Mehdiyevin ötən asrdən başlayan ədavəti
Arzuolunmaz adam olmaq üçün nə lazım idi?
SSRI dövründə Sumqayıtda Ümumittifaq Elmi Tədqiqat Kimya Avtomatika institutu vardı, kimya müəssisələri üçün elmi layihələr və tövsiyələr hazırlayırdı. Institutun yaradıcısı və qurucusu professor Əsgər Abdullayev idi. Səhv etmirəmsə, R.Əliyev də nə vaxtsa o institutda işləyib.
60-cı illərdə Əsgər müəllim respublikada avtomatika sahəsində ilk azərbaycanlı elmlər doktoru idi. 60-cı illərin əvvəllərində, 35 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçildi.
Sonra məlum oldu ki, o Azərbaycan Ali Sovetinin keçmiş sədri Məmməd Isgəndərovla bir kənddəndir. Gorus rayonunun Eyvazlı kəndindən olan Əsgər Abdullayev 70-ci illərdən sonra arzuolunmaz şəxsə çevrildi.
Doktorluq müdafiə etmədən akademik olmaq
Cəmil müəllim, mən bunları qeyd etməklə yeni xəbər vermirəm. Belə baxanda, Akademiya üzvü seçilən, Ağdam rayonundan olan tarixçi Cəmil Quliyev heç doktorluq da müdafiə etməmişdi. Hələ gəlib Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti də seçildi. Elə o biri vitse-prezident Nəriman Quliyev də elmlər namizədi ola-ola Akademiyaya müxbir üzv seçildi.
Bəli bu, 70-ci illərin reallıqları idi. Sənin heç diplomun da olmaya bilərdi, ancaq haqqa, ədalətə, insanlığa, milli varlığa qənim kəsilə bilsəydin bütün qapılar üzünə açıq olardı.
Heyflər olsun ki, Azərbaycan bugün Rafiq Əliyevlə deyil, Fikrət Əliyevlə birdir…
Rişxənd mənbəyi olan akademik titulları
Şəxsiyyətini ucuz tutan, səriştəsiz, elm yolunu qazanc məqsədinə çevirənlərin zəmanəsində insanlığa yer yoxdur. Cəmil müəllim çox haqlı yazır ki, Fikrət Əliyevin birbaşa akademik seçilməsi Riyaziyyat institutunda rişxəndə səbəb oldu. Soruşan lazım idi ki, axı Fikrət Əliyev bir nəfər elmlər doktorunun məsləhətçisi olmaya-olmaya necə olur ki, akademik seçilir. O vaxt səsvermə komissiyasına hamının yaxşı tanıdığı akademik Ziyad Səmədzadə sədrlik edirdi. Onun saxtakarlıq və riyakarlıq kimi keyfiyyətlərə münasibətindən faydalanan Ramiz Mehdiyev və Fatma Abdullazadə doktorluq diplomlarında rəngi qurumamış neçə-neçə “alimi” akademik seçdirməyə nail oldular. 2005-ci ilin parlament seçkilərində Ziyad Səmədzadənin bu “zəhmətləri” də nəzərə alındı və o, deputat mandatı əldə etdi.
Çox təəssüflər olsun ki, Rafiq Əliyev kimi görkəmli alim haqqında elmdən xəbərləri olmayan Fikrət Əliyevlə Telman Əliyev fikir söyləyirlər. Tutalım ki, Fikrət Əliyev informatika, kibernetika, idarəetmə elmlərindən xəbərsizdi. Bəs Telman Əliyev? O ki bir neçə ildir Kibernetika Institutuna rəhbərlik edir. Bəyəm o, Rafiq Əliyevin 80-ci illərdən bəri əldə etdiyi nailiyyətləri bilmir? Yoxsa Azərbaycanda Rafiq Əliyevin rəhbərliyi ilə keçirilən elmi konfranslarda tələbə kimi iştirak etdiyini də unudub? Necə olur ki, R.Əliyevin idarəetmə proseslərinin intellektuallaşması, qeyri-səlis məntiqlərin yaradılması, qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi sahəsində görkəmli alim olduğunu çoxları kənardan-kənara olsa da bilir, ancaq informasiya sahəsində “akademik” titulu əldə edənlər bilmir. Görün, müstəqil Azərbaycanın, Ramiz Mehdiyevin, Fatma Abdullazadənin akademikləri kimlərdir.
