Dünyanın salamladığı adamın evindən reportaj (FOTOLAR)
Dekabrın 24-ü Sumqaytda kəsilən 51 metrlik tortu izzət və şöhrətinə, eləcə də şirinliyinə görə üstələyən balaca bir tort dünən Savalanlı ailəsinin kasib evində kəsildi və dadıldı.
10 ay 11 gündən sonra AXCP Gənclər Komitəsinin üzvü vicdan məhbusu Cabbar Savalanlı həbsdən evlərinə dönmüşdü. Ev səhər saatlarından arası kəsilmədən qonaq seli ilə üzbəüz qalmışdı. Onların əksəriyyətini nə evdəkilər tanıyırdı, nə də Cabbarın özü. Bu evə gəliblərsə, əlbəttə ki, təsadüfü adam deyillər.
Ana sevinci
Cabbarın, ailə üzvlərinin telefonları bir an da susmur. Azərbaycanın müxtəlif yerlərindən, eləcə də dünyanın dörd bir tərəfindən zəng edənlər bu ailəyə gözaydınlığı verirlər.
Cabbarın anası, öz mübarizliyi ilə az qala Cabbar qədər hamını təəccübləndirən Təravət xanımın gözlərindən sevinc aşıb-daşır. O, hamıya təşəkkürünü bildirir, bu təşəkkür bizim alışdığımız “rəhbərə təşəkkürlər” seriasından deyil. Təravət xanım özünü qürurlu aparır. Telekanallardan biri ona zəng edərək israrla müsahibə verməyi istəyəndə o, “Cabbarın ağır günlərində, məhkəmələrində göz yaşı içində sizə məktub yazdım, bir dəfə də olsun qapımızı döymədiniz. İndi də bizim sizin çəkilişinizə ehtiyacımız yoxdur” deyir.
***
Cabbarı əfv fərmanından az sonra qəflətən, heç kim xəbər tutmadan, gecəylə evlərinə yola salıblar. Bu, hökumətin özünəməxsus “qabaqlayıcı” tədbiridir. Dostları elə cəzaçəkmə müəssisəsinin qarşısında izdihamla qarşılamağı planlaşdırıbmışlar.
“Əfv ərizəsi yazmağı rədd etdim”
Cabbar özü əfvi haqqında bunları danışır: “ Sentyabrdan mənim əfv söhbətim aktuallaşmışdı. Dəfələrlə əfv ərizəsi yazmağım üçün danışıqlar olmuşdu. Hamısında rədd cavabı verdim. Çünki mən heç bir cinayət etməmişdim, nə etiraf edib əfv istəyəcəkdim ki?
Ona görə özlüyümdə fikirləşirdim ki, buna görə mən əfvə düşməyə bilərəm. Amma bir yandan da beynəlxalq təşkilatların, Hillari Klintonun bəyanatlarına baxıb əmin idim ki, bu həbs çox çəkə bilməz. Mənə kolonda da deyirdilər ki, heç bir siyasi məhbus srokunu sonacan oturmur”.
Cabbarın gözü arxada qalıb
Əfv barədə xəbəri eşitməzdən əvvəl Cabbar 10 saylı kolonda digər cəbhəçi vicdan məhbusları Zülfüqar Eyvazlı və Məhəmməd Məcidli ilə söhbət edirmiş. Xəbər çıxır, amma Cabbar bundan o qədər də mütəəssir olmur: “Mən bütün əqidədaşlarımın azadlığa çıxmasını istəyirdim. Onları geridə, həbsdə buraxıb azadlığa çıxmaq inanın ki, mənə ürəkdən sevinməyə imkan vermədi”.
“Azadlıq” qəzetini ibadət edir kimi oxuyurdum
Həbs onu qətiyyən gerilətməyib, ovqat və danışıq tərzi yetkin bir insanı xarakterizə edir. O, özü də həbsdən az şeylər qazanmadığını deyir: “Dünya görüşüm daha da artdı. Siyasi bacarığımda irəliləyişlər oldu. Çoxlu siyasi ədəbiyyat oxudum, insanların mənəvi dəstəyini görüb haqq-ədalət uğurunda mübarizəyə daha da güc topladım. Hər gün “Azadlıq” qəzetini oxumaq mənim üçün ayrıca ləzzət idi. Bu, sanki bir ibadət idi mənim üçün”.
