Ziyalılar Forumunun toplantısında hakimiyyətin ünvanına kəskin ittihamlar səsləndi (VİDEO)
«Dövlət nədir?! Beş-altı «julik» oturub orada, böyük şeylərdən danışır, əslində isə öz maraqlarını güdürlər…»
«Azərbaycanda siyasi hakimiyyətin səviyyəsi heç zaman bu qədər aşağı olmayıb»
Ziyalılar Forumunun dekabrın 29-da baş tutmayan konfransıyla əlaqədar dünən brifinq keçirildi. Hakimiyyət dünənki toplantıya problem yaratmasın deyə, brifinqin keçiriləcəyi məkan son ana qədər gizli saxlanılırdı. Tədbir Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində baş tutdu. Media nümayəndələri qarşısına Forumun üzvlərindən Rüstəm Ibrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov, Rafiq Əliyev, Əkrəm Əylisli və Mehman Əliyev çıxmışdı.
Hakimiyyət belə gülünc işlərlə məşğul olmamalıdır
Dekabrın 29-na təyin olunan konfransın baş tutmamasının səbəbləri barədə professor Cəmil Həsənli danışaraq, bir daha bəyan etdi ki, “Hyatt Regency”dən tədbirin təxirə salınmasını işıqların sönməsilə izah etməyə çalışsalar da, qətiyyən buna inanmırlar: “Necə olur ki, bu texniki səbəblər ciddi söz demək imkanına malik dairələrin toplantılarında qeydə alınır? Bu, son dərəcə primitiv yanaşmadır, uşaq ərköyünlüyüdür. Adını hakimiyyət qoyan dairələr bu cür gülünc işlərlə məşğul olmamalıdır.
Səsinizi niyə ucaltmamısınız?
Biz ziyalıyıq, gördüyümüz, müşahidə etdiyimiz xoşa gəlməyən, eyni zamanda, xoşa gələn hadisələri, məsələləri qeyd etməyi özümüzə borc bilirik. Sözümüzü deməyi vacib bilirik. Bizim fəaliyyətimiz xalqımız qarşısında vicdan borcumuzu yerinə yetirməkdir. Biz istəmirik, gələcəkdə övladlarımız üzümüzə desin ki, siz bu vəziyyətdə yaşaya-yaşaya niyə etiraz səsinizi ucaltmamısınız?
Elə dairələr var ki, tənqidə qulaqlarını bağlayıblar. Dünən biz son dərəcə maraqlı tədbir keçirmək istəyirdik. Dövlətin də xeyrinə olacaqdı. Gənclərlə bağlı keçiriləsi görüşdə onların cəmiyyətimizdəki yeri, işsizlik, sosial problemlər müzakirə olunacaqdı. Bu cür xoş məramla keçiriləcək tədbirə kölgə salmaq istədilər. Amma biz Forumun növbəti toplantısını da çox güman ki, elə həmin yerdə keçirəcəyik”.
Hakimiyyətin bəzi dairələri yalan istehsal edən maşına bənzəyir
Daha sonra Cəmil Həsənli ziyalıları narahat edən problemləri sadaladı, onları hər biri barədə qısa qeydlərini çatdırdı: “Bizi narahat edən əsas məsələ cəmiyyətimizin yalan üzərində qurulmasıdır. Hakimiyyətin müəyyən dairələri yalan istehsal edən maşına bənzəyir və bu insanlar xəstə təfəkkürlü fikirlərini zaman-zaman mətbuatda səsləndirərək, cəmiyyətə zorla yedirdirlər.
Bizi narahat edən başqa bir ciddi problem Qarabağdır. Ölkənin ərazisini işğaldan qurtarmaq üçün 20 il çox böyük müddətdir.
Ölkədə korrupsiyanın səviyyəsi də bizi narahat edir. Bəzən “dünyanın hər yerində rüşvət var” deyib, ölkədəki bu acınacaqlı duruma haqq qazandırmaq istəyirlər. Bu, yolverilməzdir. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının rəhbəri nə qədər ki, Ramiz Mehdiyevdir, bu mübarizə heç bir uğur qazana bilməz.
Bizi narahat edən həm də ölkədəki monopoliyalardır. Bazarlarda qiymətlər od tutub yanır, ən pisi odur ki, bu bahalıq obyektiv amillərlə bağlı deyil.
Bizi həm də ölkədəki işsizlik narahat edir. Hökumətin yeni iş yerlərilə bağlı açıqladığı rəqəmlər real deyilÝ”.
Ramiz Mehdiyev mənasız ideya icadında ittiham olundu
Cəmil Həsənli sadaladığı məsələlərlə yanaşı, siyasi məhbus problemi, insanların şərlənərək həbs olunması, işgəncələrə məruz qalması kimi halların da ziyalıları narahat etdiyini bildirdi. O, dini baxışlarına görə insanların həbsxanaya salınması hallarını da pisləyərək, bu həbslərin əksər hallarda şər-böhtan olduğunu vurğuladı. Cəmil Həsənli dindarların həbsini hazırda hakimiyyətdə təmsil olunan şəxslərin kommunist təfəkkürü ilə əlaqələndirdi. Dedi ki, bu cür təfəkkür tərzi Azərbaycanın inkişafı üçün təhlükə təşkil edir: “Bu cür düşüncənin məhsuludur ki, ”bizim özümüzün demokratiya yolumuz var” kimi mənasız ideyalar ortaya atılır”.