Bir kafedra müdiri Qarabağı geri almağa mane olurmuş
Heyrət doğuran məqamlardan biri də bu adamların Rafiq Əliyevi Azərbaycan KP MK-nın birinci katibi olmuş Əbdürrəhman Vəzirovla bağlaması, Qarabağın itirilməsinə görə absurdcasına ittiham etməsidir. Azərbaycan Vəzirovun gəlişinə qədər barıt çəlləyi idi. Bəli, o, heç bir iş görə bilmədi, bu, hamıya məlumdur. Bəs son 20 ildə kim imkan vermədi və hələ də imkan vermir ki, Qarabağ problemi həll olunsun? Rafiq Əliyevi kafedra müdiri vəzifəsindən çıxarmaqla Qarabağ məsələsi həll olunsaydı, şübhə etmirəm ki, o, bundan çox şad olardı.
Bu son dərəcə çirkin və iyrənc bir təbliğatdır. Azərbaycan xalqı düşünüldüyü qədər də sadəlövh deyil. Hazırlanan oyunların dirijorlarını da, Qarabağ kartından istifadə edib hakimiyyəti zəbt edənləri də, Qarabağ probleminin qurbanlarını da yaxşı tanıyır.
Yaxşı deyiblər ki, hər bir zərərli işdə həm də bir xeyir var. Bəlkə də Prezident Administrasiyasının yaratdığı bu şou olmasaydı Azərbaycan ictimaiyyəti, hətta bir çox ziyalılar da Rafiq Əliyevi belə, yaxından tanıya bilməyəcəkdi. Şübhəsiz, hadisələrin belə məcrası həm də onu göstərir ki, R.Əliyevin yüksək ləyaqətinin Azərbaycan cəmiyyətində tanınmasına indiyədək imkan verilməyib. Indi isə onu kafedra müdiri vəzifəsindən çıxarmaqla kifayətlənsələr, Əli Insanov kimi Akademiyadan kənar etməsələr yaxşıdır.
Bir zamanlar, 2001-ci ildə Əli Insanov da çox əziyyətlə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovu birbaşa, Fikrət Əliyev kimi akademik seçdirmişdi. O zaman Əli Insanov onu akademik seçdirə bilmək üçün diş həkimi Cəmil Əliyevi də birbaşa akademik seçdirmişdi.
Günün birində Fikrət Əliyev də çıxış edib deyə bilər ki, Rafiq Əliyev alim deyil, Elmlər Akademiyasına təsadüfən seçilib, gəlin onun müxbir üzv adını əlindən alaq.
Ramiz Mehdiyev Rafiq Əliyevi niyə “qaralayıb”?
Cəmil müəllim, diqqətinizə çatdırmaq istəyirəm ki, R.Əliyevə qarşı başlayan kampaniyaya təkcə onun Ziyalılar Forumundakı çıxışı yol açmayıb. O çıxış, sadəcə, bəhanədir.
R.Əliyev Azərbaycan Xalq Təsərrüfatı Institutunda baş verən dövləti cinayətdən sonra Mərkəzi Komitənin elm və təhsil şöbəsinə müdir təyin edildi. O, təxminən iki ilə yaxın MK-nın ideologiya katibi Ramiz Mehdiyev və şöbənin əməkdaşı Fatma Abdullazadə ilə birlikdə işləyib.
