Şəxsi ləyaqət olmadan yüksək mənsəblərə çatmaq…
Hörmətli, Cəmil müəllim, bu gün Rafiq Əliyevin, ölkənin vicdanlı ziyalılarının qarasına təşkil olunan “zəhmətkeş etirazlarını” görəndə yadıma 2005-ci ildə Əli Insanovla Akif Muradverdiyevə qurulan ilk “məhkəmələr” düşdü. O “məhkəmələrin” təşkilatçıları, hakimiyyətin əlində kor alətə çevrilmiş “ziyalı”lar, belə getsə, hələ çox Azərbaycan ziyalısını mühakimə edəcəklər. Təsəllimiz və inamımız onadır ki, belə çox getməyəcək…
Bu adamlar dünən Əli Insanovu, Akif Muradverdiyevi şər-böhtanla ittiham edəndə də, bu gün Rafiq Əliyevə qarşı qarayaxma kampaniyası aparanda da bircə məqsəd güdüblər. “Yuxarıların” istəyini yerinə yetirmək. Onlar üçün ən yüksək dəyər tutduqları vəzifə, nifrətə layiq şöhrət, əllərində cəmlədikləri sərvətdir. Ancaq bu çirikinliklərin sonunun olduğunu da bilməlidirlər.
Dövləti necə çevirirlər?
Əli Insanovun məhkəməsini səbirsizliklə gözləyirdim ki, görüm, o, kimlərlə bu dövləti çevirirmiş. Axı, bu analoqu olmayan dövlət yorğan-döşək deyil ki, adam onu təkbaşına çevirə bilsin. Məlum oldu ki, bu çevriliş söhbəti Ə.Insanovu vurmaq, əhalini inandırmaq üçün bir şou imiş. Misir Mərdanov o məhkəmədən sonra susdu və ədalət naminə deyim ki, Rafiq Əliyevə qarşı qurulan şouda da görünmədi. Bəlkə doğrudan da 2005-ci ildə etdiklərindən xəcalət çəkir? Kaş elə ola…
2005-ci ilin çevriliş şosundan sonra hətta seçicilərlə görüşünü də Akif Muradverdiyevi yamanlamağa həsr edən bir başqası bu gün təkcə rəhbərlik etdiyi Universiteti bazara çevirməyib. Onun Bakıda və hətta bəzi xarici ölkələrdə restoran-şadlıq evlərinə, otel və mağazalara sahib olmasından da danışırlar. Bunları qorumaq üçün həmin “ziyalı” istənilən işə qol qoymağa hazırdır.
Mütəllibovdan Heydər Əliyevə qədər…eyni sədaqət
Oqtay Əsədovla bu günə kimi bir dəfə də olsun üzbəüz gəlməmişəm. Ancaq 2003-2005-ci illərdə göstərdiyi “xidmətlər” haqda eşitmişəm. Rafiq Əliyevin məsələsi Milli Məclisdə səslənəndə göstərdiyi münasibətə görə onu yada salıram. Şübhəsiz ki, parlamentin sədri kimi mühüm vəzifəyə seçilməyib, “xidmətlərinə” görə təyin edilən bir adam elə də münasibət nümayiş etdirəcəkdi. Arzu edək ki, o yüksək vəzifə layiqli sahiblərinə qismət olsun…
Bu “görkəmli simaların” arasında öz sədaqətini axıracan göstərən “akademik” Əhliman Əmiraslanov oldu. Ə.Əmiraslanov öz peşəkarlığını hələ 1990-cı ildə göstərmişdi. O, A.Mütəllibovu sadiqliyinə elə inandıra bildi ki, Cəlilabad rayonundan Azərbaycan Ali Sovetinə deputat mandatı ilə mükafatlandırıldı. Həm də Moskvada yaşaya-yaşaya. Nəyin sayəsində Mütəllibov ona bu ehtimadı göstərmişdi? Heydər Əliyevin əleyhinə söylədiyi sözlərə, Mütəllibovu dəstəkləyən ziyalılara qoşulduğuna görə.
Ə.Əmiraslanov H.Əliyev Kreml xəstəxanasında ağır xəstə yatanda onun yanına getmədiyini qururla danışırdı. Mütəllibovdan sonra, o, birdən-birə Əbülfəz Elçibəyin tərəfdarı, azadlıq aşiqi oldu. Ə.Elçibəy onu Tibb Institutuna rektor təyin etdi. Ə.Elçibəy zorla vəzifədən uzaqlaşdırıldıqdan sonra Rəsul Quliyevin “dostu” oldu.
Təəssüf ki, Ə.Insanov Ə.Əmiraslanovun rektor vəzifəsində qalması üçün H.Əliyevi fikirindən döndərə bildi. Bəlkə də bu, Ə.Insanovun etdiyi ən böyük səhvlərdən biri idi. Sonrası hamıya bəllidi. Ə.Insanova etdiyi xəyanət sayəsində nəinki, vəzifəsində qaldı, hətta Milli Məclisin üzvü də seçildi, böyük biznes qurdu…
Taleyran deputatlar haqqında nə deyib?
Bir dəfə Taleyrana deyirlər ki, Fransa deputatları haqqında nə söyləyirlər-söyləsinlər, ancaq, onların arasında vicdanlıları da var. Taleyran cavab verir: “Buna şübhəm yoxdur, onların aralarında elələri var ki, vicdanları aşıb-daşır. Hətta cənab Dufrenin iki vicdanı var”. Bəli, indi Azərbaycan parlamentinin bir çox üzvlərinin (onların adlarını bir-bir saymaq istəmirəm) iki vicdanı var.
70-ci illərdən qalan zərərli miras
Azərbaycan xalqını qarşı-qarşıya qoymaq indiki hakimiyyətə 70-ci illərdən qalan zərərli mirasdır. Bu üsulla indiki hakimiyyətin ideoloqu (və ideoloqları) millətimizin genofonunu məhv edib.
Hörmətli xalq yazıçısı Əkrəm Əylisli öz müsahibəsində deyir ki, Rafiq Əliyevə qarşı başlanmış kampaniyanın Prezident Adminstrasiyasında hazırlandığına şübhə etmir. Ancaq ölkə prezidentinin baş verən çirkin təbliğatdan xəbəri olub-olmadığını deyə bilməz. Əgər ölkə prezidentinin ümumrespublika miqyasında davam edən çirkin oyundan xəbəri yoxdursa, bu daha pis haldır.
Sonda bir daha təkrar etmək istərdim: təlxəyin, məddahın, rüşvətxorun, saxtakarın, riyakarların vətənləri yoxdur. Onlar ancaq yaranmaq üçün dünyaya gəliblər.
Qeyd etdiklərimdən yəqin, məlum olur ki, Ziyalılar Forumunu, onun iştirakçılarını və təşəbbüskarlarını, o cümlədən dünya şöhrətli dramaturq və kinorejisor, dərin hörmət bəslədiyim Rüstəm Ibrahimbəyovu dəstəkləyir, görükləri işləri alqışlayıram.
Hörmətli Cəmil müəllimə isə Mirzə Fətəli Axundovun bir kəlamını xatırladıram: “Hünər və şəxsi ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir”. Onun tənqidləri məhz, bu cür adamlara ünvanlanır və şübhəsiz, hədəfə dəyir.
Əli Qaraqoyunlu