Əkrəm Əylislidən AzTVsayağı çıxış
Yazıçı Əkrəm Əylislinin çıxışında adətən AzTV-dən eşitməyə vərdiş elədiyimiz fikirlər səsləndi. Əylisli çıxışa özünə bəraət qazandırmaq cəhdilə başladı. Dedi ki, bəziləri ziyalıların Azərbaycana “Ərəb baharı” gətirmək istəyində olduğunu iddia etsə də, bu, doğru deyil. Ardınca da ərəb ölkələrində baş verən inqilabları pisləməyə başladı: “Ərəb dünyasını inqilablar bürüyən zaman da mən öz fikrimi bildirmişdim ki, bunun demokratiyaya bir damcı da xeyri olmayacaq. Indi də o fikirdəyəm ki, o cür inqilabları Allah bizdən uzaq eləsin. Onlar ölkələrini dəyişmədilər, məhv elədilər. Indi ərəblərə illər lazımdır ki, ölkələrini əvvəlki vəziyyətə gətirib çıxarsınlar. Azərbaycanda olan ictimai sabitliyə mən şəxsən sevinirəm. Biz istəyirik ki, bu sabitlik zor gücünə yox, insanların ürəyincə olsun”.
“Hyatt Regency” rəhbərliyi qarşısında şərt qoyuldu
Politoloq Eldar Namazov ilk növbədə Ziyalılar Forumunun dekabrın 29-na təyin olunmuş toplantısının pozulmasından danışdı, “Hyatt Regency” otelilə danışıqlar barədə məlumat verdi. Dedi ki, hələlik məsələni məhkəmə müstəvisinə çıxarmaq niyyətləri yoxdur. Otel rəhbərliyinə deyilib ki, problem həqiqətən də texniki olubsa, o zaman yoluna qoyulandan sonra Ziyalılar Forumunun orada toplantısına şərait yaradılsın. Namazovun sözlərindən belə başa düşdük ki, otel bu təkliflə razılaşıb.
“Julik”lər dövlətin başında…
Tanınmış dramaturq və kinorejissor Rüstəm Ibrahimbəyovun çıxışı kifayət qədər kəskin tonda oldu: “Dövlət nədir? Beş-altı ”julik” oturub orada, böyük şeylərdən danışırlar, əslində isə öz maraqlarını güdürlər.ÿDünən niyə imkan vermədilər yığışaq? Bilirdilər ki, biz həqiqəti danışacağıq, bunların yalanı açılacaq.
Səviyyəsizlər
Amma bilirsinizmi mən nəyə təəccüblənirəm? Neçə ildir işləyirlər, amma nə qədər primitiv, səviyyəsiz adamlardırlar… Biz uşaqlıqda qonşuların işıqlarını söndürürdük. Uşaq səviyyəsində siyasət aparırlar. Işıq söndürürlər, qapı bağlayırlar, nə bilim, daş atırlar. Özü də 20 ildir bununla məşğuldurlar, inkişaf yoxdur. Xaricdən professional gətirsinlər ki, bunlara mübarizəni aparmağı öyrətsin. Biz onları tənqid edəndə, məncə, konkret ünvanlarını da göstərmək, adlarını da demək lazımdır. Mütləq onlar özlərini yığışdıracaqlar. Çünki qorxacaqlar. Bizim məqsədimiz ölkədə ictimai rəy yaratmaqdır. Bunlar bilsin ki, xalq bunları izləyir. Hər bir cinayətin üstü açıla bilər”.
“Siyasi pedofiliya”
Ibrahimbəyov hakimiyyəti “siyasi pedofiliya” ilə məşğul olmaqda ittiham etdi: “Uşaq 3-4 yaşında bilir ki, anası rüşvət verməlidir. Məktəbdə, institutda da bu davam edir. Bundan sonra da onun özü artıq rüşvətxor kimi hazırdır… Deməli, rüşvətalanlar hazırlayırıq, özü də kütləvi. Bunu sonra necə düzəldəcəyik? Elə bil uşağı korlayırsan, sonra da deyirsən, yaxşı kişi ol. Biz artıq bunun mənəviyyatını dağıtmışıq. Bu dəyişməlidir…”
“Sayımız artsa, gücümüz çoxalar”
Rüstəm Ibrahimbəyov vurğuladı ki, dəyişikliklər, islahatlar təkcə qanunlar üzərində yox, insanlara münasibətdə olmalıdır: “Camaat qorxudan azad olmalıdır, danışmalıdır. Gördünüzmü Rusiyada nə baş verdi? 100 min nəfər meydana çıxdı. Mən demirəm ki, orada nəsə dəyişəcək, amma başa düşdük ki, bunlar xalqdır. Bizimkilər daş-dəmir götürüb mağazaları sındırırlar. Bir dəfə görmədim ki, 5-6 min ziyalı meydanda yığışıb sözünü desin. Biz 5-6 nəfər bunu edəndə, üstümüzə düşürlər. Sayımız artsa, gücümüz çoxalar. Gəlin birləşək və həqiqəti danışaq.
