Mətləb Mütəllimli, istiqlalçı millət vəkili
Bu günlərdə ölkə başçısı I.Əliyev bir qrup YAP üzvü olan gənclərlə görüş keçirdi. Əlbəttə, belə görüşlərin keçirilməsini müsbət hal saymaq olardı, bir şərtlə ki, cəmiyyətin gələcəyini formalaşdıracaq gənclər arasında fərq qoyulmayaydı, müxtəlif cür düşünən, indiki hakimiyyətin fəaliyyətini təhlil və tənqid edən, ona “ləbbeyk” deməyən gənclər də belə görüşlərə dəvət olunaydı. Bir halda ki düzülüb-qoşulmuş belə görüşlərdə bərabərlik prinsipi pozulur, ögey-doğmalıq edilir, biz də öz növbəmizdə bu görüşə fərqli baxışımızla yanaşaq, pozulmuş ədalət prinsipini bərpa etməyə çalışaq.
Fərz edək ki, iti qələminə görə şərlənərək həbs edilən, cavan olmasına baxmayaraq, əqidəsi ilə tarix yazan jurnalist Seymur Həzi də bu görüşə dəvətli olaydı. O, prezidenti diqqətlə dinlədikdən sonra ədəb-ərkanla söz alar, YAP hakimiyyətinin 23 illik günahlarını, cinayətlərini bir il hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin üstünə yıxmağa çalışan prezidentə xitabən deyərdi:
“Cənab Prezident! Mən bu gün sizin Azərbaycanda insan hüquqlarının, söz azadlığının qorunması ilə bağlı fikirlərinizə münasibət bildirmək fikrindən uzağam. Ona görə yox ki, bu sahədə hər şey qaydasındadır, necə deyərlər, qurd quzu ilə otlayır. Ona görə ki, yüzdən artıq mənim kimi siyasi məhbusun şərlənərək həbs edildiyi ölkədə insan haqlarından danışmaq, sadəcə, özünü aldatmaqdan başqa bir şey deyil. Iqtisadiyyatımızın analoqu olmayan inkişafı, xalqın güzəranının günbəgün yaxşılaşması haqda da dediklərinizə münasibət bildirmək istəmirəm. Ona görə münasibət bildirmirəm ki, 23 il yalanlarla doydurulan xalqın vəziyyətini onun özündən yaxşı bilən yoxdur. Bir də ki, necə deyərlər, ”görünən kəndə nə bələdçi?” Ölkədə tüğyan edən korrupsiya ilə, rüşvətxorluqla bağlı apardığınız mübarizədən də danışmaq istəmirəm, hərçənd ki, gün-gündən çiçəklənən, genişlənən bu korrupsiya dövlətimizin iqtisadi dayaqlarını çoxdan sarsıtmışdır. Bugünkü çıxışınızda siz AXC hakimiyyəti dövründə Milli Məclisin sədrini, baş naziri, dövlət katibini, daxili və xarici işlər, müdafiə nazirlərini məsxərəyə qoydunuz. Ad çəkmədiniz və cəmi bir il hakimiyyətdə olmuş o vəzifə sahiblərini indiki eyni vəzifə tutanlarla, təəssüf ki, müqayisə etmədiniz. Ona görə də, icazənizlə, istərdim bu fikrinizə münasibət bildirim. Bəli, düz buyurursunuz, Milli Məclisin keçmiş sədri Isa Qəmbər o vaxt alim titulu ala bilmədi, əvəzində Milli Azadlıq hərəkatında ön sıralarda yer aldı və Azərbaycanı müstəqilliyə aparan 43 kişidən biri oldu. Bəs, Milli Məclisin indiki sədri kimdir, hansı xidmətlərin sahibidir? Elə bilirəm heç siz də rəva görməzsiniz ki, mən indiki məclis sədrini, biznesmeni istiqlala imza atmış şəxslə müqayisə edim. O vaxt dövlət katibi olmuş Əli Kərimlini də rişxəndlə komsomol adlandırdız, əqidəsini dəyişməkdə ittiham etdiniz. Doğrudan da komsomol belə pisdirsə, onda niyə sizin bu gün rəhbərlik etdiyiniz komandanın 90 faizi