Rafiq Əliyev Mərkəzi Komitənin birinci katibi Kamran Bağırovla yaxın münasibətlərdə olub. Onun şöbə müdiri vəzifəsinə K.Bağırov çətinliklə gətirə bilmişdi. Çünki məlum klan bu təyinata qarşı idi. 1970-ci ildən R.Əliyevin təyinatına qədər elm və təhsil şöbəsinə R.Mehdiyevin yaxın dəstəsi rəhbərlik edirdi. K.Bağırov bu “ənənəni” poza bilmişdi. Üstəlik, R.Əliyevin MK katibi R.Mehdiyevi əvəz edəcəyi gözlənilirdi. Ancaq K.Bağırovun vəzifəsindən getməsi məsələni gözlənilən istiqamətə aparmadı.
Sonralar R.Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Fatma Abdullazadə də Neft və Kimya Institutuna göndərildi. Elə o gündən R.Əliyevin ləkələnməsinə yollar axtarıldı.
Bəli, xalq yazıçısı Əkrəm Əylisli çox düz fikirləşir. Bu çirkin oyunlar Ramiz Mehdiyevin Fatma Abdullazadə ilə birlikdə yaratdığı laboratoriyada sintez edilir.
Naziri iş otağında “qara maskalılar”ın əli ilə həbs edən hökumət…
Cəmil müəllim, çox xahiş edirəm ki, R.Əliyevə qarşı baş verənləri regionçuluqla əsla əlaqələndirməyəsiniz. Bir neçə il bundan öncə baş verən “dövlət çevrilişi” şousu məgər R.Əliyevin başına gələnlərdən az ağır idi?
2005-ci ilin “dövlət çevrilişi” şousu güman edirəm ki, yaxşı xatirinizdədir. O hadisə dövlətin öz vətəndaşlarına qarşı hazırladığı terror idi. XXI əsr Azərbaycan xalqı üçün keçən əsrin 37-ci illərindən də dəhşətli fəsadlarla başladı. Kim fikirləşə bilərdi ki, dövlət öz dayaqları olan nazirlərin evinə, iş otağına bir dəstə əli avtomatlı hərbçi göndərib özlərini və ailə üzvlərini terrorla üz-üzə qoyacaq? O qəddarlığı öz xalqının övladlarına qarşı ancaq Liviya kralı Müəmmar Qəzzafi, Iraq prezidenti Səddam Hüseyn kimi tiranlar yaşada bilərdilər.
Kriminal, korrupsiyanın çiçəkləndiyi, haqsızlığın, ədalətin olmadığı bir ölkədə yaşayırıq. Belə olmasaydı görkəmli tibb alimi, Dünya Səhiyyə Təşkilatının məşhur simalarından biri Əli Insanovu iş otağında qurduğu dövlətin qara maskalı əsgərləri qandallamazdı. Onun və iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsini əsaslandırmaq üçün ifadə verməkdən imtina edən respublikanın başqa bir tanınmış siması, dövlət xadimi Akif Muradverdiyevi “dövlət çevrilişini bilib gizlətmək” ittihamı ilə həbs etməzdilər.
Yeri gəlmişkən, Akif Muradverdiyev haqqında ancaq yüksək ləyaqəti, zəngin mənəviyyatı ilə seçilən ziyalı kimi danışıldığını eşitmişəm. Bildiyim qədər, Heydər Əliyevə səmimi inananlardan, onun Bakıya qayıdışında xüsusi rol oynayanlardan olub. H.Əliyev 4 oktyabr 1994-cü ildə xalqı kömək üçün Prezident Aparatı qarşısına çağıran məşhur müraciətində A.Muradverdiyevin OMON-la faydalı danışıqlar apardığını demişdi. Əgər eləydisə, A.Muradverdiyev H.Əliyevin hakimiyyəti uğrunda canını qurban verməyə getmişdi. O cəsarəti bugünkü məmurların hansı edə bilər? Heç biri. Inanın ki, Ilham Əliyevi yaxın ətrafının elə o sarayda qoyub qaçacağı gün uzaqda deyil.
(ardı var)
Əli Qaraqoyunlu