Əyyub Kərim: «Hacının dedikləri araşdırılarsa Elmar Hüseynovun qətlə yetirilməsilə bağlı bəzi yeni nüanslar ortaya çıxa bilər»
Xəbər verdiyimiz kimi Daxili Işlər Nazirliyinin (DIN) keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı adam oğurluqları və qətllər həyata keçirmiş dəstənin başçısı Hacı Məmmədovun Ali Məhkəməyə müraciətində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı məsələ də öz əksini tapıb.
Hacı Məmmədov yazıb ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ondan bu qətlin icrasını öz üzərinə götürməyi, sifarişçi kimi isə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkməyi tələb edib. Məhz bu tələbdən sonra o, Fərhad Əliyevin üzünə durub. Hacı Məmmədov qeyd edib ki, qətlin onun tərəfindən törədilməsi, sifarişçinin isə Fərhad Əliyev olduğu barədə vaxtilə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.
Hacı Məmmədov Ali Məhkəməyə məktubunda həmçinin DIN-in Baş Cinayət-Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovun da günahsız olduğunu, keçmiş MTN rəhbərliyinin göstərişilə onun üzünə durduğunu yazıb.
Tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim hesab edir ki, Hacı Məmmədovun bu müraciəti ciddi araşdırılmalıdır: ”Çünki bu halda xeyli qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Konkret olaraq Elmar Hüseynovun qətlə yetirilməsilə bağlı bəzi yeni nüanslar ortaya çıxa bilər ki, bu da qətlin araşdırılmasında ciddi rol oynaya bilər”.
Əyyub Kərim ehtimal edir ki, Hacı Məmmədovun bu müraciəti araşdıralacaq: “Məncə, onun müraciətinə baxılacaq. Lakin bu 100 faizlik proqnoz deyil. Baxılmaya da bilər. Amma yaxşı olardı ki, Hacının dedikləri araşdırılsın. Cəmiyyət də görər ki, belə də olur. Bəzən müraciətlərə baxılır və s.”