Ibrahimbəyovun “yalanda iştirak etməmək” qərarı
Məni azərbaycanlı kimi narahat edən budur ki, Azərbaycanda ictimai rəy yoxdur. Bu haqda çox danışmışam. Ictimai rəy yoxdur və özümüzü qul kimi aparırıq. Biz hər şeydən qorxuruq. Azərbaycanda siyasi hakimiyyətin səviyyəsi heç zaman bu qədər aşağı olmayıb. Ayrı-ayrı vaxtlarda hakimiyyətdə səriştəsiz adamlar olub. Bu haqda danışmaq lazımdır. Bu da dəyişikliyə gətirəcək. Atmosfer dəyişəcək”.
Rüstəm Ibrahimbəyinin daha bir maraqlı fikri bu idi ki, o, təxminən 4-5 il əvvəl “yalanda iştirak etməmək” barədə qərar verib: “Uzun illər yazılarımla ədalətsizliyi aradan qaldırmağa çalışdım. Yazdım, filmlər çəkdim. Sonra gördüm ki nə kitab oxuyan var, nə kinoya gedən, ona görə danışmağa başladım”.
Birqütblü sistem gec-tez dağılacaq!
Professor Rafiq Əliyev çıxışında əvvəlcə son vaxtlar hakimiyyət üçün “arzuolunmaz” sayılan tədbirlərin qarşısının alınması üçün “işıq söndürmə” metodundan istifadə olunmasından danışdı. Bildirdi ki, bu gün işıqları söndürənlər bütövlükdə ölkəni qaranlıqda görmək istəyirlər. Amma bu cür üsulların heç bir faydası olmayacaq. Çünki nə dünya, nə də onun tərkib hissəsi olan Azərbaycan bir il əvvəlki deyil: “Internetdə böyüyən, sosial şəbəkələrdə formalaşan yeni nəsil gəlir. Onlar fərqli yaşamaq istəyirlər. Bizim bu gün ən güclü təsir mexanizmimiz yazılarımızdakı fikirlərimizdir. Bu da artıq insanların eşitməyinə bağlıdır. Mən Amerikadakı mühazirələrimdə də demişəm ki, birqütblü sistem dayanıqlı ola bilməz, gec-tez dağılacaq”.
Islahat yoxdursa, inqilab labüddür
Çıxışlardan sonra ziyalılar jurnalistlərin suallarını cavablandırdılar:
– Siz Əkrəm Əylisinin “ərəb inqilabları” haqda fikirlərini bölüşürsünüzmü?
Bu suala professor Cəmil Həsənli cavab verdi:
– Ölkədə islahatlar vacibdir, amma bu islahatlar aparılmasa, heç kimin istəyindən asılı olmayaraq, inqilab labüddür.
Bu sual isə birbaşa Əkrəm Əylislinin özünə ünvanlandı:
– Azərbaycandakı stabillikdən necə məmnun qala bilirsiniz? Bir halda ki, özünüzün də anadan olduğunuz Naxçıvanda 2 ay əvvəl gənc bir oğlanı MTN-də döyüb öldürdülər, iki gün əvvəl AXCP fəalını şərləyərək həbs edib, ardınca da ölümcül döyərək, reanimasiyaya saldılar, ziyalı Rafiq Tağını qətlə yetirdilər, Azərbaycanda generalı şəhərin ortasında güllələyib öldürdülər, qabilləri də hələ tapılmayıb, jurnalist Elmar Hüseynovun qətlinin üstü indiyə qədər açılmayıb…
Əkrəm Əylisli:
– Qonşu Dağıstanda və müsəlman Şərqində hər gün belə kriminal olaylar baş verir, Azərbaycan onlara baxanda şükürlüdür. Buna görə də çox narahatlıq keçirməyə dəyməz.
Növbəti sual isə “Bizimkilər daş-dəmir götürüb mağazaları sındırırlar” fikrilə əlaqədar Rüstəm Ibrahimbəyova ünvanlandı:
– Doğrudanmı Siz düşünürsünüz ki, aksiyalarda müxalifətçilər şüşə-pəncərə sındırırlar?
Rüstəm Ibrahimbəyov suala cavabında bildirdi ki, əksinə, o, “2 aprel” aksiyasına görə həbs olunanların hamısının günahsız olduğunu düşünür və hesab edir ki, həmin aksiyada da şüşələri aksiyaçılar yox, təxribatçılar sındırıb:
– Demək istəyirəm ki, ziyalıların aksiyaya çıxan insanlardan məsafə saxlaması hökumətə bu insanları qaralamaq, başıpozuq kütlə kimi aşağılamaq bəhanəsi verir.
Natiq Güləhmədoğlu