“Azadlıq” qəzetində regionun ən inkişaf etmiş dövləti haqqında xəbərləri oxuyurdum. Birdən qarşıma dağılmaqda olan Avropa ilə bağlı xəbər çıxdı. Xəbər “İsveçrədə analoqu olmayan referendum keçirilir” başlığı ilə paylaşılmışdı. Açığı başlıq diqqətimi çəkdi. “Deyəsən haqqın yoluna gəlib, prezidentin ömürlük seçilməsi ilə bağlı referendum keçirirlər” deyərək, xəbəri oxumağa başladım. Amma bu dəfə də düşüncələrimdə yanıldığımı gördüm. Xəbəri oxuyanda məlum oldu ki, sən demə İsveçrə hökuməti işləyib-işləməməsindən asılı olmayaraq, hər bir vətəndaşına aylıq 2500 dollar verilməsi ilə bağlı referendum keçirir.
Heç bu da işdir? Bu qədər də yarıtmazlıq, ağılsızlıq olar? Adama deyərlər, nəyə arxayın olub belə qərar verirsən? Axı sənin düz-əməlli nəyin var? Neftin yox, qazın yox, kömürün yox, bizdəki kimi ağıllı bir prezidentin yox. Olan-qalan 3-4 bankın var ki, oliqarxlar, diktatorlar ölkələrinin sərvətini o banklara qoyurlar. Sən də o pulların faizləri hesabına birtəhər 50-60 il sürünüb, canını tapşırırsan. Bu gedişlə, 2-3 il sonra Allah qoysa o banklar da müflis olub, bağlanacaq. Çünki 2-3 il sonra dünya bütün diktatorlardan qurtulacaq. Sonra düşəcəksən Azərbaycan kimi inkişaf etmiş dövlətlərdən 4-5 milyard dollar kredit dilənməyə.
Azərbaycan demişkən, elə lap götürək bütün dünyanın həsəd apardığı bu ölkəni. Nefti var, qazı var, pambığı, kürüsü, qızıl yataqları var. Hələ 6 dil bilən prezidentini demirəm. O da belə bir qərar verə bilməzdimi? Bilərdi! Sadəcə, o, sizdən fərqli olaraq, başa düşür ki, belə addım atmaq dövlətçilik üçün təhlükəlidir. Bu gün vətəndaşa durduğu yerdə 2500 dollar versən, vətəndaş daha yaxşı yaşayacaq. Sabah başlayacaq mitinqə, etiraza ki, 2500 çatmır, 5000 ver. Bir sözlə, millət başlayacaq prezidentin üzünə ağ olmağa. Beləliklə, ölkə də düşəcək Suriyanın, Liviyanın gününə. Ona görə də nə etmək lazımdır? Vətəndaşı çörəkdən asılı saxlamaq. Bir ildə vətəndaşın 130% pulunu oğurlayıb, 10% maaşını artırmaq. Onda vətəndaş prezidentin başına dönür, qədrini bilir, hətta öz ömründən kəsib ona pay da veriri. Səhər qul bazarı, gecə ev, bir tikə çörək, prezidentə dua, bay-bay…
Elə belə lazımsız qərarlarınızın məntiqi nəticəsidir ki, vətəndaş başınıza çıxır, hər gün üstünüzə “Molotov”la gəlir. Amma hələ də gec deyil. Qarşınızda Azərbaycan kimi ideal bir dövlət nümunəsi var. Baxın, bir daha düşünün.