Xan sözü necə də urvatdan düşdü. Bir anlıq təkrar eləyin: Qazan xan, Vasif xan… Vasif Talıbova ilk dəfə xan deyənə nə deyim. Heyf o addan. Kor nə istər, iki göz. Ürəyinə yağ kimi yayıldı. Özü də sovet kitablarından yadında qalmışdı ki, xanlar zalım olur, bu da üstünə qoydu, getdi. Əlbəttə, sən bu qədər insanlıq düşməni olan birinə xan deyəndə, o daha da quduracaq, xan adı belə ona az gələcək.
Naxçıvanda baş verənlər heç nağıllarda olmur. Vasif Talıbova hansı zalımlıq bildirən təyini aid eləsən düz gələcək, ama əskik olacaq: despot, xunxar, cəllad, qaniçən, sitəmkar… Ancaq dekabrın 26-da Naxçıvan şəhər məhkəməsinin qərarı ilə həbs olunan AXCP yerli təşkilatının fəalı Zeynal Bağırzadənin ölümcül döyülərək xəstəxanaya yatırılmasına münasibət bildirən Əli Kərimli daha dəqiq adı tapıb: GESTAPO! Bəlkə daha şərqsayağı olması üçün Iran zindanı da demək olardı. Ama Iran zindanlarında baş verənlər elə zindandaca baş verir. Naxçıvan isə içərili-çöllü zindandı.
Naxçıvanda baş verənlərə artıq söz tapmaq olmur. Muxtar respublikada ali təhsil alan bir tələbə tanışımın danışdıqları adamı dəhşətə gətirir. Polis mülki geyimdə iznsiz-filansız tələbələrin kirayədə qaldığı mənzillərə soxulur, evdə qız axtarır, tapdıqları halda hər ikisini həbs eləyir, ölümünə döyür, sonra aşağısı 5 min manat almamış buraxmır. Tələbə tanışım bir tələbə yoldaşının başına gələnləri danışır. Adamın tükləri biz-biz durur. Bunları yazmağın mənası yoxdu, çünki gözümüzün qarşısında Turac Zeynalov, Zeynal Bağırzadə, Həkimeldostu və bu an adlarını xatırlamadığım neçə-neçə, başı olmazın müsibətlər çəkmiş nümunələr var. Naxçıvan qapalı təcridxanadı, Quantanamodu. Kimsənin gücü çatmayan həbsxana. Təkcə Naxçıvanda mövcud olan rejimə görə bu hakimiyyəti beynəlxalq tribunala vermək olar. Nə desən, yenə az gəlir.
Təbii ki, Zeynal Bağırzadəyə görə də dövlət Naxçıvanda kimsəni cəzalandırmayacaq. Çünki Azərbaycan dövləti deyilən bir şey yoxdu. Sadəcə, bir ovuc zalımın, allahsızın hakimiyyəti var – onlar həm qanundu, həm dövlətdi, həm qanuni oğrudu. Onlar sadəcə fitvalar verirlər, bu fitvaları qanun adıyla sənədləşdirirlər, dövlət adına yazırlar, xarici dövlətlərlə müqavilələr imzalayırlar. Məgər bayrağı, gerbi, himni, ərazisi, ordusu, polisi, idarələri olan hər subyektə dövlət demək olarmı? Dövlət – ədalət deməkdi. Ədalətli qanun deməkdi. Ədalət olmayandan sonra sadəcə, bir cinayətkar rejim olur. Az əvvəl qanuni oğru dedim. Bəlkə də insafsızlıq elədim. Oğru dünyasının kor-kobud, bəzən konyunktur, bəsit qanunları belə, bu rejimin qanunları qarşısında ilahi doğru təsiri bağışlayır. Yenə də oğru qanunları onların qapalı dünyasına bağlı olmayanlar haqda fitvalar vermir, yabanı halda olsa da dartışmalara, məntiqə, əsaslandırmalara imkan tanıyır. Həqiqəti deyən heç vaxt cəza aktları ilə qarşılaşmır. Ən əsası həqiqətini sübut eləyə bilməyindi. Sübut eləyə bildinmi, sənə zaval yoxdu. Bu rejim isə tam əksinə, sırf həqiqəti deyənlərin cəlladıdı.
Xalq səbirlə susur, cəmiyyət hiyləgərliklə məşğuldu – arxada söyür, üzdə təriflər yağdırır. Sadəcə, ölkə əhalisinin sayı ilə müqayisədə bir ovuc olan müxalifət özünü oda-közə yaxır, sözün həqiqi mənasında canını, ömrünü, gününü-güzəranını fəda eləyir. Kimdən ötrü? Həmin bu amorallaşmış, onlara gülən cəmiyyətdən, getdikcə dəyərləri aşınan xalqdan ötrü. O cəmiyyət ki: “Nəyinizə lazımdı? Siz də başınızı aşağı salıb bir tikə çörəyinizi yeyin də”,- deyir. Kimsənin ağlına gəlmir ki, müxalifətin istədiyi təkcə hakimiyyətə gəlmək deyil, bu cəmiyyəti yuvarlanmaqda olduğu uçurumdan qorumaq, fəlakətin qarşısını almaqdı. Bu cəmiyyətə Naxçıvandan başı bəlalar görmüş adamlar gətirib master-kalsslar keçirmək lazımdı ki, sabahının hara getdiyini anlaya bilsin. Bəlkə onda bu simasızlığa son verilə…