girməyə çalışan üsyançılar hökumət qüvvələrinin dirənişilə üzləşir. Hadisə zamanı ölən və yaralıların olduğu da görünür.
Bütün bunlarla yanaşı, Livan parlamentinin deputatı Xalid Dahara Bəşər Əsədin qardaşı Mahir Əsədin yoxa çıxdığını bildirib. Deputatın sözlərinə görə, Suriya diktatorunun qardaşı öz sığınacağında ağır yaralanıb. Ona tibbi yardım göstərildiyi qeyd edilir. Amma hadisə barədə ətraflı məlumat verilmir.
Bu arada, “Reuters” agentliyinin xəbərinə görə, Suriya ordusunun müxalifətin tərəfinə keçmiş zabit və əsgərlərindən təşkil olunan Azad Suriya Ordusu hökumətlə birtərəfli qaydada barışığa getmək təşəbbüsüylə çıxış edib. Qərar Ərəb Ölkələri Liqasının müşahidəçilərinin Suriyaya gəlişindən sonra qəbul edilib. Suriya üsyançılarının rəhbəri polkovnik Riyad Əsəd bu addımın hökumətin bəyanatına qarşı atıldığını bildirib. Çünki Suriya hökuməti bəyan edib ki, üsyançılar silahı yerə qoyacaqları təqdirdə, Bəşər Əsəd rejiminə etiraza qalxmış şəhərlərin əhalisinə qarşı zor tətbiqi dayandırılacaq.
ABŞ-da yayımlanan “The Foreign Policy” jurnalı yazıb ki, Obama administrasiyası Bəşər Əsəd rejiminə qarşı iqtisadi sanksiyaları kənara qoyaraq daha sərt addımlar atmağa hazırlaşır. Jurnalın xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurası bir neçə həftə davam edən müzakirələrdən sonra Suriyaya qarşı təzyiqləri artırmaq üçün müxtəlif variantları gözdən keçirmək üçün xarici işlər, müdafiə və xəzinədarlıq nazirliklərinin nümayəndələrindən ibarən kiçik bir qrup yaradıb. Həmin qrup Suriyanın hava məkanının bağlanıb Türkiyə ilə sərhəd boyu mülki şəxslərin sığına biləcəyi bufer zona yaratmaq, üsyançılara humanitar yardım çatdırmaq, beynəlxalq əlaqələndirmə qrupu formalaşdırmaq kimi variantlar üzərində çalışacaq.