“Ədalətsiz cəmiyyətdə vicdanlı adamın yeri həbsxanadır” – yazırdı Henri Toro.
“Azadlıq” qəzetinin 3-cü səhifəsində hazırda dəmir barmaqlıqlar arxasında olan 20-yə yaxın vicdan məhbusunun fotosunu görəndə bu sözləri xatırlamamaq olmur.
Hər kəsin mənəvi baxımdan zəiflədiyi anlar olur. Bu zaman insan özünü akkumlyasiya etmək üçün güc mənbəyi axtarır. Etiraf edək ki, bizim keçmiş siyasi irsimizdə belə mənbələr o qədər də çox deyil. Indi isə vicdan məhbuslarımız o defisiti doldururlar, bu gün yaşadıqları məhrumiyyətlərlə nəsillərə qalacaq sərvət yaradırlar. Adi bir məqamı qeyd edim: 6 il əvvəl həbs olunan, Əliyevçi rejimin ən parlaq nazirlərindən biri Fərhad Əliyevin də məhkəməsini xatırlayın, bizim vicdan məhbusu olan dostlarımızın da…
Fərhad Əliyev o məhkəmələrdə melonxolik boynubüküklüyü ilə arxivlərə düşdü. Vicdan məhbusları isə sözün əsl mənasında ədalətsizliyə, repressiya maşınına meydan oxudular. Onların hər biri əyilməzlik, məğrurluq nümunəsi yaratdılar. Lap sonuncu məhkəməni götürək. Mən təəssüf edirəm ki, bizim yazarlar Məhəmməd Məcidlinin hakimlərə xitabən seçdiyi “Cənab Məhkum Hakim” ifadəsinə, hakimlərin gözlərinin içinə səsləndirdiyi “Nökər bəyə hökm oxuyur” şeirinə yetərincə diqqət ayırmadılar.
Bəli, ola bilsin ki, bu şeir poetik cəhətdən tənqid olunasıdır. Lakin Çernışevski nə deyirdi: Həqiqət ona xidmət edənlərin qüsurlarını düzəldir. Bu baxımdan, yəni çoxlarının qorxaraq, şəxsi mənafelərini güdərək demədiyi həqiqətləri sərt bir dildə, güzəştə getmədən səsləndirən Məhəmməd Məcidli misilsiz bir örnək yaradıb.
Dəmir barmaqlıqların arasında əli-qolu bağlı olmasına rəğmən, iti məntiqi və əzmi ilə özbaşınalıq edən məhkəmə nəzarətçilərini, hakimləri toyuq kimi büzüşdürməyi bacaran Arif Hacılı, Tural Abbaslı barədə gələcək nəsillərin qürurla danışacağı çoxlu xatirələr yarandı. “Qaya parçası gözqamaşdırıcı abidəyə dönmək üçün ona dəyən çəkic zərbələrinə dözməlidir” – deyirdi, dahi pedaqoqlardan biri. Məncə, Azərbaycan tarixinin gözqamaşdıran abidəsinə dönmüş vicdan məhbusu olan dostlarımız da ədalətsiz rejimdən aldığı zərbələrə dözəcək və müqavimət göstərəcək durumdadırlar. Bu zülm bir gün bitəcək, ancaq onların yaratdığı örnəkləri heç kim bitirə bilməyəcək.
Əli Kərimlini niyə zərərsizləşdirmirsiniz?
AXCP sədri Əli Kərimlinin gənclərlə görüşü hökuməti xeyli əndişələndirib. Hökumət qəzetləri bazar günü keçirilən görüşü pis yuxu kimi unuda bilmirlər. Qınanılası da deyil, 500 gəncin günün-günorta çağı prinsipial müxalifət lideri ilə görüşə getməsi, onun partiyasına yazılması və bunu qorxmadan etməsi hakimiyyəti çaşdırıb. Axı onlar tam əks mənzərə gözləyirdilər. Heç vaxt olmadığı sayda – 10 gənci eyni vaxtda həbsdə saxlamaqla cəmiyyətdə belə bir ruhu hakim etmək istəyirdilər ki, guya, müxalifətin varisi yoxdur, o, ölümə məhkum olub, onların arxasınca getmək olmaz. Bu anda 500 pırıl-pırıl gəncin Əli Kərimli ilə görüşü baş tutur və bu görüşdə “əkil-bəkil” şeiri danışılmır, Ilham Əliyevə sərt tonda ultimatum göndərilir. Buna görə narahatdılar və gərginliklərini ağlagəlməz formada ifadə edirlər. Məsələn, hakim partiyanın çap orqanı “Yeni Azərbaycan” beş gündür yazır: Əli Kərimli xaricdən aldığı pul hesabına gəncləri radikallaşdırır, onları başıpozuqluğa sövq edir. Yüngül ağlın məhsulu kimi cəmiyyətə belə yazıları təqdim edənlər dərk etmək iqtidarında deyillər ki, bu cür yazılarla Əli Kərimlini yox, “qara kəmər”li hüquq-mühafizə orqanlarını “multfilm” yerinə qoyurlar. Əli Kərimli xaricdən maliyyələşirmi, bu maliyyə camaatın balasını bədbəxt etməyə hesablanıbmı?.. Belədirsə, mən Azərbaycanın hüquq-mühafizə orqanlarındakıları istisnasız olaraq “xalq düşmənləri” adlandırıram. Axı niyə onlar bu cür cinayəti aşkarlaya bilmirlər? Yox, aşkarlayıb xalqın balasının bədbəxt edilməsinə göz yumurlarsa, daha nə deyim, rəzil olasınız Sizi!