keçmiş komsomol, kommunistdir? Bir də ki, bu gün Azərbaycan gəncliyində ikinci belə bir şəxs varmı ki, Əli Kərimli kimi səfalətdə yaşayan, uçuruma yuvarlanan millətin hüquqlarının cəsarətlə müdafiəsinə qalxsın? Ovaxtkı baş naziri – Pənah Hüseynovu da aşağılamaqdan çəkinmədiniz. Qeyd etdiniz ki, o, xırda ticarətlə, mövsümi ticarətlə, yəni qarpız satmaqla məşğul idi. Sizi deyə bilmərəm, şəxsən mən qarpız satmaqda heç bir qəbahət görmürəm. Qəbahət ondadır ki, sizin rəhbərlik etdiyiniz hökumətin – indiki nazirlərin, deputatların mütləq əksəriyyəti qanunla qadağan edilsə belə, dövlət işindən çox şəxsi biznesləri ilə məşğuldurlar. Bir də, təki satılan qarpız olsun, vicdan yox. Gənclərə onu da dediniz ki, keçmiş daxili işlər naziri, yəni Iskəndər Həmidov televiziyaya hücum çəkdi, canlı yayımda danışan şəxsi döydü. Doğrudur, o vaxt Iskəndər Həmidovun çılğınlığı vardı, bəzən hövsələsizlik də edərdi. Bununla bərabər, müharibə gedən ölkədə o həmişə ön cəbhədə idi, əlindən gələn bütün köməklikləri canla-başla edərdi və sizin indiki nazir kimi, daxili işlər orqanlarında heç vaxt hacı məmmədovlar bəsləməzdi. Çıxışınızda keçmiş müdafiə naziri Rəhim Qazıyevi də xəyanətdə ittiham etdiniz, Şuşanı verməkdə günahkar elan etdiniz. Birincisi, bildiyim qədər, heç bir hüquqi sənəddə, heç bir məhkəmə hökmündə müdafiə naziri R.Qazıyev vətənə xəyanətdə ittiham edilməyib. Ikincisi, hesab edirsinizsə ki, o, doğrudan da vətənə xəyanət etmişdi, onda niyə onu vaxtından əvvəl əfv etdiniz? Bundan başqa, həmişə tənqid etdiyiniz ACX hakimiyyətinin bir illik iqtidarı dövründə işğal olunmuş torpaqlarımızın 52 faizi azad edilmişdisə, sizin 23 illik hakimiyyətiniz dövründə niyə işğal olunmuş torpaqlardan 52 sm azad edilməyib?
Növbəti ittihamı da keçmiş xarici işlər naziri Tofiq Qasımovun ünvanına səsləndirdiniz. Qeyd etdiniz ki, o, fizik idi, heç bir xarici dil, o sıradan rus dilini düz-əməlli bilmirdi. T.Qasımov kimi kristal bir şəxsiyyət haqqında belə demək, əlbəttə, çox böyük ədalətsizlik olardı. O, təkcə rus dilini, ingilis dilini yaxşı bilmirdi, həm də diplomatiyanı gözəl bilirdi. Sizin fizik deyə qınadığınız T.Qasımov təkcə BMT-də Azərbaycanın ərazi bütövlüyünün xeyrinə 4 qətnamə qəbul etdirmişdi. Bundan başqa, o, Azərbaycanın Konstitusiya Aktının müəlliflərindən biri, Milli Azadlıq Hərəkatının öncüllərindən idi. Bəs sizin, guya, 7 dil bilən indiki xarici işlər naziriniz millət qarşısında hansı xidmətlərin sahibidir? Ümumiyyətlə, 12 il nazir kürsüsündə öz ana dilində belə düz-əməlli danışa bilməyən, heç kimin müsbət xarakterizə etmədiyi E.Məmmədyarovu kiminlə müqayisə edirsiniz? Nəhayət, onu da deməyi özümə borc bilirəm ki, sadaladığınız insanlar: Isa Qənbər, Pənah Hüseyn, Tofiq Qasımov, Əli Kərimli, Rəhim Qazıyev, Iskəndər Həmidov Milli Azadlıq hərəkatının əsgərləri, Azərbaycanın müstəqilliyinə imza atmaq şərəfinə layiq olmuş tarixi şəxsiyyətlərdir ki, bu xoşbəxtlik sizin komandada heç kimə nəsib olmayıb”.
02.02.2016