Türkiyə parlamenti yerli narazılıqlara baxmayaraq, ziddiyyətli su bəndi tikintisinə başlamaq qərarı verdikdən sonra ölkənin şərqindəki qədim Hasankeyf şəhəri su altında qala bilər.
Türkiyə Dəclə çayı üzərində İlisu bəndinin tikintisi layihəsinə 1950-ci illərdə başlayıb, lakin hüquqi müstəvidəki çəkişmələr işləri 2006-cı ilədək ləngidib.
Bu layihə Hasankeyf şəhərinin 90 faizi də daxil 300 kvadrat kilometrlik sahənin su altında qalmasını nəzərdə tutur.
Hökumət bildirir ki, bənd ölkəyə çox lazım olan elektrik enerjisi verməklə yanaşı, həm də yerli irriqasiya işlərinə kömək edəcək.
Lakin layihənin tənqidçiləri minilliklərlə yaşı olan qədim mədəni irsin həmişəlik itiriləcəyindən şikayətlənirlər. Hökumət köçürülməyə məruz qalacaq sakinlər üçün evlərin tikntisinə artıq başlayıb.
Yeni şəhərdə qədim abidələrin saxlanacağı muzey də olacaq. Lakin layihənin əleyhdarları iddia edirlər ki, yerin altında arxeoloji qazıntıları gözləyən çox sayda mədəniyyət nümunəsi yatır.
Adamlar həm də narahatdırlar ki, bəndin tikilməsi Neolit dövrünə aid mağaralara 600 yaşlı Əl Rizq məscidinin minarəsindən açılan panoramı məhv edəcək.
Kütləvi deportasiyalar
Memarlıqdan başqa Hasankeyf zəngin etnik irsə malikdir.
Osmanlı türkləri buraları 1515-ci ildə zəbt ediblər. Əsasən erməni və assuriyalılardan ibarət yerli əhali isə Birinci Dünya Müharibəsinin qəddar deportasiyaları ilə buradan köçürülüb.
O vaxtdan bəri buradakı əhalinin əksəriyyətini kürdlər təşkil edir.
Hasankeyfin xilası üçün on ildən artıqdır ki, kampaniya aparan hüquqşünas Murat Cano BBC-ə deyib ki, Türkiyə ərazisində bütün hüquqi vasitələr artıq tükənib. Elə buna görə də, vəkil bu işi 2006-cı ildə Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib.
Məhkəmə 2015-ci ildə bu işin baxılmasına başlayacaq, lakin kampaniyaçılar naratdırlar ki, artıq gec ola bilər.
“Mədəniyyət irsinin məhv edilməsinə insan haqlarının pozulması kimi baxılmalıdır” – deyib vəkil Cano.