Dünya bazarlarında neft sürətlə ucuzlaşır.
Brent nefti 7,5% ucuzlaşaraq 30,30 dollara, ABŞ xam nefti isə 6% düşərək 27,79 dollara düşüb.
Bu gün ABŞ-da neftbazalarda neft ehtiyatı barədə məlumat açıqlanacaqdır. Ölkədə neft ehtiyatının yeni rekord səviyyəyə çıxacağı gözlənilir.
Digər tərəfdən, bu gün qlobal investisiya banklarından biri olan Goldman bildirib ki, neftin qiymətinin yüksəlməsi üçün bəzi ölkələrin istehsalçıları hasilatı dayandırmalıdırlar. Bunun baş verməsi üçün, neftin qiyməti 20 dollardan aşağı düşməlidir.
Çin iqtisadiyyatının inkişafının ləngiməsi dünya üçün yeni böhrana işarə edir. Çin dünyada ən böyük neft alıcısı olduğundan, bu ölkənin iqtisadiyyatının zəifləməsi neftə tələbi azaldır. Hasilatın (təklifin) yüksək olduğu bir dövrdə tələbin də aşağı olması qiymətləri aşağı salır.
Neftin qiymətinin 20 dollara düşməsi Azərbaycan üçün arzuolunmaz ssenaridir. Azərbaycan rəsmiləri neftin 25 dollardan aşağı düşməyəcəyini gözləyirlər. Ekspertlər bildirirlər ki, neft 20 dollara düşərsə, 1 dollar 2 manatdan yüksək olmalıdır.
QİYMƏT PROQNOZLARI DA AŞAĞI SALINIR
ABŞ Enerji Məlumat İdarəsi (EIA) bu il üçün ABŞ və Brent neft təxminlərini endirib.
Enerji Məlumat İdarəsinin aylıq hesabatına görə ABŞ tipi xam neftin barrelinin qiymətinin bu il ortalama 37.59 dollar olması nəzərdə tutulur. Əvvəlki təxmin 38.54 dollar idi.
İdarə bu il üçün Brent nefti üçün proqnozunu da 40.15 dollardan 37.52 dollara endirib. EIA ayrıca ABŞ-ın neft istehsal təxminini də bu il üçün 8.83 milyon bareldən 8.69 milyon barelə salıb.
(marja)