«Bu hakim komandaya heç bir ümid bəsləmək olmaz»
Nemət Əliyev: «Artıq neft gəlirlərinə ümid etmək yox, ölkənin qeyri-neft sektorunu gəlir gətirən bir hala salmaq lazımdır»
Azərbaycan hökuməti ölkənin üzləşdiyi böhranlı durumdan çıxmaq üçün yollar axtarmaq niyyətində deyil. Bunu hökumət təmsilçilərinin verdiyi bəyanatlar da göstərir. Hakimiyyət hələ də neftin bahalaşacağına ümid bəsləyərək, vəziyyətdən çıxmaq yolunu yalnız bunda görür. “Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq”.
Bu sözlər energetika naziri Natiq Əliyevə məxsusdur. Nazir bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır. Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. “Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir. Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”, deyə nazir əlavə edib.
N.Əliyevin daha bir maraqlı açıqlaması isə enerji sektorunun durumu ilə bağlıdır. O, bildirib ki, Azərbaycanın enerji sektorunda fəaliyyət göstərənÿmüəssisələr xeyliÿköhnəlib və onların çox böyük investisiyalara tələbatı var: “Enerji müəssisələrindən yalnız köməkçi qurumlar özəlləşdirilə bilər. Amma həmin müəssisələr köhnədir və böyük investisiya tələb edir. Təxminən 4ÿmlrd. dollar investisiya lazımdır. Bunu isə fiziki şəxs edə bilməz. Ancaq hansısa şirkət bunu edə bilər. Yaxud biz onların özəlləşdirilməsi üçün başqa yollar tapmalıyıq”.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, artır bu açıqlama ilə hökumətin hər hansı islahat apara bilmədiyi ilə bağlı fikirlər öz təsdiqini tapır. Hakimiyyətin hər hansı islahat aparacağının onsuz da əvvəlcədən gözlənilən olmadığını deyən N.Əliyev qeyd etdi ki, eyni zamanda bir məqam da hökumət təmsilçiləri hər hansı iş görməkdə qabiliyyətli deyil: “Bu hakim komandaya heç bir ümid bəsləmək olmaz. Hətta neftin qiyməti qalxacaqsa belə bu hakimiyyətdə arxayınçılıq yaratmalı deyil. Ilham Əliyev deyir ki, hesab edin neft yoxdur. Amma neftsiz iqtisadiyyatı əməldə qurmaq lazımdır. Artıq o neft gəlirlərinə ümid etmək yox, sadəcə olaraq ölkənin qeyri-neft sektorunu gəlir gətirən bir hala salmaq lazımdır. Bundan ötrü ciddi islahatlar aparmaq lazımdır”.
N.Əliyev hesab edir ki, əgər iqtisadi siyasət bu cür davam edərsə, onun çox ağır iqtisadi fəsadları ola bilər. Ölkənin energetika sektorunun inkişaf etdirilməsi üçün 4 milyard vəsaitin lazım olmasına gəlincə isə, N.Əliyev qeyd etdi ki, 2007-ci ildə enerji daşıyıcılarının qiyməti kəskin şəkildə, 3 dəfədən artıq qaldırılmışdı: “O vaxtı bunu belə izah etdilər ki, enerji sektoru rentabelsiz işləyir və enerji daşıyıcılarının qiymətini qaldıranda elə bu hökumətin başbilənləri deyirdilər ki, enerji sektoruna külli miqdarda vəsait gələcək. Bu vəsaitdə də enerji sektorunun islahatına tətbiq olunacaq. Indi görün, bunlar vəsaiti o qədər səmərəsiz xərcləyirlər ki, hazırda 4 milyard dollar vəsaitə ehtiyac duyurlar”.
N.Əliyevin fikrincə, bütün iqtisadiyyatda maliyyə vəsaitlərindən düzgün istifadə olunmaması üzündən ciddi problem yaranıb. N.Əliyevin sözlərinə görə, bu sahələrdə rüşvət və korrupsiya maraqları o qədər böyüyüb ki, orada nəyəsə nail olmaq mümkün deyil. “Bu əslində çox ciddi anons da ola bilər. Belə çıxır ki, yaxın zamanlarda energetika sektoru çökəcəkdir”, deyə N.Əliyev bildirdi. Vəziyyətdən çıxış yoluna gəlincə isə, ekspert hesab edir ki, energetika sektorunun qarşılıqlı borclarına baxmaq və onları qarşılıqlı dərəcədə ləğv etmək gərəkdir.
Xəyal