Dayaq nöqtələri
Keçmiş vicdan məhbusu deyir ki, cəzaçəkmə müəssisəsində dustaqların və rəhbərliyin ona münasibəti normal olub. Xüsusən ona beynəlxalq və yerli dəstək Cabbara ilk gündən fərqli münasibətin yaranmasına səbəb olub. Zarafat deyil, kolonda olduğu müddətdə ona dünyanın dörd bir ölkəsindən 800-dən artıq dəstək məktubları gəlib. Bu məktublarda Cabbara ürək-dirək verilir, onun azadlıq uğurunda apardığı mübarizə öyülür. Cabbar düşünür ki, vaxt tapan kimi bu məktubların hamısını cavablasın: “Məhbəsdə olan insan üçün bu məktubların ayrıca qiyməti var. Dustaq yoldaşlarım da bu məktublara çox təəccüblənirdilər, onlar heç vaxt belə şey görmədiklərini deyirdilər”.
Unutmayıb
Cabbar onun azadlığı üçün fədakarlıq edən insanları da ehtiramla yad edir. Deyir ki, həbsindən sonra AXCP sədri Əli Kərimli başda olmaqla bütün partiyadaşları, eləcə də ölkədəki və beynəlxalq aləmdəki hüquq-müdafiəçiləri, ayrı-ayrı fəallar tərəddüd göstərmədən onun müdafiəsində durublar.
Bu sənə lazım idimi?
Adətən həbsə düşən insanlara içəridə də, çöldə də bir “obivatel” sualı olur: Bu sənə lazım idi? Cabbar deyir ki, o da bu sualla az qarşılaşmayıb. Mən də o sualı verirəm.
Cabbar: “Bu nəinki mənə, xalqımıza lazımdır. Həbsdən qorxub azadlıq və demokratiya kimi dəyərlərdən imtina etmək gülüncdür. Baxıram ki, gənclərimizi belə həbslər heç qorxutmur da. Mənimlə görüşməyə gələn cəbhəçilərin çoxunu tanımadım. Onlar hamısı mənim həbsimdən sonra siyasətə gəlib, mübarizəyə qoşulublar. Bu yol şərəfli yoldur”
Həsrət
“Həbsdəykən ən çox darıxdığım şey aksiyalar idi. Aksiyaların fotolarını qəzetdə görəndə qanım coşurdu, adrenalinim artırdı, orda olub “Azadlıq!” hayqırmaq istəyirdim”- deyir o.
Mübarizəyə davam
Cabbar azadlıqdakı həyatında xüsusi dəyişiklik etmək fikrində deyil. İlk nəvbədə isə yaramçıq qalmış təhsilini davam etdirmək niyyətindədir: “Düşünürəm ki, savadlı olub daha yaxşı mübarizə apara bilərəm. Təhsillə yanaşı mübarizəni də gözardı etməyəcəm. Gələcəyi cəsarətlə salamlayan, məhv olmuş keçmişi məzardan qaldıran insanlarla bir sırada şərəfli mübarizəmi davam etdirəcəm”.
Sizi peşiman etməyəcəyəm
Cabbar bir həssas məqama da toxunur. O deyir ki, keçimişin bəzi acı təcrübəsini yeniləyənlərdən olmayacaq əsla: “Bilirəm ki, bəzi siyasi məhbuslar azadlıqa çıxandan sonra onları dəstəkləyən, müdafiə edən insanlarda məyusluq yaradıblar. Öz yollarını dəyişməklə insanlarda inamsızlıq doğurublar. Bu mənim üçün yolverilməz haldır, heç kim bunu görməyəcək. Belə bir şeyi etmək namərdlik olardı”.
Natiq Güləhmədoğlu