Hikmət Hacızadə: «Regiondakı durum, iki ölkə münasibətlərində cavabsız qalan suallar dövlət başçıları səviyyəsində görüşü zəruri edir»
Xəbər verdiyimiz kimi dövlət başçısı Ilham Əliyev fevralın sonunda Irana səfər edəcək. Bunu Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Onun sözlərinə görə, səfər Iran prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq: “Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq”.
Bir məqamı vurğulamaq yerinə düşər ki, səfər kifayət qədər qəliz dönəmə təsadüf edir. Iranla Azərbaycan arasında münasibətlər ötən müddət ərzində yaxşılığa doğru dəyişməyib. Iki ölkənin əlaqələrindəki gərginlik hələ də qalmaqdaır. Bundan başqa bir sıra məqamlar bu səfəri və səfər zamanı müzakirə olunacaq məsələləri maraqlı edir.
Öncə onu xatırlamaq yerinə düşər ki, bir neçə gün əvvəl Iranın xarici işlər naziri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla vəhhabilərin əlaqəsi barədə araşdırma aparacaqlarını bəyan etdi. Bundan başqa maliyyə çətinlikləri ilə üzləşən Azərbaycan hökuməti vəsait cəlb etmək üçün Irana rəqib ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normalaşdırmağa çalışır. Dövlət başçısının bir müddət BƏƏ-yə səfəri də bunu təsdiq edir.
Iki ölkə münasibətlərində daha bir gərgin nüans bu yaxınlarda meydana çıxıb. Söhbət Iran qazının Gürcüstana nəqlinə dair Tehranla Tiflis arasında start götürən danışıqlardan gedir. Iran qazının Gürcüstana çatdırılaçağı marşrut isə Ermənistan ərazisindən keçəcək. Bu proyekt Azərbaycanı həm Gürcütanın qaz bazarından sıxışdırmaqla yanaşı, Ermənistanın regionda önəminin artmasına səbəb olacaq.
Politoloq Hikmət Hacızadənin fikrincə, hazırda gündəmdə olan məsələlər, regiondakı durum, iki ölkə münasibətlərində cavabsız qalan suallar dövlət başçıları səviyyəsində görüşü zəruri edir. “Məhz bu məslələri təkbətək görüşdə həll etmək lazımdır. Yaranmış vəziyyət bu görüşü zəruri edir. Həll yolları tapılmalıdır”, deyə H.Hacızadə vurğuladı.
Iranın Gürcüstana Ermənistan vasitəsilə qaz kəməri çəkmək niyyətinə gəlincə isə H.Hacızadə bildirdi ki, bu layihəni reallaşdırmaq Iranın haqqıdır. H.Hacızadə hesab edir ki, regionla bağlı məsələlərə də bu səfər zamanı toxunulması mümkündür.
Xəyal